Serial və filmlərdə ləhcə problemi

Şeyx Əbdül Mahmudbəyov: “Hamı kinoda  öz istədiyi kimi danışsa, onda aləm bir-birinə qarışar”; Aygün Aslanlı: “Danışsınlar da ləhcə ilə, nə olacaq ki?”

Son illərdə ölkəmizdə çoxlu sayda serial və filmlər çəkilməyə başlayıb. Təqdim olunan film və ya seriallar geniş tamaşaçı kütləsi toplaya bilməsə də, aralarında baxımlı olanı da var. Tamaşaçıların isə daha çox şikayəti film və ya seriallarda konkret süjet xəttinin olmaması, əksər aktyorların obrazını canlı təqdim edə bilməməsidir. Digər şikayət və qıcıq doğuran məqamlardan biri isə filmlərdə və xüsusən də seriallardakı ləhcə problemi ilə bağlıdır. Aktyorlar bəzən elə tərzdə danışırlar ki, sanki küçədə kiminləsə söhbətləşir, ədəbi dil kimi Bakı ləhcəsindən istifadə edirlər. Əksərən də gənc oyunçuların söhbətlərində tez-tez “gələcey”, “gedecey”, “atovun evidir?” və sairə sözlərə rast gəlirik. Halbuki seriallarda çox zaman Bakı həyatı təsvir olunmur. Və yaxud bir ailədə bir neçə nəfər elə bir neçə ləhcədə danışır. Bu isə istər-istəməz qıcıq doğurur, seriala olan maraq azalır.

Mütəxəssislər qeyd edir ki, sovet dövründə film və ya seriallarda ləhcə qəbuledilən deyildi. Aktyorlar əsasən klassik ədəbi, poeziya dilində danışardılar. Lakin həmin dövrdə təkcə kinoda deyil, cəmiyyətin içində də Bakı elitası ağırlıq təşkil edirdi. Hətta bakılı olmayanlar belə Bakı ləhcəsi ilə danışmağa çalışırdı. Eləcə filmlərdə bu ləhcə üstünlük təşkil edirdi. Məsələn, “Yol əhvalatı” filmində bu ləhcəyə tez-tez rast gəlirik. Region ləhcələri isə əsasən “Əjdaha başı” tamaşasından, “Bəxt üzüyü” filmindən gəlməyə başladı. Qeyd etmək lazımdır ki, bu filmlərdə sırf hansısa bölgənin nümayəndələri təsvir olunarkən ləhcələrdən istifadə edilib. Təbii ki, hansısa bölgənin yerli ləhcəsinin təqdim edilməsi həmin filmə daha bir rəng qatıb, tamaşaçıları əyləndirib.

Lakin illər keçdikcə seriallarda, filmlərdə ləhcə məsələsi adiləşməyə başladı.

Elçin Musaoğlunun 2014-cü ildə Qarabağ münaqişəsi haqqında çəkdiyi “Nabat” filmində isə eyni vaxtda müxtəlif ləhcələrə rast gəlirik. Hətta bir məhəllədə yaşayan 3 qadın hərəsi müxtəlif ləhcələrlə danışır. Halbuki filmdə həmin insanların uzun illərdir ki, Qarabağda yaşadığı əks olunur. Hətta baş qəhrəman, qarabağlı Nabat obrazını canlandıran iranlı aktrisa Fatimə Motamed Arya da öz cənublu ləhcəsində danışır. Əməkdaşımız bununla bağlı filmin müəllifi Elçin Musaoğluna sual verərkən, müəllif bildirmişdi ki, film daha çox beynəlxalq festivallar üçün nəzərdə tutulduğundan aktrisanın ləhcə məsələsinə toxunulmayıb.

Bəzən film və seriallardakı ləhcə məsələsinə toxunarkən kinoşünaslar Türkiyədə çəkilən film və serialları müqayisəyə gətirirlər. Bu bir faktdır ki, bu gün Türkiyə serial və filmlərində ayrı-ayrı regionların, xüsusən də Karadəniz, Anadolu ləhcələri tamaşaçı ləhcələri, adət-ənənələri olduğu kimi öz əksini tapır. Lakin qeyd etdiyimiz kimi, bu film və seriallarda bir bölgənin nümayəndəsini, dilini təqdim etmək üçün ləhcələrdən istifadə edilir.

Film və seriallarımızda heç bir ehtiyac olmadan ləhcələrdən istifadə edilməsi nə dərəcədə doğrudur?

Tanınmış kinorejissor, əməkdar incəsənət xadimi Şeyx Əbdül Mahmudbəyov mövzuya bu cür şərh bildirdi:

“Əgər kim deyirsə ki, ehtiyac olmadan ləhcədən istifadə edilə bilər, bu qətiyyən doğru deyil. Kim ağlına nə gəlirsə danışır. Hansısa tənqidçi, kinoşünas deyirsə ki, bu doğrudur, Allah onları haqqa gətirsin.

Dünya  teatr məktəbində və kinosunda bu, qəbul edilən bir şeydir ki, əgər hansısa məqamda bir bölgənin obrazını yaratmağa ehtiyac varsa, yalnız o zaman ləhcədən istifadə edilə bilər. Amma bunun kütləvi şəkildə dilimizə, kinomuza  şamil edilməsi yolverilməzdir. Əgər hamı kinoda  öz istədiyi kimi danışsa, onda aləm bir-birinə qarışar ki. Bəs bizim ədəbi, klassik  poeziya dilimiz, ünsiyyət vasitələrimiz, onlar necə olsun? Biri “gələjəm”, biri “gedacam”, biri “dərdin alem” deyir.

Sovet dövründə daha çox gözəl aktrisamız Nəsibə Zeynalova, Lütfəli Abdullayev, Hacıbaba Bağırov, Bəşir Səfəroğlu və digərləri istifadə edirdi. Lakin onlar da hansısa bölgənin nümayəndəsinin obrazını yaratdığı üçün ləhcələrə müraciət edirdilər.

Akademik Milli Dram Teatrının səhnəsində də bir-iki tamaşanı çıxmaq şərti ilə bu cür hal olmayıb. Yalnız “Toy”, “Almaz” əsərində planlı şəkildə ləhcədən istifadə olunub”.

Mən demirəm ki, ləhcələr pisdir. Sadəcə, bu, buket, bir  vəhdət, klassik mədəniyyət şəklində gözəldir”.

Əməkdar artist, teatr və kino aktyoru Rasim Cəfər də qeyd etdi ki, ləhcələrdən yalnız ehtiyac olduğunda istifadə edilməsi doğrudur:

“Ləhcələrin işlədilməsinin əleyhinə deyiləm. Məsələn, Türkiyə serallarından nümunə götürək. Orada söhbət sırf İstanbuldan gedirsə, bu ləhcədə danışırlar. Əgər planlı şəkildədirsə qəbul ediləndir və normal qarşılanmalıdır. Yox, əgər planlı şəkildə deyilsə, sadəcə, təbii alınsın deyə ləhcə ilə danışılırsa, fikrimcə, az da olsa yanlışlıq var. Nə qədər ləhcə olsa da, dilin etik qaydaları var, onlara riayət etmək lazımdır. Bir daha qeyd edirəm, əgər müəyyən bölgənin, rayonun nümayəndəsini yaratmaq lazımdısa, personajın açılması üçün və sairə, ləhcədən istifadə edilməsinin əleyhinə deyiləm.

Məsələn, ötən il “Məryəm” serialı çəkiləndə konkret qadağa qoymuşdum ki, rus dilindəki sözlərdən, xüsusən də “papa” “mama” kəlmələrindən istifadə edilməsin. Sübut etməyə çalışmışdım ki, “papa-mama” deməkdənsə, “ana-ata” deməklə də təbii danışmaq olar. Aktyor ləhcəyə qaçmamaq şərti ilə öz dilində normal, təbii danışmağı bacarmalıdır”.

Gənc kinoşünas Aygün Aslanlı isə mövzuya fərqli münasibət bildirdi:

Related image

“Şəxsən mənim baxdığım serialların hamısında hamı Bakı ləhcəsi ilə danışmır. Məsələn, ”Vicdan haqqı” serialında iştirak edən aktyorlar Gəncə Dövlət Dram Teatrının aktyorlarıdır. Bildiyim qədəri ilə rejissor Rövşən İsaxın özü təbiiliyi qoruyub saxlamaq, tamaşaçılar personajları təbii qəbul etsin deyə aktyorlara icazə verib ki, öz ləhcələrində danışsınlar. Və yaxud “Məryəm” serialında Lənkəran  bölgəsinin aktyorları çəkilirdi və Lənkəran ləhcəsi ilə danışırdılar. Fikrimcə, biz əsas məsələni qoyub, axmaq detalları axtarırıq.  Danışsınlar da ləhcə ilə, nə olacaq ki? Türkiyə seriallarında da belədir. Bildiyim qədər o seriallarda konkret bölgə təyinatı qoyulmur və qəhrəmanlar öz təbii danışıqları necədirsə, o cür danışırlar. Hələ ki ləhcəyə görə qıcıqlanan  tamaşaçı görməmişəm.

Ümumiyyətlə isə serialın məqsədi odur ki, tamaşaçı ona baxsın, oradakını bəyənsin, ekrandan ayrılmasın. Reklamçılar da görsün ki, seriala baxış çoxdur və çoxlu reklam versin və pul gətirsin”.

Share: