2018-ci ildən etibarən təhsil qanunvericiliyinə “sertifikatlaşdırma” anlayışı daxil edilib. Bu alətin məqsədi müəllimlərin fasiləsiz inkişafının təmin olunması üçün onların peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi və ehtiyaclarının müəyyən edilməsidir.
Təbii ki, sertifikatlaşdırmadan keçən müəllimlər tədris prosesində daha üstün səriştə və bacarıq sərgiləyirlər. Nəticədə onlar tədris sahəsində mövcud olan yeni müsbət təcrübələri mənimsəyir, öz ehtiyaclarına uyğun olaraq, peşə bilikləri və bacarıqlarını artırmaq imkanlarından faydalanırlar.
Bu isə təhsilverənlər arasında özünüinkişafı stimullaşdıran münbit mühit yaradır. Bütün bu faktorlar tədrisin keyfiyyətini artırır və şagird nəticələrinin yaxşılaşmasına səbəb olur.
Eyni zamanda, sertifikatlaşdırmadan keçmiş müəllimlərə valideynlər daha çox inam bəsləyirlər. Təcrübə və müşahidələr göstərir ki, şagirdlərin məktəbə qəbulu prosesində valideynlər seçim zamanı qiymətləndirmə nəticəsi yüksək olan müəllimlərə üstünlük verirlər. Sertifikatlaşma həm də yaxşı müəllim olmanın təsdiqidir.
Bu imtahan nəticəsində müəllimlərin peşəkarlıq səviyyəsi yoxlanılarkən onların təlim ehtiyacları müəyyən edilir. Həmçinin, müəllim peşəkarlığının başlanğıc səviyyəsi müəyyən edilməklə sertifikatlaşdırma nəticələri əsasında müəllimlərin peşə standartlarının səviyyələri təsbit olunub.
İlkin nəticələrə əsasən, hazırlanmış ixtisasartırma proqramı üzrə üç min nəfərə yaxın təhsilverən təlimlərə cəlb olunub.
Qeyd edək ki, Azərbaycanda “2022-26-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın strateji hədəflərindən biri müəllimlərin sertifikasiya prosesinə cəlb edilməsidir ki, ötən il 11 mindən çox müəllim sertifikatlaşdırma imtahanından keçib.
Onlardan 80 faizi (8 843 nəfər) keçid balını toplayıb. Sertifikatlaşdırmadan keçmiş 3 163 müəllim vəzifə maaşına 35 faiz əlavə, 5 624 müəllim isə 10 faiz əlavə alıb.
Xatırladaq ki, müəllimlərin işə qəbulu imtahanı ilə əmək fəaliyyətinə başlayanların hamısı sertifikatlaşdırmada uğur qazanıb. Bu bir daha müəllimlərin işə qəbulu prosesinin təhsil sistemimiz üçün uğurlu yanaşma olduğunu göstərir.
Eyni zamanda, müəllimlərin sertifikatlaşdırma nəticələrinin gələcəkdə məktəb direktoru və müavini seçimində, o cümlədən qeyri-maddi rəğbətləndirilmə prosesində istifadə olunması nəzərdə tutulur.
İlhamə Əbülfət