Müstəqil.Az-ın “Xatirə dəftəri” layihəsinin budəfəki qonağı tanınmış yazar və tərcüməçi İmir Məmmədlidir.
Balıq suda darıxmaz
– İmir müəllim, əvvəlcə ondan başlayaq ki, İctimai Televiziyadakı işiniz yaradıcılığınıza necə təsir göstərir: müsbət, yoxsa mənfi?
– Əlbəttə, müsbət. Radionun Ədəbiyyat və incəsənət xerilişləri departamentinə başçılıq edirəm. Həmin departamentin xüsusiyyəti isə elədir ki, işimiz yalnız ədəbiyyat və incəsənət sahəsində çalışan adamlarla olur, yəni bilavasitə mənim həmkarlarımla. Bu isə onlarla gündəlik ünsiyyətdə olmaq deməkdir. Bir yazıçıya bundan başqa nə lazımdır? Verilişlərə dəvət etdiyimiz şair, nasir, rejissor və aktyorlarla mütəmadi olaraq görüşürük və həmin sahələrdəki yeniliklər barədə danışaraq fikir mübadiləsi aparırıq.
– Demək istəyirəm ki, radio və TV vaxtınızı alıb, bəzən sizin yaradıcılığınızı arxa plana salmır ki?
– Elə radioda gördüyümüz işin özü də, efirə verdiyimiz verilişlər də yaradıcılıqdır, ələlxüsus da nəzərə alsaq ki, söhbət ədəbiyyat və incəsənət aləmindən gedir. Məlum məsələdir ki, balıq suda darıxmaz, sudan ayrı isə yaşaya bilməz. Bədii yaradıcılığımla şəxsi həyatımdan vaxt ayırıb məşğul oluram. Təki oxunmalı mövzu olsun, onu yazmağa vaxt tapılar.
– İmir müəllim, siz həm də tərcüməçisiniz. Çoxlu sayda bədii əsərlər və eyni zamanda siyasi mətnlər tərcümə edibsiniz, hansına daha çox ürəklə başlamısınız?
– Əsərin üzərində işlədiyim zaman hər iki növ tərcüməyə ürəklə başlamışam. Əsərə münasibətimdən asılı olmayaraq, istəmişəm, əlimdən çıxan iş təmiz çıxsın. Bir şeyin ki altında mənim imzam olacaq, istər orijinal əsərim olsun, istər tərcümə – niyə də təmiz olmasın?
Gürcülər özləri barədə yüksək fikirdədir
– Azərbaycan-Gürcüstan arasında müxtəlif zamanlarda müxtəlif münasibətlər yaşanıb. Çox vaxt, elə indinin özündə də gürcülər özlərini azərbaycanlılardan yuxarıda tutmağa cəhd edib. Siz dövlət məmuru olmusunuz. Necə mübarizə aparırdınız, yaxud münasibətləri qurmaq üçün nə işlər görürdünüz?
– Sözün düzü, gürcülərin özlərini bizdən yuxarıda aparmağa cəhd etdiklərini açıq şəkildə hiss etməmişəm. Ümumiyyətlə, belə götürəndə gürcü xalqı özü barədə yüksək fikirdə olan xalqlardandır. Güman ki, bu, nəyəsə əsaslanır. Mən deyə bilmərəm, bəlkə də bu onların qədim dövlətçilik ənənələrini milli şüur səviyyəsində dərk etmələrindən qaynaqlanır, bəlkə də monolit bir millət kimi özünüdərkdən irəli gəlir, bəlkə də başqa əsas var. Bütün hallarda bu xalq öz soyu barədə yüksək fikirdədir və ona böyük rəğbət hissi bəsləyir. Biz onlara deyə bilmərik ki, özünüz barədə belə fikirdə olmayın. Biz də yuxarıdan baxa bilərik, yeri gələndə baxırıq da. Bu hüququ heç kəs heç kəsin əlindən ala bilməz. Konkret bizə olan münasibətə gəldikdə isə deməliyəm ki, biz qonşu xalqıq, vahid region təmsilçiləri olaraq bir-birimizə lazımıq, xüsusən də yaranmış vəziyyətdə. Bizim orada çoxlu dostlarımız var, onların da burda. Qarşılıqlı münasibətdə bir-birimizin dilini, mədəniyyətini bilmək də böyük rol oynayır. Düşünürəm ki, Gürcüstanda yaşayan azərbaycanlı da, Azərbaycanda yaşayan gürcü də yaşadığı və vətəndaşı olduğu dövlətin dilini bilməlidir. Hələ vətəndaş borcunu demirəm, ilk növbədə özünə görə bilməlidir ki, yaşadığı dövlətdə cərəyan edən bütün proseslərdən hali olsun; bilməlidir ki, dövlət strukturlarında təmsil oluna bilsin. Əlbəttə, həmin proses öz ana dilini unutmamaq şərti ilə baş verməlidir. Son zamanlar, baxıram, Gürcüstandakı soydaşlarımız, xüsusən də yeni nəsil dövlət dilində sərrast danışır. Bu isə öz növbəsində yeni münasibətlərə, qarşılıqlı anlaşmalara və yeni-yeni dostluq tellərinin yaranmasına gətirib çıxaracaq, ən azından, insan öz adi vətəndaş hüququnu təmin etməkdə çətinlik çəkməyəcək.
– Siz Eduard Şevardnadze ilə…
– Mən Şevardnadzenin aparatında işlədiyim illərdə çalışırdıq ki, yeni şəraitdə yeni münasibətlər düzgün qurulsun. Bu barədə çox danışmaq olar, amma qısaca olaraq deyim ki, həmin dövrdə Gürcüstan parlamentində başqa illərlə müqayisədə daha çox nümayəndə ilə təmsil olunmuşduq, gürcü ziyalıları ilə müxtəlif xarakterli görüşlər keçirirdik, Tiflis Dövlət Filarmoniyasında, nüfuzlu teatrların zallarında və həmin dövrdə fəaliyyətə başlayan Azərbaycan Mədəniyyət Mərkəzində mütəmadi olaraq Bakıdan gələn məşhur sənətkarların, şair və yazıçıların iştirakı ilə Azərbaycan klassiklərinin yubileylərini, mədəniyyət günlərini və müxtəlif səpkili görüşlərini təşkil edirdik. Belə tədbirlərin bəzilərində Gürcüstanın o zamankı prezidenti Eduard Şevardnadze və Gürcüstan hökumətinin, parlamentinin yüksək vəzifəli şəxsləri də iştirak edirdilər. Bir dəfə belə tədbirlərin birində mən Şevardnadzedən iştirak etməsini xahiş edəndə, dedi, mütləq gələcəyəm, bu, sənin soydaşlarının özlərini müstəqil Gürcüstanın tam səlahiyyətli vətəndaş kimi dərk etmələrinə lazımdır. Həmin tədbirə gəldi də, iştirak etdi də, hətta çıxış edib tədbir iştirakçılarını salamladı da. Təsəvvür edin ki, Eduard Şevardnadze istefaya getdikdən sonra da biz onu tədbirlərimizə dəvət edirdik, o da dəvətimizi böyük məmnuniyyət hissi ilə qəbul edirdi. Yeri gəlmişkən deyim ki, Şevardnadze istefaya gedəndən sonra da mən onunla əlaqələrimi kəsmədim. Bakıya gələndə də onun xeyir-duasını alıb gəldim. Bura gələndən sonra da bayramlarda zəng edib təbrik edərdim. 80 illiyində yenə telefon açıb təbrik eləmək istəyəndə, dedi, belə bir günümdə səni burada – yanımda görmək istəyirəm. Təbii ki, mən gedib, onu öz evində təbrik etdim. Tədbirdə gördüm ki, özünə dost bildiyi yazıçıları, incəsənət xadimlərini dəvət edib. O tədbirdə həm köhnə iqtidardan, həm də təzə iqtidardan nümayəndələr iştirak edirdi.
Şevardnadze Heydər Əliyevi siyasət aləmində…
– Siyasi cəhətdən yüklü olsa da, soruşmaq istəyirəm, Şevardnadze daha çox azərbaycanlıların dostu idi, yoxsa Saakaşvili?
– Əvvəla oradan başlayaq ki, Şevardnadze ulu öndər Heydər Əliyevin yaxın dostu və silahdaşı idi. Bu da biz azərbaycanlılara münasibətdə çox şeyi əvvəlcədən müəyyən edirdi. Şevardnadze söhbət zamanı dəfələrlə vurğulayıb ki, Heydər Əliyevi siyasət aləmində özünə örnək bilib. O deyərdi, çətin anlarımda həmişə Heydər Əliyevdən məsləhət alardım. Mənə belə gəlir ki, bu iki böyük şəxsiyyətin qarşılıqlı münasibəti və Şevardnadzenin ulu öndərə olan rəğbəti, Şevardnadzenin bütün azərbaycanlılara münasibətinin formalaşmasında son dərəcə böyük rol oynamışdı. Saakaşvilinin bizə münasibəti barədə bir şey deyə bilmərəm, təəssüf ki, mən onun dövrünü yaxşı tanımıram, çünki Şevardnadze qədər yaxından müşahidə etməmişəm. Bu iki gürcü prezidentini şəxsi münasibətlərdən kənar, qlobal miqyasda nəzərdən keçirsək, güman ki, deməliyik, həm Şevardnadze, həm də Saakaşvili Gürcüstana, Gürcüstanın siyasi ana xəttinə daha dost idi.
– Söz-söhbət gəzir, təsdiqini tapmış olaylar da baş verib ki, Heydər Əliyevə qarşı sui-qəsd planları olub və planların zərərsizləşdirilməsini siz də müşahidə etmisiniz. Əgər mümkünsə, belə hadisələrdən bir neçəsini nəql edərdiniz.
– İnanın, bu barədə mənim məlumatım çox azdır.
– Gürcü-Azərbaycan ədəbi əlaqələrinin intensiv olması üçün hansı tərəfin istəyi daha çoxdur?
– Mənə elə gəlir ki, hər iki tərəfin istəyi çoxdur. Ədəbi əlaqələrin inkişafında əsasən müəlliflər maraqlı olurlar. Təbii, müəllif istəyir, onun əsəri başqa dillərdə də çıxsın. Gürcüstanda ikinci ildir ki, gürcü kitabının təbliğinə dəstək mərkəzi fəaliyyət göstərir. Həmin mərkəz ayrı-ayrı ölkələrdə gürcü ədəbiyyatının tərcümə edilməsinə və təbliğatına maddi dəstək verir. Mən biləni, bu işə azərbaycanlı mütərcimlər və nəşriyyatlar da qoşulub, gürcü tərəfi milli ədəbiyyatı təbliğ etmək üçün bizimkilərə də sifarış verir. Bu da heç şübhəsiz, onun göstəricisidir ki, onlar ədəbi əlaqələrimizin intensivləşməsində maraqlıdır. Aksiomadır ki, istənilən millət özünü başqa millətə tanıtmaq istəyirsə, ilk növbədə öz ədəbiyyatı ilə, intellektinin məhsulu ilə tanıda bilər.
Türkdilli millətlərin içərisində ən savadlısı bizik
– Hazırda kimləri tərcümə edirsiniz və bu tərcümələr sizin öz seçiminizdir, yoxsa qarşı tərəfin sizə müraciətidir?
– Son zamanlar tərcümə işi ilə çox nadir hallarda məşğul oluram. Bu da vaxt qıtlığındandır. Tərcümə ağır zəhmət tələb edən və çox vaxt aparan məşğuliyyətdir. Hərdən gözəl əsərlə rastlaşıram, istəyirəm tərcümə edim, amma macal tapmıram. Sualınızın ikinci hissəsinə gəldikdə isə deyim ki, öz istəyimlə də tərcümə etmişəm, qarşı tərəfin müraciəti ilə də. Məsələn, Azərbaycan şairlərindən Nüsrət Kəsəmənlinin, Vaqif Səmədoğlunun kitablarını öz istəyimlə tərcümə etmişəm, istəmişəm gürcü oxucusu oxusun, müasir şeirin bizdəki səviyyəsini görsün. Doğrudan da, nəticədə gürcü tənqidçilərinin gözəl əks-sədasının şahidi olmuşam. Yeri gəlmişkən, Yunis Əmrənin kitabını da, gürcü oxucusuna türk poetik düşüncəsinin fəlsəfi alt qatlarını təqdim etmək niyyəti ilə oradakı ədəbi aləmə bir ərməğan olaraq öz istəyimlə təqdim etmişəm.
Gürcü ədəbiyyatının parlaq klassiki Şota Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” poemasını bilavasitə orijinaldan Azərbaycan dilinə dövlət sifarişi ilə tərcümə etmişəm. Həmin əsərin orijinaldan tərcüməsi Heydər Əliyevin təşəbbüsü və Azərbaycan Mədəniyyət Nazirliyinin Dövlət sifarişi ilə baş tutdu. Sözügedən poema mənim tərcüməmə qədər dilimizə iki dəfə – əvvəlcə Əhməd Cavad, daha sonra Səməd Vurğun, Süleyman Rüstəm və Məmməd Rahim üçlüyü tərəfindən tərcümə edilmişdi. Amma hər iki tərcümə üçüncü dil – rus dili vasitəsi ilə gerçəkləşmişdi. Belə hallarda orijinaldan tərcüməyə həmişə ehtiyac qalır. Həm də hər iki tərcümə sovet dönəmində olduğu üçün sovet ideologiyasına uyğun olaraq orijinaldakı Novruz bayramı, islam dini ilə əlaqəli yerlər rus tərcümə variantına uyğun olaraq ixtisar edilmişdi. Yeni tərcümədə bunlar öz əksini tapdı. Ruslar orijinala daha da yaxınlaşmaq məqsədi ilə həmin əsəri dörd dəfə, fransızlarsa üç dəfə tərcümə ediblər. Belə ki, bizim dilimizə də orijinaldan tərcüməyə ehtiyac duyulduğu üçün üçüncü dəfə tərcüməyə rəvac verildi.
– İmir müəllim, bəs tərcümə ilə dolanışıq qurmaq mümkünmü?
– Söz bazarının hüdudlarını və imkanlarını hər şeydən öncə kütləvi savad səviyyəsi ilə yanaşı, həm də əhalinin sayı müəyyənləşdirir, çünki oxucunun sayı əhalinin ümumi sayi ilə sıx əlaqədədir. Bəlkə də türkdilli millətlərin içərisində ən savadlısı bizik, ancaq əhalimizin sayı o qədər deyil ki, burada tərcüməçini və yaxud yazıçını dolandıracaq kitab bazarı formalaşsın.
İnkar etmək olmaz ki…
– İmir müəllim, ədəbi fəaliyyətlə, bədii əsər yazmaqla Gürcüstanda yaşayan azərbaycanlıların gününə yanmaq, qeydinə qalmaq olurmu? Yoxsa siyasət mənəviyyatı yaxın buraxmır.
– Məncə, bədii ədəbiyyatın işi belə şeylərin fövqündədir. Ədəbiyyat insan ruhunun xidmətində olmalı, onun fasiləsiz formalaşmasının qeydinə qalmalıdır. Buna başqa cür “sənət sənət üçündür” də deyirlər. Mən “ədəbiyyat əbədiyyət üçün”, – deyərdim. Bədii ədəbiyyat həm də millətin intellektual simasıdır. Siz dediyiniz məsələ, zənnimcə, başqa sahələrə aiddir. Bununla aidiyyəti olan qurumlar məşğul olmalıdırlar və olurlar da. Sivil səviyyədə bu belə olmalıdır. Digər tərəfdən də ədəbiyyat özü də gözəl təbliğat növüdür, inkar etmək olmaz ki, siz nəzərdə tutduğunuz ruhda yazılan ədəbi nümunələr də var. Müəllifin belə hallarda üz tutduğu obyektə nə dərəcədə təsir edib-etmədiyi onun sözünün qüdrətindən, səmimiyyətindən və oxucunun ona inamından asılıdır. Ancaq millətlərarası münasibətlərə aid belə xarakterli əsər yazanda, düşünürəm ki, çox ehtiyatlı olmaq lazımdır. Necə deyərlər, qaş düzəltdiyin yerdə vurub gözünü tökə bilərsən. Yəni camaat öz günü-güzəranı ilə məşğul olduğu bir vaxtda, istənilən xalqın içində mürgü döyən hansısa millətçi qüvvələri qeyri-ixtiyari olaraq qıcıqlandırıb onların üstünə qaldıra bilərsən. Hazırda milli məsələləri tənzimləməyə bilavasitə məsul olan dövlət qurumları var, məncə, sivil münasibət olan yerdə məsələni onların öhdəsinə buraxmalısan. Bədii ədəbiyyat isə ədəbiyyatın olduqca qəliz məsələləri ilə məşğul olsa, daha böyük nailiyyətlər əldə edə bilər.
Faiq Balabəyli
2015.11. 17