Şevçenko ermənipərəst iddiaları darmadağın etdi

Şevçenko ermənipərəst iddiaları darmadağın etdi

Müstəqil.Az tanınmış rus jurnalist və analitik Maksim Şevçenkonun “EXO Moskvı” radiosuna verdiyi müsahibəni təqdim edir:

– Qarabağ ərazisi Azərbaycan hakimiyyətinin nəzarəti altındadır. Sizcə, bu proses necə gedir? Bunları izləmək sizin üçün nə qədər ağrılıdır və ya əksinə?

– Sualınızı başa düşmürəm, niyə ağrılı?

– Orada mədəni dəyərlərin məhvinə dair video…

– Qarabağdakı mədəni dəyərlər azərbaycanlılar tərəfindən məhv edilmir. Ermənilər meşələri qırır və evləri yandırır. Azərbaycanlılar heç bir mədəni dəyərləri məhv etmir. Azərbaycanlılar Cəbrayıl və başqa yerlərə gəldikdə, orada dağıdılmış, təhqir olunmuş qəbiristanlıqlar, içində donuz saxlanan məscidlər və bu kimi digər faktlarla qarşılaşır.

Üstəlik, müharibə bitib, indi bu barədə danışmağın nə anlamı var? Bəllidir ki, bu müharibənin davam etməsini istəyən var. Şəxsən mən Qarabağ ərazisindəki bütün mədəni xristian obyektlərinin Azərbaycan tərəfindən qorunacağını deyən İlham Əliyevə inanıram.

– Yəni sizə elə gəlir ki, kilsələrin təhqir olunduğunu göstərən bütün bu videolar saxtadır?

– Mən anlaşılmayan, bilinməyən mənbələri olan videolara münasibət bildirmirəm. Sadəcə başa düşə bilmirəm, azərbaycanlılar kilsələri necə və niyə təhqir etsinlər? Və tam olaraq bunu harada edirlər? Azərbaycanlılar kəndlərə gəlir, ata-babalarının yatdıqları qəbirlərin alt-üst olduğunu, qəbir daşlarının sındırıldığını görürlər. Niyə bu videoları xatırlamırsınız?

– Yəni kilsələrin bu təhqirinə cavab olaraq, bu, təbii bir reaksiyadır…

– Kilsələrin hər hansı bir təhqirindən xəbərim yoxdur. Bunu elə təsvir edirsiniz ki, guya azərbaycanlılar kilsələri təhqir etmək üçün gəlir. Bu, doğru deyil!

Bəs erməni vandalizmi nəticəsində zərər görmüş Azərbaycanın mədəni abidələrinin, məscidlərin, müsəlman qəbiristanlıqlarının təhqir olunması?

Onların (ermənilərin – red.) Zəngilan, Cəbrayıl, Füzuli və s. ərazilərdə törətdikləri vəhşiliklər necə?

SSRİ xalq artisti Bülbülün Şuşadakı evi və abidəsinə nələr edilib… Videonu görməmisiniz? Bu, Ermənistandakı erməni icması tərəfindən müzakirə olunurmu?

– Aydın məsələdir ki, nə Ermənistan, nə də Azərbaycan bunu araşdıracaq…

– İnanıram ki, Azərbaycan kilsələrin təhqir olunmasını araşdıracaq. Hətta əminəm. Çünki İlham Əliyev açıq şəkildə Qarabağ ərazisindəki xristian abidələrini qoruyacağını bəyan edib. Buna görə də belə faktlar yaranarsa, Azərbaycan Prokurorluğunun xristian kilsəsinin alçaldılması və ya məhvi ilə bağlı cinayət işi açacağına əminəm. Bənzər faktlar Ermənistan tərəfində olacaqmı? Sözün düzü, şübhə edirəm!

Xədicə NƏBİYEVA

Share: