“Sevda dolu misraları qoşmaqdadı könlüm…”- Zaur Rəxşan

Müstəqil.az  gənc yazar Zaur Rəxşanın  yeni şeirlərini təqdim edir:

 

               Uca bayraq

 

 

Dinlə, göyü ağuşuna almış uca bayraq,

Eşqinlə qürur etmədədir bu ulu torpaq.

Yoxdur elə üç rəng ola səndən daha parlaq,

Bağlanmışıq öz varlığımızla sənə ancaq.

 

Uğrunda sənin həm yaşarıq, həm ölərik biz,

Göz qırpmayaraq can verərik, can dilərik biz.

Meydanda şəhid olmağı bir borc bilərik biz,

Mərdik, ölümü qarşılayarkən gülərik biz.

 

Tarix boyu biz Türklərə basqınlar olubdur,

Daim bizi məhf etməyə hiylə qurulubdur.

Yurdu qoruyan sinəmiz oxlarla dolubdur,

Sonda bu vətəndən yenə düşmən qovulubdur.

 

Sən dalğalan ey bayrağım, aləmlər oyansın,

Dünya sənin hüsnündəki üç rəngə boyansın.

Nankorluq edənlər qoy alışsın, elə yansın,

Qorxub qəzəbindən yağı düşmən də dayansın.

 

Olsun adın artıq göy üzündə yayılan səs,

Çöksün yerə qarşında baş əysin sənin hər kəs.

Dörd bir yana şiddətli küləklər kimi bərk əs,

Bilsin bütün aləm səni dünyadə müqəddəs.

 

 

 

 

 

 

 

 

 

 

 

 

*   *   *

 

 

 

Hiddətli dənizlər kimi coşmaqdadı könlüm,

Coşduqca xəyalımla qarışmaqdadı könlüm.

 

Ilham pərisi fəth eləmiş ruhumu sanki,

Sevda dolu misraları qoşmaqdadı könlüm.

 

Həsrətdən axan göz yaşım ovcumda yığılmış,

Yox çarəsi, bəxtimlə barışmaqdadı könlüm.

 

Nitqimdə vəfa kəlməsi sönməz oda bənzər,

Bir adi qığılcımdan alışmaqdadı könlüm.

 

Yox qorxusu, dərdlər məni məhf etsə də dönməm,

Vəslim üçün hicranla savaşmaqdadı könlüm.

 

Məhbusu olub xatirələr güzgüsü cəngin,

Yetmək üçün imdadə çalışmaqdadı könlüm.

 

Rəxşan, hədəfimdir zamanın əksinə getmək,

Hər gün bu saatlarla yarışmaqdadı könlüm.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

* * *

 

 

 

Dünya qapısından keçərək getməyə gəldim,

Öz sevgilimin vəslinə mən yetməyə gəldim.

 

Həm faniliyin pərdəsin açmaqla gözümdən,

Bu varlığı yox, yoxluğu dərk etməyə gəldim.

 

Yalnış saatın sürətin artırmağım ilə,

Doğru zaman içrə yox olub itməyə gəldim.

 

Qalibliyin uğrunda, həvəslə yarışınca,

Cismani olan hisslərimi, ötməyə gəldim.

 

Rəxşan, yaşamaq adlı kitabı oxuyarkən,

Ömrün sətirində son olub bitməyə gəldim.

 

 

Müstəqil.Az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

* * *

 

 

 

Sənsizlik içində keçən ömrüm hədər oldu,

Çünki zamana bağlı saatlar kədər oldu.

 

Qəhr içrə boğulduqca boğuldum, mənim üçün,

Hicran acısı hər cür ölümdən betər oldu.

 

Bilsən, nə əzablar yaşadım sən gedən andan,

Çəkdiklərimin şahidi yalnız Xəzər oldu.

 

Andım səni gah rəsmidə, gah xatirələrdə,

Yazıq bu könül sızlayaraq bir təhər oldu.

 

Bilməm niyə bu ayrılığın olduq əsiri,

Yoxsa, gözə gəldik arada bəd nəzər oldu.

 

Ruhum nə qədər istədi çıxsın bədənimdən,

Sənlə görüşə gəlməyə, dünya çəpər oldu.

 

Ey fani həyatın mənə bəxş etdiyi taleh

Zalimliyi saxla, daha bəsdir yetər oldu.

 

Ölmək necə xoş, istəmirəm böylə həyatı,

Tənha yaşamaqla mənə xoş gün məgər oldu?

 

Artıq gözümün yaşı da Rəxşan, qana dönmüş,

Həsrət mənə yoldaş olalı gör nələr oldu.

 

 

 

 

 

 

 

 

 

*   *   *

 

 

 

Çoxdandı mənə yar, səni görmək nəsib olmur,

Taleh üzümə gülməyir, heç cür nəcib olmur.

 

Qəddarcasına incidir hər gün məni hicran,

Sinəm yaralıykən mənə vəslin təbib olmur.

 

Daim yaş axan gözlərə, yadlaşsa da hər şey

Tək sənli olan xatirələrdir qərib olmur.

 

Dünya yaradan eşqimə, dardır bütün aləm,

Ondan bədənim ruhuma heç cür qəlib olmur.

 

Şükr eylə ki, Rəxşan sənə Allah təbi vermiş,

Bil qədrini, hər aşiq olan da ədib olmur.

 

 

 

 

 

 

 

 

 

 

 

Share: