Rusiyanın NTV kanalındakı bəzi kriminal xarakterli filmlər istisna olmaqla, seriallara demək olar ki, baxmıram. Bizim tele-seriallara isə arada ona görə baxıram ki, əksəriyyətinin ssenari müəllifləri dost-tanışdır. Doğrusu, həmin filmlərə yalandan göz atıram ki, görüşəndə deməyə bir sözüm olsun. Bu saxtakarlıq deyil, dost qəlbi qırmamaqır. Onsuz da ssenarisi gözəl olan seriallarımız var ki, rejissor işi, aktyor oyunu, loru dillə desək, qoz qabığı…
Qoz qabığı demişkən, elə indicə qoz mürəbbəsi ilə çay içmişəm. Saat 5-ə işləyib, evdə oyaq təkcə mənəm, sözsüz ki, çayımı da özüm dəmləyib içməliydim…
Seriallardan bəhs etmək istəyirdim, axı. Demək bu “Möhtəşəm yüz il”i çox möhtəşəm çəkiblər. Həm rejissor işi, həm aktyor oyunu, həm avadanlıq, həm tarixi baxımdan görüntülər yüksək səviyyədədir. Ta bizim rejissorların çəkdikləri tarixi filmlərdəki kimi diqqətsizlik edilməyib. Məsələn, Məlikməmmədin əyninə cins şalvar geyindirmirlər.
Bu film ürəyimcədir, türklər demiş, harika!
“Türklər demiş”, deyincə yadıma ilk dəfə tanış olduğum bir türk düşdü. Gənclik illərində Yuqoslaviyanın Zaqreb şəhərində tanış olmuşdum. Gəmimiz bu ölkənin istehsalı olduğundan əsaslı təmir üçün “anadan olduğu” zavoda aparılmışdı. Göyərtədə qaynaq işi ilə məşğul olan qarayanız gəncdən siqaretimi yandırmaq üçün kibrit istədim. Guya ki, yuqoslav dilində danışırmışam kimi “Spiski yest?”(“spiçka” sözünü özlüyümdə yerli dilə uyğunlaşdırmışdım. Kəndimizdə əsgərlikdən təzə gələn oğlana nənəsi deyib ki, tumanbağına rusca nə deyirlər? Arvadın naqolay sualına cavab verə bilməyən nəvə cavab verib: “Tumannaya bağa”, bax elə).
Bu qarayanız, mənim xorvat bildiyim əbləh də gülərək “spiski yanındakındadır” deyib, gəminin aşpazı Tanyanı göstərdi. Sonra da elektrodla dəmiri döyəcləyib qığılcımlardan “ocaq” çatdı və mən siqaretimi yandırdım. Əda ilə (bəs nə, kapitan gəzməyə gedib, gəminin komandir yüksəklikləri müvəqqəti də olsa, mənim əlimə keçib) siqareti sümürüb, özümü bir daha poliqlot kimi göstərdim: “Xvala!” Yəni, sağ ol. Bu zırramanın cavabı həm təəccübümə, həm də mənim onunla tutaşmama, dalaşmama səbəb oldu. O, yenə də gülümsəyərək mənim “xvala”ma qafiyə ilə cavab vermişdi: “Gəl sırtımı yala!”
Hər ikimizin öz dilində işlətdiyi söyüşlər eyni dildə eyni əzaların səslənməsi ilə davam etdi və birdən bu qaynaqçı, “səni gavur bildim”,- dedi. Mən “gavuru” kafir kimi başa düşdüm. Yadıma rəhmətlik nənəmin sözü düşdü: “Bala kafir deyilsən ki, o mal-qaraya su ver də, dilləri ağızlarında kabab oldu axı”.
Məni gavur bilən türkün adı İbrahim idi. Dostlaşdıq. Evinə də qonaq apardı. Sonra öyrəndim ki, “spiski” sözü də qadın əzalarından birinə deyilirmiş… İbrahim Türkiyədən çox-çox uzaqlarda doğulub böyümüşdü. Dədə-babası da Türkiyənin üzünü görməmişdi. Orada yaşayan türklərin əksəriyyəti Sultan Süleymanın Avropada at oynadan zamanlarından dəstədən “qopub düşənlər imiş”. Dillərini, dinlərini, mədəniyyətlərini unutmamışdılar. İbrahimlə tanışlıqdan sonra türkləri çox istədim.
İndi həmin “Möhtəşəm yüz il”də Sultan Süleyman oğlu Mustafanı öldürtdüyü səhnə heç gözlərimin önündən getmir. Sultan oğluna, təmiz türk olan Mustafaya qıydı. Gavur qızı Xürrəmdən olan oğlu Səlimin xəbəri oldu bundan. Gavur qızından süd əmdiyinə görə abisinin ölümünə sevindi də…
Xoşum gəlmədi türklərdən…
Sultanın yastıq yoldaşı etməzdən qabaq “La ilahə illəllah” dedizdirdiyi gavur qızı nələr etdi… Hökmdarın təmiz türk qızından olan oğlunu öz bətnindən çıxan balasına rəqib gördü, onu şərlətdi və elə atasına da öldürtdü. Sultan bunu etməyə bilərdimi?! Zatən Süleyman da atasını devirib hakimiyyətə gəlmişdi… Ona görə də inandı. Tarix təkrar oluna bilərdi qorxusu vardı Sultan Süleymanın canında.
İlahi, aktyor necə gözəl oynadı o rolu. Aktyor, hökmdarın oğlu tərəfindən xəyanət olunduğunu bilməsi dəhşətini, qəzəbini və ata sevgisini necə təbii göstərə bildi…
Türkləri həm sevdim, həm də acıdım!
“Gavur” sözünə qayıdım. Elə yuxarıda bəhs etdiyim həmin gəmi ilə boğazı keçib Qara dənizə, oradan da Volqa-Don kanalı ilə Xəzərə və Bakıya üzürük. Boğazda türk losman gəlib bizə bələdçilik etməlidir. Lövbərdə dayanmışıq. Türklərin ağ sürət gəmisi yan alır. “Parad trapı” – təmtəraqlı hallar üçün nəzərdə tutulan pilləkən endirilir. Ağ dənizçi uniformasında, yaşıl göz, ağ saqqalı, ağ əlcəklər geyinmiş Losman pilləkənə qalxır. Onun çantasını tutan gənc dənizçi bizim gəminin adını oxuyur: “Kapitan Doqapolv” və losmandan soruşur: “Bu nə demək, əfəndim?!”. Əfəndi çantanı ondan alaraq “Gavur gəmisidir, ad da gavur adıdır”,- deyir. Çantası əlində yuxarı göyərtəyə qalxır. Gənc dənizçi pilləkənə ayaq belə basmır. Bizim gəmi SSRİ-nin ərazisi sayılır və ərazimizə girmək üçün onun icazəsi yoxdur. Göyərtədə prosedur qaydalara görə, qarşılanma mərasimi keçirilir. Milliyətcə rus olan kapitanımız Losmanı salamlayandan sonra heyətin üzvləri ilə tanış edir. Sırada vəzifəyə görə 4-cü və tək azərbaycanlı mənəm. Mənə yaxınlaşnda sakitcə: “Əfəndim, bu gavur gəmisi deyil, Azərbaycanın gəmisidr. “Port propiska” (liman qeydiyyatı) Baküdür”,- dedim. Təmiz, yam-yaşıl gözləri ilə gözlərimin içinə baxdı, sağ əlini ağzına tərəf qaldırdı,- sol əlində çantasını tutmuşdu,- dişləri ilə ağ, təmiz nazik əlcəklərini çıxartdı, sonra mənimlə görüşdü. Sonra çantanı mənə uzatdı, əlcəklərini boşalımış sol əli ilə geyindi, çantasını geri aldı. Gülümsədi və başqa heyət üzvləri ilə görüşdü. Özümə qarşı bir doğmalıq gördüm.
Sevdim türkləri.
2009-cu ilədə Türkiyənin Elazığ şəhərində keçirilən ənənəvi “Xəzər şeir şöləninə” dəvətli idim. Elazığın ilçələrində keçirilən şeirləşmələrdə bəzi türkiyəli şairlərin bizə, Azərbaycan şairinə, şeirinə olan marağa qısqanclıqlarını gördüm, pis oldum. İncidim onlaran. Amma hər şeir oxuyandan sonra yüzlərlə insanın alqışını görəndə yenidən sevindim.