Elçin MİRZƏBƏYLİ
Başını yastıqda bilərsən, kimsə
Altına bir edam kötüyü çəkər…
Ümidin sonuncu mərmiyə qalar –
Sonuncu ümidin tətiyi çəkər.
Ağrıdan çat verər yenə ürəyin –
Yenər ağrıları,
Yenər ürəyin,
Barıt çəlləyinə dönər ürəyin
İçində sevdalar fitili çəkər…
Sıyrılıb ömrünün son baharından,
Bir gün xəzan vurmuş arzularından
Özünü asarsan,
Arzuların da
Ayağın altından kətili çəkər…
Sınar əzabların – sınar dözümün,
Yuyar göz yaşları, yuyar üzünü…
Sevdiyin qadın da yumar gözünü –
Üstünə sevdiyin örtüyü çəkər…
****
Yorğun kirpiklərimdə min illərdi yol gedir –
Gözümdən itməyəcək…
İtməyəcək bu ağrı.
Mən sevda səkisində dayanmışam,
Yol – gedir,
Bu ağrı bitməyəcək,
Bitməyəcək bu ağrı.
…Son bahar izlərimdə neçə çiçək bitəcək,
Bir az tənha, kimsəsiz, bir az ürkək bitəcək,
Bu sevda qan qırmızı – ləçək-ləçək bitəcək
Bu ağrı bitməyəcək,
Bitməyəcək bu ağrı.
Bitəcək göy üzünün niskilli yağışları,
Çarəsiz sevgilərin
ümidsiz göz yaşları…
Bitəcək sinəm üstə
Sevdamın başdaşları…
Bu ağrı bitməyəcək,
Bitməyəcək bu ağrı.
Pərişan saçlarını yolan əllər –
Bitəcək,
Soyuq məzar daşımı qucan tellər –
Bitəcək,
Bitəcək…
Gətirdiyin qərənfillər, bitəcək,
Bu ağrı bitməyəcək,
Bitməyəcək bu ağrı…