“SEVGİ DƏ CƏZAYMIŞ, XİDMƏT DƏ CƏZA …” !!!

“Mən Vətən adına sevinc yazırdım,
Ancaq o, gözümün yaşına döndü…”!!!

Zəruri qeyd:

Bilmirəm, nə qədər uyğun bulunacaq, amma…

… Bu səhifəni,  Yeni dövrdə müstəqil, demokratik mətbuatımızın qaranquşu olan məşhur “Azərbaycan” qəzetinin 30 ilk yubileyi münasibəti ilə Sabir Rüstəmxanlı başda olmaqla “AZƏRBAYCAN”ın yaradıcı heyətinə  təbrik əvəzi hazırladım. Sabir bəyin, içəriyində, bəlkə də bu 30 ilin sevinc və kədər dolu, azadlıq və əsarət arasında çırpınan duyğularını, hiss və həyacanını gizlədən bu kövrək notlarla dolu yazısını, “Azərbaycan”ın yubileyinə hesabatı kimi qəbul etdim mən. Daha kimlər nə cür düşünəcək, nə deyəcəksə artıq…

Xalq Şairinə və “Azərbaycan”çılara sevgi və sayğılarla

Sərdar ƏLİBƏYLİ

————————————————————————————————–

Fb-NİN GÜNDƏMİNDƏN

Gün doğarkən…

Bu gün tezdən, saat 6-da çıxdıq Dənizkənarı bulvara. Hökumət evindən Bayraq meydanına 5 km.-dir. Bu, bizim səhər yürüş normamazdır. Hələ xiyabanlar boşdur. Payızın ilk xəzan yarpaqları ayaq altında çarəsizcə sürüklənir. Göyərçinlər önümüzdə beton yolda dən axtarır, yaxınlaşdığımızı görəndə uçur, lakin çox aralanmadan qarşımızda yenidən yerə enirlər. Oynayırlar bizimlə. Qara qarga şinəsini irəli verə-verə şəstlə addımlayır. “Bu avaraya bax, e” – deyirəm- “məndən dörd dəfə çox yaşayır.” Müşmulanın çiçəklərindən bənövşə ətri yayılır. Birdən dəniz tərəfdən mahnı eşidilir, kimsə oxuyur. Yaxınlaşırıq, ləpələrin döyəclədiyi daş artırmanın üstündə kimsə üzü dənizə və yenicə narıncı rəngə boyanan dan yerinə, oxuyur. Dənizin səsindən sözlerini çətinliklə seçirəm:

“Gel oturak konuşalım, Dizin dizine vursun.

Öyle bir sarışalım Akan dereler dursun…

Aymısan, güneşmisen. Ulduzlara eşmisen,

yaktın kül etdin meni, sevdiyim ateşmisen?

… Oy Fadimem “(Fatiməm)

Hansı sevgi və hansı dərddir onu oxudan? Allah bilir. Sakitcə keçib gedirik… Üfüq qızardıqca rastımıza çıxan adamlar artır. Onların üzü seçilir. Geri dönərkən aralıdan biri məni görüb gülə-gülə yaxınlaşır. Köhnə tanışlardandır. Görüşürük. Üzünü yoldaşıma tutub:

” Xanım, sizin yoldaşınıza mənim çox böyük sayqım var!” 

Sonra məni qucaqlayib ciddi bir şəkildə

“Səni anlamayan azərbaycanlıların yerinə səndən üzr istəyirəm”

– deyir və tez də uzaqlaşır. Ardınca dediyim sözləri eşitdi yəqin:

” Qardaş, hamı məni anlamağa borclu deyil. Mən heç vaxt elə bir iddəada olmamışam…”

Evə dönərkən Günəş üfüqdən boylanmaq üzrəydi…

Sərdar ƏLİBƏYLİ

14.X.2019

P.S. NOTA

——————————————————————————————-

P.S.

YENƏ KƏND YOLUNDA

 

Mən Vətən adına sevinc yazırdım
Ancaq o, gözümün yaşına döndü.
Sevgi də cəzaymış, xidmət də cəza
Yenə kənd yolunda yapayalızam!

Elə bil dünəndi burdan getdiyim,
Çırtladı ömrümü illər tum kimi.
Nə qədər sözüm var çəkdi içinə
Çəkər izimi də millət qum kimi.
Hanı o əyilməz bildiyim ellər
Yoğruldu əslində zülmün mum kimi,
Öndə qəbir qazan, sonda söz yazan
Yenə kənd yolunda yapayalqızam!

Meşə saraldıqca çöllər göyərir,
Saralan da mənəm, yaşıl da mənəm.
Qartalın dönüşü yuvasınadı
Bir bax, o qayalar qaşında mənəm.
Nə olsun bir yolun sonu yetişdi
Yenə bir cığırın başında mənəm.
Yollara can verdim yol aza-aza
Yenə kənd yolunda yapayalqızam!

Share: