SEVGİ ŞEİRİMİZDƏ MEVGİ – Salam Sarvan yazdı

SEVGİ ŞEİRİMİZDƏ MEVGİ – Salam Sarvan yazdı

Ey dil, Azərbaycan şeiri yarandığı dövrdən indiyədək əsasən cananla məşğul. Vay-vaay, şeirimiz bu müddətdə cananın qarşısında nə hoqqalardan çıxmış?!

Əzilib-büzülmüş, ağlayıb-sıtqamış, diz çıkmüş, yerə yıxılıb ağnamış, bir sözlə, hər cürə vəsli-yari-dili-bəzmü-nəvayi-peymanturluqlar etmiş.
Ey əsiri-dami-ğəm, hərçənd minillik sevgi şeirimiz lox və fərasətsiz. O, indiyədək cananı “yoldan çıxara” bilməməkdə. O, hələ də ol sitəmkarın zülmündən dili-bimar vəziyyətdə. O, hələ də “qayıt!” yalvarışlarıyla cananın zəhləsini tökməkdə. Baxmayaraq ki, həmin canan otuz il bundan qabaq çıxıb getmiş və hal-hazırda doqquz uşaq anasıdı.
Ey qaşıxurma, şairlərimiz çox utancaq olduqlarından 300 il ərzində yalnız sevgili-cananın tükləriylə məşğul olmuşlar. Bu 300 ilin 150-si yarın siyah tellərinə, 100-ü hilal qaşlarına, 50-si ox kipriglərinə getmiş.
Ey saçıburma, öz dilləriylə desəm, bu şairlər lap əvvəllər təkcə cananın zülfünün pabəstəsi olublar: “uzun saçlar”, “topuğacan hörüklər”, “pərişan zülflər”… Və bu haqqısab dəbdə dəyişikliklərin baş verməsinədək – cananın öz saçlarını kəsdirməsinədək davam etmiş. Bax da, sevgi şerimizdə “kare saçlar”, “kaskad saçlar”, “şapuçka saçlar” ifadələrinə rast gəlmisənmi?
Ey çəmənpişvaz, hərçənd sevgi şeirimizin tarixi dəhşətli bir şeyi də göstərir: təkcə kişi şairlərimizin qadın cananlarının yox, elə qadın şairlərimizin kişi cananlarının da telləri nədənsə uzun olmuş. Hər halda 19-cu əsr şairəsi Heyran xanımın şeirlərindən belə məlum:
Şanə çəkibən çin-çin elə, sal üzə zülfün,
Qüllab kimi ol ucları rüxsarə qayıtsın.
Ey məhi-tavan, onu deyirdim axı… Məhz canan saçlarını kəsdirəndən sonra şeirə yeni nəfəs gəlmiş, şairlər həmin zamandan başlayaraq onun hilal qaşlarına daraşmışlar. Bundan əlli il sonra isə sürmənin kəşf olunmasıyla şeirdə cananın kiprigi də görünməyə başlamış. Bu da o səbəbdən ki, yar özü şairlərə müjgan oxları atmış, yəni özü “girişmiş”. Və nə sirri-xudadırsa, bu oxlar bir qayda olaraq şairlərin ürəyinə dəymiş.
Hər halda, bütün klassikanı ələk-vələk etməyimə rəğmən, alnının ortasından vurulan bir dənə də şairə rast gəlmədim.
Ey şux, sevgi şeirimizin tükdən ətə keçməsi beyqəfil. Məsələ bu ki, təsadüf nəticəsində klassik şairlərimizdən biri cananın kipriglərindən üç santimetr aşağıda qara bir nöqtə görmüş və məlum olmuş ki, bu, bir xaldır ki, məskən eylədiyi yerə ol güli-rüxsarın yanağı deyirlər.
Ey pərizad, həm də bu keçid çox radikal: pərişan zülfdən birbaş “xırda sümük üstündə qat-qat ətə”!
Ey ayqabaq, beləliklə də sevgi şeirimizin o aycamallının “quzu quyruğu tək nazikü yumşaq” əndamında yeni marşurutu açılmış: lalə yanağdan püstə ağıza və qönçə dodağa, dodaqdan çənəyə, çənədən zənəxdana, zənəxdandan boğaza, boğzdan buxağa ki, çənəynən boğazın arasında yerləşir. Oradan isə birbaş tər sinəyə…
Ey kamanəbru, ümumən, o dövr şairlərimizin gözaltı elədiyi “gəlin”lərin hamısı bir-birinə oxşamış. Onların hamısı alyanaq, hamısı qönçədodaq, hamısının ağzı sədəf, hamısının dişi dürdanədən, hamısının əndamı ağ, hamısının gərdəni mina, hamısının sinəsi mərmər, hamısının gözləri ala, hamısının buxağı tər.
Və nədənsə, bir qayda olaraq hamısının çənəsində çuxur.
Ləbü-ləbü-ləb, ləb-ləbü-ləb… Ey sitəmkar, hərçənd anlamaq çətin: cananın həsrətindən cigəri parə-parə, bağrı qan, didəsi giryan olan, yəni, əğyarın mərdüməzarlığı ucbatından yara qovuşa bilməyən bu şairlər onun dodaqlarının “şəkkər” olduğunu hardan bilmişlər?
Ey mələksima, klassik sevgi şeirimizdə təkcə cananın boyu məsələsində ciddi fikir ayrılığı. Məsələn, Molla Vəli Vidadinin yar zövqü “sərvboylu”, Qasım bəy Zakirinki isə “nə uzun, nə gödək, miyanə gərək”.
Ey sərvinaz, “sərv” deyərkən Cənubda bitən həmişəyaşıl iynəyarpaqlı ağac nəzərdə tutulduğundan, demək mümkün ki, Vidadinin yarının hündürlüyü 20-25 metr arasında, orta boyu bu ölçüyə nisbətdə hesablasaq, Qasım kişininin yarının hündürlüyü isə 15 metr olmuş.
Ey qəmzəxəncər, bunu da buyurum ki, klassik sevgi şeirimizdə gözəllik standartı 90-60-90 olmamış. O şairlərin vəsf elədikləri “meydan sinə, incə bel, nazik ayaq” ölçülərindən çıxış eləsək, təxmini hesablamalarıma görə, onlar üçün gözəllik standartı bu: 130-60-30.
Ey pəriçöhrə, ümumən, klassik sevgi şeirimizin ana xəttində cananın “nazik ayaqlı”, “qulac qollu”, “incə belli” olduğunu nəzərə alsaq, aydın olur ki, o dövr şairlərimizin sevgililəri doydaq quşuna oxşamış.
Ey durnagözlüm, sevgi şeirimizdə quş mərhələsi deyərkən poeziyamızın ümumən heyvanat aləmini qapsaması dövrü nəzərdə tutulmaqda.
Ey bülbülavazlım, bu mərhələdəki sevgi şeirlərinə eləcə əlini gözünün üstünə qoyub ötəri baxmaq bəs eləyər görəsən ki, söhbət ev quşlarından və heyvanlarından yox, yalnız çöl quşlarından və heyvanlarından getməkdə.
Səbəbsə məlum: həmin mərhələnin şairlərinin öz yarlarına qovuşa bilməmələri, cananla bir damın altında yaşamamaları, ailə həyatından nakam olmaları, ol sitəmkarın dərdindən Məcnun olub çöllərə düşmələri.
Ey ceyranyerişlim, məsələn, Afanasi Fet və Fyodor Tütçevin timsalında rusların sevgi şeirində xoruz, cücə və ördək kimi ev quşlarının çoxluğu onların ailəcanlığına işarə.
Bizim nankor şairlərimiz isə iş yeməyə gələndə bəh-bəhlə qaz kababından, cücə soyutmasından tıxmış, iş deməyə gələndə, cəh-cəhlə şeiri qaranquşa, bülbülə, qartala yazmışlar.
Ey zürafəboylum, hərçənd, bu ayrı-seçkiliyi şairlərimizin çöl quşlarına simpatiyasının ayağına yazmaq da haqsızlıq. Ömründə bir göyərçinə dən atmayan bu adamların o quşlara işi düşməsəydi, nə Ahunu çimdikləyər, nə də Simurğu dimkləyərdilər.
Ey, keçiinadlım, məsələn, durnanın hörməti ona görəydi ki, şairi hicran dəmində dideyi-giryan buraxıb getmiş yara ismarıcları yalnız durna qatarıyla yollamaqdaydılar. Hərçənd, yapon poeziyasında bu funksiyanı qazlar yerinə yetirməkdəymiş.
Ey, maralduruşlum, təbii, ədbiyyat tariximizdə o ismarıcların gedib cananın ünvanına çatması barədə bircə dənə də fakt yox. Təbii, mən onların yerinə olsaydım, poçt göyərçinlərindən yararlanardım: məktubu yazıb bağlayırsan göyərçinin qıçına və uçurdursan o əhdəbifəfaya tərəf.
Ey quzubaxışlım, hərçənd, şairlərimiz bu mərhələdə quşların və heyvanların hüquqlarına kobud müdaxilələr də etmişlər. Gah qoca qartalı dağlar qoynunda sorğu-suala tutmuşlar ki, buralarda nə gəzirsən? Gah durna qatarını “qırmızı körpüdə” saxlatdırıb təhqiqat aparmışlar ki, qatarlanıb nə diyardan gəlirsiz, nə diyara gedirsiz, nə məqsədnən gedirsiz? Gah bülbülə mahnı sifariş vermişlər. Gah ceyranın, maralın, quzunun özlərindən icazə almadan hər yoldan ötən yara onların adıynan xitab eləmişlər.
Eləmişlər nədi, hələ də eləməkdədirlər, sevgi şeirimizdə quş mərhələsi hələ də banlamaqda, cikkildəməkdə, qarıldamaqda.
Ey yaşılbaşsonarənglim, bu zülüm yerdə qalmaz, əvvəl-axır heyvanların, quşların babalı tutacaq bunları. Ya əlbir olub bir ayı bir şir ilə ovlayacaq bunları tədbir ilə, ya da bir vaxtlar qələm yerinə işlətdikləri quş lələyi bunlara qənim olacaq. Hələ bu, harasıdı, Allahın göndərdiyi quş qripi, olsa-olsa, balaca bir xəbardarlıq idi.
Ey kəklikötüşlüm və bildirçindadlım, axır-axırda sevgi şeirimizdəki quş mərhələsinin nümayəndələrinə ərklə bir müraciət eləmək istərdim: quşlardan, heyvanlardan əl çəkin, ilham atlarınızın örüşünü hərdənbir dəyişin.
Share: