Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Abşeronda adam öldürməkdə təqsirləndirilən qadının polis əməkdaşı olması ilə bağlı iddialara münasibət bildirib.
Müstəqil.Az-ın BŞBPİ-dən əldə etdiyi məlumatda bildirilib ki, bu iddiaların heç bir əsası yoxdur.
“Polis əməkdaşı olduğu iddia olunan Günel Qasımova 2016-cı ilin yanvar ayında daxili işlər orqanlarından xaric edilib”, – deyə BŞBPİ-dən bildirilib.
Qeyd edək ki, G.Qasımova Abşeron rayonunun Xırdalan şəhərində sevgilisini öldürməkdə təqsirləndirilir.
Hadisə 2018-ci ilin oktyabr ayında parkda baş verib. Xırdalan şəhər sakini, 27-ci məhəllə, ev 2, mənzil 9-da yaşayan, 1979-cu il təvəllüdlü Ramiz Rasim oğlu Hüseynov parkda naməlum şəxs tərəfindən bıçaqlanıb. O, çoxlu qan itirdiyindən hadisə yerində ölüb.
Rayon hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən Qasımova Günel Eldar qızı saxlanılıb.
Onun barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələbetmə, terrorçuluq və ya banditizmlə əlaqədar adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.
G.Qasımovanın cinayət işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baxılır.
Müstəqil.Az