Aparıcı Tarix Əliyev ötən gün dünyasını dəyişən Baloğlan Əşrəfovla bağlı paylaşım edib.
Tolik sosial media hesabında əməkdar artistin gülsüz məzarını paylaşaraq onun məzarından utandığını qeyd edib:
“Baloğlan müəllimin məzarına baxıb çox utandım. Dəfn olunma mərasiminə baxım bir çələng görmədim. Dostlarının 200 azn pulu olmadı ki, bir çələng göndərsin?Ayıb olsun Baloğlana dostum, qardaşım deyənlərə. Məzarının üstünü çüçəklərə qərq edə bilməzdilər?Baloğlan müəllimin xətrini çox istədiyim üçün pis təsir etdi mənə. Fani dünya”.
Müstəqil.Az bildirir ki, Baloğlan Əşrəfovun yaxın dostu, şair Şərafəddin İlkin onun paylaşımına cavab verib.
Həmin cavabı olduğu kimi təqdim edirik:
“Ustadım, dostum Baloğlanın vaxtsız ölümü təkcə mənim deyil, milyonlarla pərəstişkarının kədərinə səbəb oldu. Vəziyyətinin ağırlaşdığını eşidib yaxın dostları – Yusif Mustafayev, Elşad Qarayev, Əflatun Qubadov, Əlikram Bayramov, Raqil İbadullazadə və yuzlərlə insan artıq onunn həyətində idik.
Çox təəssüflər olsun ki, 26 aprel, saat 23 radələrində əziz dostumuz gözlərini əbədi yumdu. Onu “Göy məscid”ə aparıb yuyub kəfənləyəndən sonra dəfn olunmaq üçün doğulduğu Masallı rayonun Bədəlan kənd qəbirstanlığına aparmışıq. Mövcüd vəziyyətlə bağlı qanun çərçivəsində səhər tezdən torpağa tapşırılıb. Bəzi saytlar, televiziya kanalları da dəfndən dərhal sonra xəbərlərlə yanaşı şəkillər paylaşıblar.
Əvvəla, səhər tezdən heç bir xidmət obyekti açıq olmur. İkincisi də dəfn vaxtı heç kəsin yadına əklil düşmür.
Baloğlanın ən yaxın dostlarından biri də mənəm. Onun ölümü mənim üçün nə qədər ağrılı olduğunu yaxınları, məni tanıyanlar yaxşı bilir. O cümlədən Yusif Mustafayev, Elşad Qarayev, Əflatun Qubadov, Əlikram Bayramov, Raqil İbadullazadə üçün də.
Heyfislənirəm ki, bəziləri mövcüd vəziyyəti bilmədən dostları qınayırlar ki, 200 manat tapıb qəbrin üstünə əklil qoymayıblar. Əlbəttə, əl-ayaq yığışandan sonra məzarın üstündə abadlıq işləri aparılmış, əziz dostumuzun adına layiq əklillər qoyulmuşdur.
Bir də dostluq əklillə ölçülmür. Baloğlan Əşrəfovun qınadığınız dostları əvvəldən-axıra kimi onun yanında olublar. Gecəni səhərə qədər heç kim yatmayıb. Bunu ARB televiziyasının axıra kimi yanımızda olan əməkdaşları da təsdiq edərlər.
Qınamaq asandı. Amma reallıq başqadı. Biz dünya boyda şöhrəti olan dostumuzu itirmişik. Ona olan sevgimizin yanında əklil dediyiniz çox ucuz, çox balacadı.
Şərafəddin İlkin,
Şair, prezident təqaüdçüsü”.