Dəyərli yazar Təranə xanım Musayevanın Doğum gününü belə təbrik etmək istədim
“Dünyanın axırıdır” deyiləndə, bunu son zamanlar tez-tez eşidəndə fikirləşirəm, necə yəni? Sevgi yoxa çıxıb? Mənim anlamımca, insana, bəşərə, təbiətə, sevgi yox olanda – öləndə dünyanın sonu olacaq. Onda yaşamağa dəyməz. Nə yaxşı ki, ümid ölmür.
Ancaq deyəsən, dünyanın sonuna az az qalıb, sevgi adiləşib, yavaş – yavaş qeyb olur. Müdriklərdən biri deyib ki, sevgi hətta nanəcib doğulanlara da bir nəciblik verir. İndiki nanəciblərə sevgi də təsir etmir. Onlar anlamırlar ki, “pərvanə ilə şam əsl aşiq-məşuqdurlar. Çünki onlar birgə yanıb, birgə də kül olmağı bacarırlar” (Əfzələddin Xaqani). İndi pərvanə ilə şama kinayə edən biganə gənclər çoxalıb. Belələri özlərinin mənəvi eroziyasınının – sevgi qıtlığının, daşürəkliyinin, mərhəmətsizliyinin, diqqətsizliyinin günahını cəmiyyətin, zamanın, mühitin üstünə atıb özünə haqq qazandırır, rahatlıq tapırlar. “Biz Aydan arıyıq, sudan duruyuq, ağ süddən çıxmış ağ qaşığıq, həndəvərimizdəkilər, yaşadığımız dövr bulaşıqdı” “fəlsəfə”si yıxır sevginin “ev”ini.
Məcnun Leylisinin həsrətini cismən məhv olanacan çəkdi, amma ölmədi, puhu əbədi yaşadı, “Leyli, Leyli!” naləsi həmişə bizimlədir. Nə yaxşı ki, Tanrı Füzuli, Üzeyir bəy kimi dühaları bəxş edib xaqımıza. Bir-birindən az qala dörd yüz il aralı yaşasalar da ruhları birləşib sevgi məbədi – “Leyli və Məcnun”u ucaldıblar.
“Sev ki, sevən mərd olar” oxuyuruq. “Mərd” sözünün içində böyük əxlaq dəyərləri – ilahi sevği, hünər, cəsarət, əqidə, sədaqət, diqqət, mərhəmət, hörmət, qayğı və.s. yaşayır. Mərd Kamillik zirvəsinə yaxınlaşan İnsandır – Anasini Vətənini, torpağını, sevgilisini, qeyrətini, namusunu qoruyandır. Mərdlik “Qırmızı kitab”a düşməsin! Dünyanın sonunun bir əlaməti də bu olar.
Bu günümüzün Qeysləri (onlar Məcnunluq zirvəsinə qalxa bilməzlər) ezamiyyətə gedən rayonda doğum gününü birgə keçirəcəkləri nişanlısını on-on beş dəqiqə gecikdiyinə görə gözləmək istəmirlər, nəinki ömrü boyu. Səbəbini də belə izah edirlər ki, az qala bişmiş toyuğun da gülməyi gəlir: “günortanın qızmarına düşüb istidən əziyyət çəkərəm”. Papalarının gül balaları Cavidlər belə “əzab”a dözməzlər axı. Müdriklərdən biri deyib ki, sevgi hətta nanəcib doğulanlara da bir nəciblik verir. Ancaq unutmayaq ki, qozbeli qəbir də düzəldə bilmir. Belələri necə anlasın ki, “çiçək ətir saçmaq, atəş yandırmaq, qadın xoşbəxt eləmək üçündür” (Q.Qardonya).
Cavid kimdir? Yazar və naşir Təranə Musayevanın “Doğum günü” hekayəsinin “qəhrəman”ı. Cavidlərə qəhrəman deyib bu şərəfli sözü urvatdan salmayaq. Dırnaqarası yazsaq daha düzgün olar.
Maraqlı süjet xətli yığcam hekayəni oxuyanda düşündüm: “ay Vətənimizin yarımçıq doğulmuş övladı, yaxşı-yaxşı düşün, özündə redaktələr et, belə laqeydlik, duyğusuzluq heç vəhşi heyvanlara xas xislət deyil, çox məqamlarda onlar səndən qayğıkeş və diqqətlidirlər”.
Şipşirin hekayələr ustası Təranə xanım həssas bir mətləbə toxunur. Heç məktəb illərində düz -əməlli doğum gününü keçirdiyini xatırlamayan, bunu “öz havasında məhdud imkanlar çərçivəsində yaşayan insanlar üçün izafi xərc” olduğunu anlayan nişanlı qız nişanlısını razı sala bilir ki, ezamiyyətə gedəndə onu da aparsın. Ancaq Cavid “qürurlu kişi” kimi əlli faizlik söz verir: “söz vermirəm, amma çalışaraam səni də aparım”. Bax, budur bu günün aşiqlərinin diqqəti, qayğısı, sədaqəti, sevgisi. Balıqtək soyuqqanlı, daştək duyğusuz ürək. Cavidin sözünə yüz faiz inandığından “içindən Günəş boylanan nişanlı qızın gözlərinə necə yuxu girə bilərdi” ki? Qızın çarpayının altına düşən telefonun zəngini eşitməməsi Cavid üçün göydəndüşmə bəhanə idi. Bəlkə də bu onu sevindirdi. Yuxudan hövlnak oyanmış nişanlısına ona yetişmək üçün beş dəqiqə vaxt şərti bunu düşünməyə əsas verir. Beş dəqiqə “limit”i sevginin yox, nişanlı bəyin duyğusunun kiçiltmə dərəcəsidir. Əgər səhrada Qeys Məcnuna dönməsəydi bu sevgi oyuncağa çevrilər, illər sonra unudulardı. Bəlkə də Təranə xanım və bu düşüncələri incələyən bəndəniz nişanlı qızın ovqatını təsvir edəndə nəyisə unutduq. Çox çətindir bunları qələmə almaq. Ona görə ki, insan bu vəziyyətə düşməsə məsum nişanlı gözəlin əhvalını dərindən anlamaz. Bunu heç kimə arzulamıram.
Nişanlı qız indi neyləməlidir, hansı yolu seçməlidir, Cavidə güvənsinmi?.. Yoxsa…
“Cavid artıq şəhərdən çıxmaq üzrə olduğunu, onu gözləyə bilməyəcəyini, gözləsə yayın cır istisinə düşüb yanacağını üyüdüb tökürdü”.
“Gözləsə yayın cır istisinə düşüb yanacağını” fikirləşən “aşiq”in “sevgi nədir?” cavabı necə olardı, görəsən? Əslində onun cavabını eşitmək əzabını çəkmək istəmirəm. Bu cür bəsit düşüncə sahibinin cavabı kimə lazımdır?
Cavid xislətlilər zəhərli köbələklər kimi artıb-çoxaldıqca sevgi də adiləşir, cılızlaşır. Nişanlısının “nə olar, heç olmasa, maşını aşağı sürətlə sür, sənə çata bilim…” yalvarışı da Cavidin buz bağlamış ürəyini hənirlətmədisə, yumşaltmadısa… Belə anormal məxluqları niyə yaratdın, Tanrı?
Köhnə taksi də sözə baxmadı, vüsal arzularını gerçəkləşdirməyə gücü çatmadı. Bəlkə də nasaz taksi düz elədi. Bilə-bilə elədi. Nə olsun ki, canlı deyil. Gələcəkdə həmişə xoşbəxt olmağa layiq el qızının ərsiz, Vətən övladının atasız qalmaması üçün yolu getməkdən imtina etdi köhnə taksi. Ziyanın yarısından qaytardı brilyant qaşlı nişan üzüyünü barmağında gəzdirən məsum nişanlı qızı.
Pay-piyada ayaqlarına döşənmiş yolla nişanlanmamışdan əvvəlki günlərinə qayıdırdı nişanlı qız. Ata-anasının “izafi xərc”ə görə doğum günü keçirə bilmədiyi o xoşbəxt günlərinə. Yollar Caviddən ürəyiyumşaq və vəfalıydı…
“Bayaqdan on zəngdən birinə cavab verən Cavidin telefonu sönmüşdü”…
Nişanlı qız evdən çıxanda tələsib başqa çantasını götürdüyündən anasının verdiyi pullar o birisi çantada qalmışdı. Olan-qalan pulunu taksi sürücüsünə vermiş, sürücünün qaytardığı əlli qəpik ovcunu ağrıtdığının fərqində deyildi, ürəyinin sızıltıları buna imkan vermirdi. Dünya onun gözlərində alatoran kimi görünürdü. Necə görünməsin? Güvəndiyi dağlara qar yağmamışdı, güvəndiyi dağlar dərin dərələr kimi qaranlığa qərq olmuşdu. Ona görə də “taksi sürücüsünün onu geriyə evlərinə qaytarmaq istəyinə təkidlə qarşı çıxdı”…
…”Və bu an ardınca gələn ayaq səsinin onu təqib etdiyinin fərqinə vardı. Geriyə baxmadan ayaq saxladı. Addım səsləri nəfəsinin duyulacağı yaxınlıqda idi.
-Qızım, nişanlın ilə danışığından başa düşdüm ki, bu gün sənin ad günündü. Ad günündə mütləq hədiyyə olmalıdır. Bunu doğum günü hədiyyəsi olaraq qəbul et, – deyib yaşlı gözlərini onun üzünə dikən mazutlu əlindəki ucuz qələmi əlli qəpik olan ovcuna basıb iti addımlarla uzaqlaşdı. Əlli qəpik və doğum günü hədiyyəsi olan on qəpiklik qələm barmağındakı brilyant qaşlı üzüyü tərpədirdi”.
On qəpiklik qələm nişanlı qızın barmağındakı brilyant qaşlı üzükdən qat-qat qiymətliydi…
VAQİF OSMANOV. May 2020.