
Tanış adam
Oğlum, ölüm xəbərimi uzaqdan eşidəcəksən,
Sağ olsaydım titrəyən dizinə qurban olardım,
Sənə dost olardım, həyan olardım.
Gəlsən özünü maşından gözlə,
Tələsmə
Onsuz da anan hər şeyi düz danışacaq
Mən necə öldüm?
Əvvəl nə dedim, sonra nə?
Əvvəl nə istədim, sonra hansı dərmanı içdim
Anan bilir,
Içməyə macal tapmadığım darman
hələ stolun üstündə durur.
Təcili yardım maşını hələ qapımızdan getməyib
Qonşular qapıda stol qoyub oturub
Biri artıq xatirə danışır haqqımda.
Gəlib görəcəksən üzümdə qara yaylıq,
Sinəmdə güzgü.
Bilirəm çəkəcəksən qara yaylığı
Görünəcək gözünə bir tanış adam üzü.
Oğullar uzağa gedəndə atalar belə ölür, oğlum,
Eynən belə.
Təhlili:
-Valideynlərindən uzaq düşməyə məcbur olanlar da var, sadəcə, onları tərk edənlər də.Taleyi, bəlkə, işi ilə bağlı, ya da hər hansı bir məcburiyyətdən uzaq olan övladadır bu şeir…
Çox təsirli, qəhərə boğan, nəfəsləri tükədən şeirdir…
İlahi, öləndən sonra belə titrək dizinə qurban olardım, Sənə dost, həyan olardım!…
Sevginin müqəddəsi budur, alisi budur!…
Gəlsən, özünü maşından gözlə, tələsmə…
Bir ruhun övladdan nigarançılığı, həyəcanı…
Cənnətdə belə övladının sevgisi ilə çırpınan ATA ürəyi…
Ən təsirli misraları… İçməyə macal tapmadığım dərman hələ stolun üstündə durur…
Amma bu misralara övlad ürəyi tab gətirərmi?!…
Stolun üstündə qalan o dərman, bax o dərman dərdə salar, için-için sızladar sol yanını, yandırar–yaxar …
Övladlara yaxşıca bir dərs şeirdir…
İmkan edək, imkan tapaq, bərk sarılaq sağlığında VALİDEYNLƏRİMİZƏ!
Zaman gözləmir… Sonra peşman olmamaq üçün bu gün özümüzdən hesab soraq, vicdanımıza hesab verək…
VALİDEYNLƏRİMİN QARŞISINDA BAŞ ƏYİRƏM!!!
Sağlıqlı, bərəkətli, uzun ömür və yaradıcılıq uğurları diləyirik, Qəşəm müəllim!
Sevil Azadqızı