Sevil Azadqızının təqdimatında

Sevil Azadqızının təqdimatında

Şamil Ənvəroğlunun yeni şeiri

 

Sevgi də tanıyır öz yuvasını,
Sahibi olduğu ürək başqadır,
“Sevirəm,sevirəm” bağırmaq başqa,
Səssizcə derinden sevmək başqadır.

Gen gündə yanında “varam” bir ayrı,
“Hələ ölməmişəm,sağam” bir ayrı,
“Arxanda yıxılmaz dağam” bir ayrı,
Dar gündə yanında olmaq başqadır.

Özünü çoxbilmiş bilmək çox asan,
Hamıdan ağıllı saymaq çox asan,
“Səni anlayıram” demək çox asan,
O isə qəlbini duymaq başqadır.

Ayaqdan yapışıb dartmaq da varmış,
Şərəfi,qeyreti satmaq da varmış,
Aldatmaq da varmış,atmaq da varmış,
Bir də İNSAN kimi qalmaq başqadır.

“Bu həyat gözəldir” deməyə nə var,
Təkcə şəkillərdə gülməyə nə var,
Şirin xəyalları qurmağa nə var,
Ömrünü YAŞAYA bilmək başqadır.

-Çox səviyyəli şeirdir. Çoxlarının ürəyindən keçirib vərəqlərə tökə bilmədiyi misralardır. Birinci bənddə yaradılan fonetik obrazlılıq-alliterasiya şeirə ayrı bir ahəng qatmışdır. Digər bəndlərdəki qafiyə və rədiflər şeirin bədii gücünü artıran məqamlardır. İnversiya və metaforla başlanan birinci misradan tutmuş təşbeh, təkrir, təzad, epitetin müşayətilə yazılmış sonuncu misraya qədər şeir öz təsir gücünü saxlayır. Mövzuya gəlincə isə çoxlarına dəyərli mesajdır. Sevgi adilikdən uzaq, öz yuvasında gözəl müqəddəs duyğudur. Şairin təbirincə desək, sevgi bağırıb “Sevirəm ” demək deyil.Qalan bəndlərdəki fikirlər isə dar günün dostu, həmdəmi, qəlb duyan, könül anlayan, şərəfli ,qeyrətli, yalandan, riyadan uzaq insan olmaq şərtlərini ifadə edən qiymətli fikirlərdir.Yuvamız sevgi ilə dolsun, xəyallarımızdakı şirin həyatı yaşayaq, şəkillərdə də, həyatda da gülək, kədərdən uzaq olaq . Şair, yazan əlləriniz, düşünən beyniniz, duyan ruhunuz var olsun.Sevin, sevilin, sevindirib sevinin daima!

Sevil Azadqızı

Share: