Şuşa-odlar yurdu Azərbaycanımızın, cənnət Qarabağımızın ürəyidir, musiqi beşiyidir.
Qapımı döyüb yenə,
Qonaq gəlmişdi mənə.
Kaş o günlərim dönə,
Şuşalı xatirələr.
Şuşaya getmək mənim çoxdankı arzum idi.Keçən əsrin 1973-75-ci illərində Şuşada Xan qızı Natəvanın evində yerləşən uşaq sanatoriyasında üç il hər yay istirahət etmişdim.O əzəmətli mülkdə 19-cu əsrdə Natəvanın iştirakıyla “Məclisi-üns”ədəbi məclisi keçirilmiş.Bəlkə də o məcslisin abi-havası mülkün divarlarına hopmuşdu.Və o havayla nəfəs alanda nə vaxtsa şairə olacağım heç ağlımın ucundan belə keçmirdi.Şeir yazmağa məktəb illərindən başlamışdım.Ailə qurandan sonra övladlarıma zarafatyana şeirlər yazırdım.Bir də 25 ildən sonra qəfləti ata itkisi içimdə öləziyən közü alışdırdı.Və yenidən şeirlər yazmağa başladım.
90-cı illərdə erməni seperatizminin gücləndiyi vaxtda Qarabağ və ətraf rayonların işğal
edilməsi hamı kimi məni də pərişan edirdi.Şuşanın alınması bu ağrı-acının kulminasiya
nöqtəsi oldu.Televiziya ekranından Şuşa haqqında sənədli filmi izlərkən,dahi bəstəkar
Üzeyir Hacıbəyova həsr olunmuş, Anarın “Uzun ömrün akkordları “filminə baxarkən Şuşalı günlərimi xatırlayıb ağlayırdım.Şuşalı dostlarıma”Şuşalı olsaydım,vallah ölərdim”-deyirdim.İşğal edilmiş digər rayonlarla bağlı xatirələrim yox idi.Amma insanların doğma yurdlarından qovulması,qaçqın və köçgün düşmələri mənə pis təsir edirdi.
Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində, igid oğullarımızın qəhrəmanlığı
sayəsində torpağlarımız 28 ildən sonra işğaldan azad edildi.Allah bütün şəhidlərimizə
rəhmət eləsin.Qazilərimizə və veteranlarımıza sağlamlıq versin.Amin.
İşğalda azad olunan Şuşanı görmək, o gözəl günləri xatırlamaq mənə şanlı zəfərimizdən
4 il sonra müyəssər oldu.Füzuli postunu keçəndən sonra əsgərlərimizin döyüş yerlərini, səngərləri, xarabaya çevrilmiş evləri görəndə göz yaşlarım öz-özünə axırdı.Vətənpərvərlik mahnılarının sədaları altında bu torpağa qədəm qoyanda fərəh hissimizə vətənin azadlığı
uğrunda öz canlarını fəda edən şəhidlərimizi anarkən duyğuğumuz ağrı-acı da qarışmışdı.
Şuşa dolaylarını qalxıb-enərkən yaşıl ormanı görəndə duyğularım çaş-baş düşdü.Bizim
avtobusla asta-asta qalxdığımız gədikləri Şəhidlərimiz addım-addım, qanları bahasına qalxmışdılar.Ruhunuz şad olsun, Şəhidlər…
Şuşanı tanımayan, birinci dəfə bu yerlərə gələn yol yoldaşlarımdan fərqli olaraq mən daha həyəcanlıydım.Erməni faşistlərinin viran etdikləri, gözəl şairəmiz Xurşudbanu Natəvanın mülkünün qalıqlarını mavi ekrandan kədərlə seyr etmişdim. Bir vaxtlar gəzdiyimiz yerləri yenidən görmək istəyirdim.
Şuşa çox dəyişib.Mərkəzdəki köhnə beşmərtəbəli binaların yerində yeni binalar tikilir.Şuşa günü-gündən abadlaşır, gözəl libasa bürünür. Bazar günü olduğundan Şuşa insanlarla aşıb-daşırdı.Hamının üzündə həm fərəh, həm də nisgil oxunurdu.
Bir zamanlar xarıbülbül dərdiyim Cıdır düzünə qalxdıq.Vaqifin məqbərəsini ziyarət etdik.
50 il əvvəl muzey olan Gövhərağa məscidində Şəhidlərimizin ruhuna dualar oxuduq.
Natəvanın ruhu dolaşan , işğalçılar tərəfindən dağıdılmış mülkə düşdük. Natəvanın,
Üzeyirin güllələnmiş heykəllərinə baş əyib önündə xatirə şəkilləri çəkdirdik. Xarabalıqların önündə susdum.Gözlərimi yumub əlli il vvələ qayıtdım. Tamara Pavlovnanın, Oktay müəlli-min, Saleh müəllimin,Məxmər müəllimənin,Tofiqə müəllimənin, adını unutduğum, amma simalarını unutmadığım müəlimlərin, həkim və tibb bacılarının səsləri gəlirdi qulağıma.
Birgə istirahət etdiyimiz uşaqları, Natəvanın əzəmətli mülkündə keçirdiyimiz xoş anları
həsrətlə xatırladım.Xarabalıqlara daxil olmağa cürət etmədim.Sadəcə yaxından seyr edib kövrəldim.Natəvanın bağına qalxdım.Ancaq ot-alaqdan irəli gedə bilmədim.
Əzəmətli Qala qapısının yanında anlarımızı əbədiləşdirdik.Səyahətimizin sonunda İsa bulağını ziyarət etdik.İsa bulağı da xeyli dəyişib, müasirləşib.Buz kimi suyundan içib Şəhidlərin ruhuna dualar oxudum..Bu günümüzə şükür, İlahi.
Səfərimiz başa çatdı.Dolan ürəyim az da olsa sakitləşdi.İnşaallah gələn il ailəlikcə yeni salınan yoldan , tunellərdən keçərək Şuşamızın qonağı olarıq. Əlvida demirəm. Hələlik, Şuşam…
Sevinc ARZULU
(Şeirlər)
QORU, ŞUŞAM
Şair öpüb bu torpağı,
Dolayları yorur, Şuşam.
Çağlayır İsa bulağı,
Şəhidləri sorur, Şuşam.
Əyilməzdir qətiyyətin,
Övladların mərd və mətin.
Hərb meydanı olmaq çətin,
Sən yaşadın zoru, Şuşam.
Azad oldu Qarabağım,
Yaşıllaşdı baxça-bağım.
Dalğalan üçrəng bayrağım,
Göyə qaldır doru, Şuşam.
Torpaq yenə ətir qoxur,
Gül-çiçəkdən çələng toxur.
Azadlıq marşını oxur,
Xarıbülbül xoru, Şuşam.
Açılmadı sabahları,
Eşidilmədi ahları.
Səmada şəhid ruhları,
O ruhları qoru,Şuşam.
05.08.2024.
ŞUŞANAMƏ
MƏN ŞUŞASIZ
Mən Şuşasız, sən Şuşasız,
Hanı o dilbər guşəmiz.
Bu ayrılıq bəs deyilmi,
Ucalan gur səs deyilmi.
Yatanlar tez ayılacaq,
Şuşa geri qayıdacaq
Ordumuzun gücü ilə,
Fəxr edərəm öcüm ilə.
Mənim qalib əsgərlərim,
Hərbə talib əsgərlərim.
Ermənini qovacaqdır,
Torpağımı alacaqdır
Zalımların daş əlindən.
Utanmaz heç əməlindən
Faşist xislətli erməni,
Sonda halını görməli.
Durar qorxaq tülkü kimi,
Gözündə parlayar kini.
Olmasaydı rus ayısı,
Amerikan daydayısı.
Çoxdan geri çəkilərdi,
Düşmən qanı tökülərdi,
Işğal edilmiş torpağa.
Qəlbimiz dönərdi dağa.
Tezliklə o gün gələcək,
Olacaq mümkün, gələcək.
Biz qələbə çalacayıq,
Yurdu geri alacayıq.
Hərbi salam verəcəyik,
Sevinərək güləcəyik.
Boy-boy açacaq lalələr,
Gur axacaq şəlalələr.
Vəslə çatacaq arzular,
Könlüm o günü arzular.
27.10.2018
ŞƏHRİMİZ VARDI
Qələbə əzmidir bizi yaşadan,
Əsrlər ayırır xandan, paşadan.
Əlimiz üzülməz bir an Şuşadan,
Xatirə anında qəhrimiz vardır.
Şimşəyin göylərdə rəqs eylədiyi,
Səmaya işıqla nəqş eylədiyi.
Tanrının bizlərə bəxş eylədiyi,
Topxana boyda bir bəhrımiz vardır.
Erməni əzəldən fransız qulu,
Farsların əzizi, rusların dulu.
Qarabağ torpağı uludan ulu,
Qədimdən bir Şuşa şəhrimiz vardır.
2012
ŞUŞAM MƏNİM
Darıxmışam sənin üçün Şuşam mənim,
Cənnət olan gözəl, dilbər guşəm mənim.
Üç ilin hər yayında qoynunda dincəlirdim,
Adicə Sevinc gedib, başqa Sevinc gəlirdim.
Danışığım ballanardı, yanaqlarm allanardı çöl laləsi tək.
Gülüşlərim gah ucalıb, gah enərdi dağ şəlaləsi tək.
Burnumun ucu göynəyir o günlərçün,
O xoş sədalarçun,o xoş ünlərçün.
Natəvanın mülkü dururmu görən,
orda yerləşirdi uşaq sanatoriyamız.
Bağında quşlar yenə cəh-cəh vururmu görən.
nədən qəmli yazıldı həyat simfoniyamız.
O evdə nə vaxtsa şeir məclisləri keçirilib deyirlər,.
O şeriyyətin ruhu Tanrı tərəfdən
bu evə köçürülüb,deyirlər.
Bəlkə də o evin havasından şeir yazan oldum,
Xəyallar içində azan oldum.
Hanı Cıdır düzündən dərdiyim xarıbülbül?
Yəqin daha oxumayır sarı bülbül.
Isa bulağının suyundan içmək istəyirəm,
Daşaltından keçmək istəyirəm.
“Qızıl qaya”dan soruşardıq:-”Qızılın var?”
Dilə gələrdi qayalar:-”Var,var”.
Natəvanın bağındakı hasardan boylanardıq
“Ərimgəldi” tərəfə,
Hər maşın gələndə bürünərdik fərəhə.
“Atamız gəldi”-deyə.
O günlər dönmür niyə.
O mülkdə şairənin müqəddəs ruhu yaşardı,
Görünməyən əli ilə telimizi oxşardı.
Şuşalı olsaydım çoxdan ölərdim,vallah.
Özümü də əsir bilərdim vallah.
Şuşam mənim – Qarabağımın tacı.
Sənsiz yaşamaq acıdan acı.
Göylərində neçə-neçə şəhidlərin ruhu dolaşır,
Düşmənlərin əli ilə ölənlərin naləsi, ahı dolaşır.
Tezlik ilə Qarabağım düşməndən olar azad,
Bax o zaman şəhidlərin ruhu olacaqdır daim şad.
2010
ŞUŞAM
Səni işğal edib yağı,
Olmusan düşmən tapdağı.
Kim çəkə bilər bu dağı,
Uzat mənə əlin,Şuşam.
Ağarıbdır telin,Şuşam.
Ürək sözüm budur düzü,
Hər gecənin var gündüzü.
Isa bulağı,Cıdır düzü,
Sənin parlaq ləlin,Şuşam.
Bir nazənin gəlin,Şuşam.
Sən dağlar qoynunda mərcan,
Sənsiz ağlar Azərbaycan.
Hazır uğrunda verə can,
Min-min igid dəlin, Şuşam.
Qayıdacaq elin, Şuşam.
2018
ŞUŞADA QALDI
Dərmanlar dərmanı havası, suyu,
Çılpaq qayaların yağışmı yuyur.
Tənha qaldığını anlayır, duyur,
Ürəyim o gözəl guşədə qaldı.
Mənli xatirələr Şuşada qaldı.
Yarəb, düşmənimiz olsun bağrı qan,
Kimsəsi qalmasın əlindən tutan.
Səsimi eşitsin uca Yaradan,
Əksimiz ayna tək şüşədə qaldı.
Mənli xatirələr Şuşada qaldı.
Həsrətdən az qalır ürəyim yana,
Nəfəsim tıncıxa, ruhum dayana.
Görən salamatmı yaşıl Topxana,
Qaragöz ceyranlar meşədə qaldı.
Mənli xatirələr Şuşada qaldı.
26.10.2017
BIR ŞUŞA NİSGİLİ
Gəzim qarış-qarış doğma diyarı,
Dururmu köksündə xatirəm barı?
Şuşanın telləri dağların qarı,
Yamyaşıl libası özüm seçim də.
Bir Şuşa nisgili vardı içimdə.
Qırılsın düşmənin əli-ayağı,
Əbədi məhv olsun dostu-dayağı.
Sürüm karvanımı sarvan sayağı,
Min-min şəhid ruhu gedər köçümdə.
Bir Şuşa nisgili vardı içimdə.
Könlümün ən yaxın nöqtəsi Şuşam,
Dünyaya Tanrının diqtəsi Şuşam.
İlahi eşq adlı qitəsi Şuşam,
O gözəl məkandan min yol keçim də.
Bir Şuşa nisgili vardı içimdə.
Dayanıb dururam, dolub dururam,
Saralmış gülləri yolub dururam.
Özüm də bir şəhid olub dururam,
Əsgər paltarında, hərbi biçimdə.
Bir Şuşa nisgili vardı içimdə.
Ağrısı-acısı azalıb getsin,
Qaranlıq günləri sozalıb getsin.
Çovğunlu qışını yaz alıb getsin,
Isa bulağından buz su içim də.
Bir Şuşa nisgili vardı içimdə.
AY ŞUŞAM
Şahlara başını əyməyən Şuşam,
Indi erməninin oylağı oldun.
Kimsənin xətrinə dəyməyən Şuşam,
De, kimin məskəni, yaylağı oldun.
İyirmi beş il keçib işğal gününüdən,
Biz necə dözmüşük sənsiz, ay Şuşam.
Qalmayıb bir əsər toy-düyünündən,
Dağların olmayır çənsiz, ay Şuşam.
Azad edəcəyik ana torpağı,
Şadlığı dostlarla böləcəyik biz.
Düşmənin qəlbinə çəkərək dağı,
Sənin görüşünə gələcəyik biz.
08.05.2018
SƏRVƏTİM ŞUŞAM
Sənsiz həyat bir ömürlük cəhənnəm,
Sənsən mənim gözəl cənnətim, Şuşa.
Sənsiz mənim ürəyimi alar qəm,
Qiyməti çox baha sərvətim, Şuşam.
Yay günündə havan, suyun sərindi,
Dərələrin əlçatmazdır, dərindir.
Bizim ilə yaşlanarsan sən indi,
Sənsiz yoxdur varım-dövlətim, Şuşam.
Sən olmusan ziyarətgah, pir mənə,
Qoynunda ver əbədilik yer mənə.
Bayrağımız sancılar daş zirvənə,
Sənsən dəyanətim, qüdrətim, Şuşam.
29.04.2017
ŞUŞALI XATİRƏLƏR
Qapımı döyüb yenə,
Qonaq gəlmişdi mənə.
Kaş o günlərim dönə,
Şuşalı xatirələr.
Yenə bağa düşəydik,
Deyəydik, gülüşəydik.
Dostlarla görüşəydik,
Şuşalı xatirələr.
Uzaqdıq ehtiyacdan,
Tut dərərdik ağacdan.
Taxaydıq yaşıl tacdan,
Şuşalı xatirələr.
Gözlər İsa bulağı,
Sevərdi hər qonağı.
Kəsilsin yad ayağı,
Şuşalı xatirələr.
Həsrətəm havasına,
Bir şirin nəvasına.
Quş uçar yuvasına,
Şuşalı xatirələr.
Sevdasına düşmüşəm,
Həsrətdən üşümüşəm.
Incimişəm, küsmüşəm,
Şuşalı xatirələr.
Qayaya boylanardıq,
“Qızıl var” haylanardıq.
Qoynunda yaylanardıq,
Şuşalı xatirələr.
O günlərimiz dönər,
Hicranın odu sönər.
Düşmən bayrağı enər,
Şuşalı xatirələr.
Alınar torpağımız,
Xoş olar növrağımız.
Ucalar bayrağımız,
Şuşalı xatirələr.
30.04.2017
MARŞ ÇALINACAQ
Dağlar, yoxdur eşməndən,
Buz bulaqı çeşməndən.
Mütləq qarı düşməndən,
Intiqam alınacaq.
Çiçək bitər düzündə,
Xalam lalə üzündə.
Şuşam, Cıdır düzündə
Hərbi marş çalınacaq.
Uzaq dur oylağımdan,
Aranım, yaylağımdan.
Erməni bayrağından,
Ocaqlar qalanacaq.
03.04.2019
ŞUŞAMIZ
Necə də özləyirdik sənin hər bir qarışını,
Həsrətin vüsal ilə dostluğunu, barışını.
Bizim şanlı ordumuz çalıbdır zəfər marşını,
Yenə də günəş doğub, sökülübdür dan, Şuşamız.
Gələcəyə inanıb mərd qalatək dayanmışdı,
Gecəni tənha yatıb səhər bizsiz oyanmışdı.
Yamyaşıl otları da al-qırmızı boyanmışdı,
Bir zamanlar necə də ağlayırdı qan, Şuşamız.
Erməni faşistinin evini ordumuz yıxdı,
Bulağından su içib, gülünü sinəmə sıxdım.
Neçə illərdən sonra görüşünə gəlib çıxdım,
Axır ki azad oldun yağılardan, can Şuşamız.
Doğrusun söyləyiblər:Qoç döyüşünə qoç gərək,
Eh, hanı ermənidə bizimki tək vuran ürək?
Yenə Cıdır düzünü seyrə çıxaq, çiçək dərək,
Günəş tək qəlbimizdə əbədilik yan, Şuşamız.
Uzaqlara yayılacaq sönməyən şöhrətin-şanın,
Şənliklər bürüyəcək, toy olacaq hər bir anın.
Ruhları şad olubdur Üzeyirin, Natəvanın,
Necə də gülümsəyir mavi göydən Xan, Şuşamız.
08.11.2020
QARABAĞ BİZİMLƏDİR
Salam, Şuşam.Gül-çiçəyi xalı kimi sərmişəm.
Izn ver, basım bağrıma.Görüşünə gəlmişəm.
Şükür, Tanrım.Açılıbdır qaş-qabağın,
Gəlib yenə fərəh dolu, o gözəl xoşbəxt çağın..
Bilirdim kl bizsiz sənə çox ağırdır, çətindir,
Sənə doğru gələn yolda addımlarım mətindir.
Səni düşmən tapdağından xilas etdi şanlı ordum,
Qurtarmısan əsirlikdən,Qarabağım, doğma yurdum.
Daha əvvəlki kimi qan ağlamır İsa bulağı,
Gül-çiçək bürüyüb düzü, yox içində bir alağı.
Yol üstündə durub gözlər igidləri xarı bülbül,
Təbiətin möcüzəsi: yarı çiçək, yarı bülbül.
Azad oldu düşmənlərdən Qubadlı, Kəlbəcər, Laçın,
Qızıl Günəş,Ulduz və Ay, daha çox işıq saçın.
Səni əsir edənlər düşdülər dərdə-dərdə,
Yenə həzin avazlar yüksəlsin pərdə-pərdə.
Intiqamın alındı mənfur, yağı düşməndən,
Doyunca su içərik sənin könül çeşməndən.
Bilirsənmi uğrunda igidlər getdi qurban,
Şəhidlərlə fəxr edər, öyünər Azərbaycan.
Candan əziz bildilər doğma,ana vətəni,
Neçə-neçə min oldu muradına yetənim.
Şəhidlikdi arzusu doğma vətən uğrunda,
Onların acısını hiss edirəm ağrımda.
Vətən ana olarsa, qurban gedər neçə can,
Qarabağ bizimlədir əbədi, Azərbaycan.
08.11.2020