Sevinc Nuruqızını çoxdan tanıyıram. Həm yazılarından doğma gəlir, həm də qəlbində olan Qarabağ sevgisindən, Şuşa həsrətindən tanımışam onu. Qələbəmizin ilk günlərində onun televiziyadan dediklərini unuda bilmirəm. Deyirdi ki, illərdi kəndimizdə o döngələri, küçələri, yolları hər gün yatanda bir-bir dolaşırdım ki, unutmayım. Addım-addım gəzirdim, hansısa bir döngədə yolu azanda, düşünürdüm ki, artıq yaddaşımda kəndimizin xatirələri pozulub, silinib gedib. Elə bil, kəndimizlə yaşayırdım, onu bir dəfə itirmişdim, indi də yaddaşımda itirməkdən çox qorxurdum, onunla nəfəs alırdım…
Bu gün Qarabağın, Şuşanın, Ağdamın, onun böyüdüyü kəndin işğaldan azad olunması Sevinci də çox qürurlandırıb, qəlbini dağa döndərib. Yaradıcılığına qol-qanad verib. Odur ki, bir yazıçı kimi uğurları ilə Azərbaycanın sərhədlərini aşan, bir çox yerli və beynəlxalq mükafatlara sahib olan, böyüklü-kiçikli hamı üçün yazsa da, xüsusilə uşaq yazıçısı kimi şöhrət qazanan Sevinc Nuruqızı ilə görüşüb onunla Zəfər sevincimizi bölüşdük, ürək sözlərini dinlədik.
– Xoş gördük, şanlı Zəfərdən sonra görüşməmişik. Necəsiz, Sevinc xanım?
– Salam. Həmişə belə xoş günlərdə görüşək. İndiki görüşümüz çox gözəl vaxta təsadüf edir. Havamız qələbə ətri ilə doludur, torpağımıza qələbə ruhu hopub. Bu Zəfəri sən də, mən də illərdi gözləmişik. Həm qarabağlı, ağdamlı, həm yazıçı, həm də bir vətəndaş kimi illərdi bu dönüşü gözləmişəm. Fəxrlə, qürurla, ürək ağrısı ilə yaşadığımız bu 44 günlə bağlı danışmalı, bu Zəfərin öndəri Ali baş komandanımıza, bu zəfəri qazananlara, onu bizə bəxş edənlərə, bu yolda şəhid olanlara, sağlamlığından və gəncliyindən keçənlərə, deməli çox sözümüz var. Bu qələbədən illər keçsə də, onun haqqında danışmaq, onu müzakirə etmək, ürəyim istəyən adamlarla sevincimi paylaşmaq mənə də çox xoşdu…
-Ağdamın hansı kəndində böyümüsünüz? Uşaqlıq, gənclik illərinizdən danışardınız…
-Ağdamın Şelli sovetliyinə daxil olan Qaradağlı kəndində böyümüşəm. Məktəbə getmişəm, ali məktəbə daxil olmuşam. Ali məktəbi bitirib təyinatla gəlib orada müəllim işləmişəm. Uşaqlığım, gəncliyim bu kənddə keçib, burada arzularım böyüyüb, ümidlərim çiçəkləyib… Bəzi arzularım yarımçıq qalıb, bəzilərinə çatmışam. Kəndin zümrüd çəmənlərində kəpənəklərin, cırcıramaların arxasınca o qədər qaçmışam ki… Saçlarımı bu kəndin küləkləri darayıb. Bu kəndin torpağı üstə böyümüşəm. Ayağımı bu kəndin daşları əzib, çəmənlərinin yamyaşıl otu, çiçəyi oxşayıb. Ömrümün uşaqlıq, gənclik çağlarını yaşadığım bu kənd indi yerlə-yeksandı, nə bir qurulu ev, nə çəpər, nə bağ-bağat, nə də bir çal-çağır var. Amma o müqəddəs torpaq var. Nə yaxşı ki, o torpaq bizimdi. Bundan böyük sevinc, xoşbəxtlik yoxdu. Qovuşmaq hər mənada çox gözəldi. Dosta, doğmaya… Amma torpağın yerini heç nə verə bilməz, illərdi yurd həsrəti çəkən bir insan kimi hər gün o torpağın ətrini duymuşam, həsrətini çəkmişəm. Yadımdadı, Bakıda oxuyanda kəndə can atırdım, sübh tezdən qatardan düşür, ciyərdolusu nəfəs alır, o yovşan ətirli, çiçək rahiyəli torpağın təravəti bütün qəlbimi təzələyirdi. Ətirdən, qoxudan gözəl xatirə ötürən heç nə yoxdu. İlləri arxada qoyur. Elə sürətlə insanı doğma yerlərə aparır ki, sanırsan illər, qərinələr bir saniyəlik məsafədədir. Əlçatan, ünyetəndir. Yaxşı yadımdadır, həyətimizdə qızılgüllər var idi. Nənəm deyərdi, bu mürəbbə qızılgülüdür. Ovuc içi boyda olardı, ləçəkləri açıq çəhrayı, ətri insanı bihuş edən… illərdir mən həmişə qızılgülü qoxlayanda özümü Ağdamda, kəndimizdə, həyətimizdə hiss etmişəm. O qoxu məni çəkib ora aparıb, bu böyük möcüzədi… Və ən böyük möcüzə bilirsiniz nədir? Ən böyük möcüzə o qızılgüllərin yurda sədaqəti, vəfasıdır. 28 ildən sonra dağılmış yurd yerimizdən, daşı-daş üstündə qalmayan ocağımızdan çəkilən video-görüntü məni heyrətə gətirdi. Bir daşı belə qalmayan evin həyəti çəmçəhrayı qızılgüllərlə örtülmüşdü. Güllər solmamışdı. Güllər o həyətə, o kəndə keşik çəkmişdi, güllər susuzluğa, gurultuya, barıt iyinə sinə gərmiş və bizi gözləmişdi o həyətdə… Möcüzə deyil, bəs nədi?!
– Bəziləri elə bilirlər ki, Siz ancaq uşaqlar üçün yazırsınız. Bu daha çox uğurlarınızla bağlıdı, yoxsa mütaliəsizlikdən?
-Yəqin ki, uğurlarıma görə belə tanıyırlar. Ya da uşaq kitablarımın sayına görə. Mən gözəl uşaq yazıçısı Xanımana Əlibəylidən Yazıçılar Birliyinə zəmanət almağa gedəndə o, şeirlərimi oxuyub bəyəndi. Əlimdən tutdu və dedi: “Hamı bir-iki uşaq şeiri yazıb gəlir ədəbiyyata və sonra başlayırlar böyüklər üçün yazmağa. Amma sən həmişə uşaqlar üçün yaz, çünki yaxşı yazırsan”. Mən bu sözləri unutmadım. Mən elə zənn etdim ki, Xanımana Əlibəyli uşaq ədəbiyyatını mənə miras qoyub getdi. Düzdü, böyüklər üçün pyeslərim, şeirlərim də var. Amma o gündən daha çox uşaqlar üçün yazdım və bu gün də davam edirəm. Əvvəllər uşaq ədəbiyyatı deyilən janr yox idi. Uşaq ədəbiyyatı bir janr kimi sonralar yarandı. Həmişə olduğu kimi indi də bu janrda yazanlar azdı, 6-7 nəfər. Çünki uşaqlar üçün yazan adam gərək özü ruhən uşaq olsun, onun nə düşündüyünü, nə istədiyni, arzularını bilsin. Onun dili çox sadə, musiqili, fantaziyası güclü olmalıdı. Düzdür, son vaxtlar bu boşluqdan istifadə edənlər də var. Amma onların yazdıqları uşaq ədəbiyyatı üçün yararsızdı və nümunə sayıla bilməz.
-Qarabağ mövzusu Sizin əsərlərinizdə həmişə öndə olub.
– Qarabağ mövzusu həmişə mənim üçün aktual olub. “Qisas” povestimdən tutmuş pyeslərimə, “Xocalıya” adlı poemama qədər. Elə bu mövzuda olan “Ağca və Cuppulu” adlı hekayəm 3 dildə (Azərbaycan, İngilis və Rus dillərində) işıq üzü görüb. 2020-ci ildə isə bu hekayə Cənubi Koreya Respublikasında 3 dildə (Azərbaycan, İngilis və Koreya dillərində) çap edilib. Hekayə Koreyanın Kvanju şəhərindəki Asiya Mədəniyyət Mərkəzinin “Asiya ölkələrinin şəkilli kitab layihəsi” çərçivəsində işıq üzü gördü. Kitabın illüstrasiyalarını çəkən rəssam Bon Hee Azərbaycana gəlmişdi. Mən onu yurdumuzla tanış elədim, ona məişətimizi tanıtdım, hekayənin qəhrəmanı Sürəyyaya oxşayan qızları göstərdim. Sonra məni Koreyaya dəvət elədilər. Kitabı çap edən nəşriyyatın rəhbəri məndən soruşdu:
– Niyə müharibə mövzusunda yazmısınız?
Mən ona sualla cavab verdim:
Mən sizə üç hekayə göndərmişdim. Bəs Siz niyə müharibə ilə bağlı əsəri seçmisiniz?
Heç birimiz tutarlı cavab vermədik. İkimiz də bir-birimizə baxır və düşüncələrimizlə müharibəyə sanki “Yox” deyirdik.
-Qarabağ müharibəsində həlledici dönüş etdik. 44 gün döyüşdük, dünya hərb sənətinə öz imzamızı atdıq. Sizdə bu qələbədən soraq verən hansısa bir öncəduyma oldumu?
-Mən illərdir nə Şuşa, nə də Ağdam haqqında yazırdım. İllərlə çalışdığım “Mədəniyyət” qəzetində 1il bundan öncə, Şuşa ilə bağlı son yazımı yazdım və dedim:” Bir də məndən işğal günləri haqqında yazı istəməyin. Növbəti yazımı Şuşa alınanda yazacağam”.
Və illərlə heç nə yazmadım. Susdum… 44 günlük müharibəyə iki ay qalmış qəfildən şeirlər yazmağa başladım. Hər gün və hər gün… Mən yazmırdım, sanki onları mənə kimsə pıçıldayırdı. Su kimi axıb gəlirdi şeirlər. Sanki onları pıçıldayan nəyəsə əmin idi, nə isə demək istəyirdi, müjdə vermək idi niyyəti. Beləcə şeirlər silsiləsi yarandı. Bu şeirləri qəhrəmanlıq əsərləri kimi təqdim edirdilər. Sonra müharibə başlandı…
-Sizcə, daha çevik təbliğata malik televiziya proqramlarımızda uşaq ədəbiyyatımızda Qarabağ, Zəfərlə bağlı mövzular yetərincə təbliğ olunurmu?
-Bizdə televiziyada normal uşaq verilişləri yoxdur. Mən bu yaxınlarda Amerikada oldum. Gördüm nəvəm televiziyada “Bilippi”yə tamaşa edir. Deməli, verilişdə hər dəfə bir mövzudan danışılır. O mövzu hərtərəfli izah edilir, araşdırılır, bütün detalları ilə uşağa təqdim edilir. Halbuki, mən 2006-2007-ci illərdə İctimai Radionun efirində həftənin altı günü canlı yayımlanan “Çoxbilmiş” və “Nağıl saatı” verilişlərinin redaktoru və aparıcısı kimi bu işi çoxdan başlamışdım. Verilişdə qoyulan mövzu ətrafında danışır, hərtərəfli məlimatla yanaşı, mövzuya uyğun şeir, nağıl, hekayə də danışırdım. Heç Blippi nağıl, hekayə danışmır. Mənə deyirdilər ki, sən ensiklopedik biliyə maliksən. Amma elə deyil, sadəcə bu verilişlər gərgin zəhmətin nəticəsi idi. Sonra heç kim bu proqramla maraqlanmadı. Mən ideyanı da verərdim, adı da. Düzdü, bu adda nəsə etməyə çalışdılar. Amma istənilən səviyyədə alınmadı.
-Nədən hələ Şuşaya, Ağdama getməmisiniz?
-Bəli, mən hələ də, Şuşaya, Ağdama getməmişəm. Əslində, o yerlərə hələ əl dəyməmiş, olduğu vəziyyətdə görmək, bu vəhşilikləri ədəbiyyata gətirmək üçün uşaq yazıçılarını o yurdlara aparmaq lazım idi. Təəssüf ki, bunu nəzərə alan olmadı. Düşünürəm ki, işğaldan azad edilmiş torpaqlara getmək mənim də haqqımdı, həm də bir yazıçı olaraq.
-İkinci Qarabağ Müharibəsi ərəfəsində Mədəniyyət Nazirliyinin Yazıçılar Birliyi ilə birgə təşkil etdiyi “Vətənpərvərlik” müsabiqəsinin təqdimatında “Ölərəm dərdindən, onu bil…” adlı hekayəniz ilə bu janrda 1-ci yerin qalibi kimi çıxış edəndə söylədiyiniz şeiri heç unuda bilmirəm. Həmin şeiri oxucular üçün söyləyərsinizmi?
-Qış gəlibdır, qapıdadır,
Qar yağmağa dam gəzəcək.
Qar üstündə iz qoymağa
Bir əziz adam gəzəcək…
Ay bu yurdu viran edən
Qış ahı yaman olur ha…
Daş qoymadın daş üstündə,
Ağ damı daşdan elədin…
Bir yurdu daş-daş çevirdin,
Bir eli başdan elədin…
Daşlara, “daş”, deyib keçmə,
Daş ahı yaman olur, ha!
Quşlar süzür başı üstə,
Ağac yox ki, qursun yuva…
Ağdama yağışlar yağır,
Qan izini yuyur hava…
Sənə bir söz pıçıldayım:
Quş ahı yaman olur ha!
-Son olaraq müzəffər ordumuz, müqəddəs Zəfərimizlə bağlı nəyi paylaşmaq istərdiniz?
– Ordumuza, bu ordunun Ali Baş Komandanına yeni-yeni qələbələr arzu edirəm. Biz müzəffər xalqıq. Biz dünyaya əsil döyüş məharəti sərgiləyən xalqıq.
-Sizə uğurlar olsun. Gün o gün olsun ki, doğma Ağdamdan sizin kəndə, Şelli Qaradağlısına, Sizə qonaq gələk.
Mina RƏŞİD