Sevinclə Kədərin Nifrət qardaşı – Anar Məsudoğlu

Sevinclə Kədərin Nifrət qardaşı – Anar Məsudoğlu

Kulis.az “İlin hekayəsi” müsabiqəsində iştirak edən Anar Məsudoğlunun “Sevinclə Kədərin Nifrət qardaşı” hekayəsini təqdim edir.

Belə nəql edim ki, bir vaxtlar Sevinc və Kədər bacı idilər. Onlar o qədər doğma idilər ki, bir-birinə dayaq olub, sevinərdilər. Sevinc Kədərə nisbətən sadəlövh idi. Kədərin hər sözünə inanırdı. Bir növ özünə bənzəyirdi. Bacıların bir müddətdən sonra Nifrət adında bir qardaşları dünyaya gəldi. Ən böyük bacı nifrəti özü kimi böyütmək istəyirdi.

Amma Nifrət böyüdükcə Kədərə qarşı getməyə, onun sözlərinə qulaq asmağa başladı. Böyüyüb yaşa dolanda ortancıl və sonbeşik birləşib, bacıları Sevinci incitməkdən ləzzət alırdılar. Sevinc isə bütün bunlara baxmayaraq, öz bacısını və qardaşını hamıdan çox sevirdi. Bir gün təsadüfən Nifrət çayda üzərkən, su onu aparır. O, fürsət tapıb, Kədəri haraylayır.

Çay onların həyətindən bir az aralıda idi. Nifrəti çıxarmaq üçün kədər çaya tərəf qaçır. Amma suya girmir. Gözləyir ki, görsün işin axırı necə olur. Qardaşının nəyə qadir olduğunu görmək istəyir. Lakin Nifrət özü-özünü xilas etməyi bacarmır. Bu vaxt kimdənsə xəbər tutan Sevinc özünü hadisə yerinə çatdırır. Sevinc arıq, incə və çəlimsiz olur. Qardaşa olan sevgisi onu çaya tullanmağa sövq edir. Bir ipə özünü bağlayıb, suya tullanır. Bacısının sınadığı qardaşı Sevinc təhlükədən qurtarır.

Amma bu hadisədən sonra Sevinc öz ailəsini tərk edir. Heç kimə heçnə demədən, yerini bildirmədən çox uzaqlara gedir. Nifrətlə Kədər isə buna mane olmur. Həmin vaxtdan etibarən onlar böyük bacılarından uzaqda birgə yaşayırlar. Nifrət böyüdükcə çox pis olur. Kədər isə bundan ləzzət alır. Qardaşının etdiklərinə görə həyatda öz yerini möhkəmlədir. Sevinc isə gözəlləşir. O, Sevgi ilə ailə qurur. Nifrət dayı olur, kədər xala. Sevinc öz övladına İstək adını qoyur.

İstək Sevgidən güc alıb, Sevincə bağlanır.

Onlar çox xoşbəxt yaşayırlar. Nifrətin və Kədərin isə həyatı kölgədə keçir.

Onlar örüyüb-törəyə bilmirlər. Həmin kölgə sevincin bəxş etdiyi nurun bir parçasıdır. Sevinc, sevgi və istək daim yaşayacaq. Hamı bu ailənin qonağı ola bilər. Çalışaq, heç vaxt nifrət və kədərlə rastlaşmayaq.

Biz həmişə sevincin qonağıyıq.

Share: