Sevmədiyin adamın köynəyini ütüləmək – Aytac Sahəd yazır…

Sevmədiyin adamın köynəyini ütüləmək – Aytac Sahəd yazır…

Kulis.az Aytac Sahədin “Milli Məcnunlar” adlı yazısını təqdim edir.


“Qızıma onun adını qoymuşam…”

Əlindəki son qədəhi də başına çəkib, limonu ehmalca sıxdı. Sonra fikrə getdi və bir qədər fasilədən sonra söhbətini azı əlli dəfə danışdığı ayrılıq gününün təsviri ilə davam elədi.

Bu monoloqa masadakıların da münasibəti gecikmədi. Əksəriyyəti heyran baxışlarla bu “qəhrəmanlığı” təqdir edən dörd-beş cümlə mızıldadı. Kimisə köks ötürdü, kimisi nəyisə xatırlayıb gülümsədi, kimisi də sadəcə “halal olsun” deməklə kifayətləndi. Mən isə bu çıxışı nə təqdir edə bildim nə də yalançı Məcnunumuzun şəninə təriflər deyə.

Sizə danışıram illər sonra tələbə yoldaşlarımızla toplaşdığımız toy mərasimlərinin birindən. Bilirsiniz, çox vaxt belə ortamların əsas mövzusu köhnə günlər olur. Lakin bu cür məclislərin qəhrəmanları bəzən danışılan xatirələrin də redaktəyə ehtiyacı olduğunu unudur. Unudurlar ki, zamanla gözündə böyütdüklərinin necə kiçik olduğunu anlamaq xeyli asanlaşa bilir.

Ümumiyyətlə, son vaxtlar bərbəzəkli sözlərə, qəmli hekayələrə, saxta qəhrəmanlıqlara çox dözümsüz olmuşam. İndi mənim üçün bir meyar var: reallıq.

Fəqət materializmə özümü tam təslim etməmişəm, sevginin varlığına olan inancım hələ də mənlədir. Və o inancı o qədər yüksək bir yerə qoymuşam ki, acı reallığın bütün çalarları kölgədə qalır. Mənim inandığım sevgi bütün bəhanələrdən daha hündürdə dayanır. Əgər hansısa bəhanə onu asanlıqla üstələyə bilirsə, deməli, bu sevgi o sevgidən deyil.

Qayıdaq qəhrəmanlarımıza.

Dediyim kimi, Məcnunumuzun ürəyi dolu olduğu üçün bütün gecəni xatirələrdən və böyük eşqindən danışdı. Onun xatırladığı Leyli gəncliyin boyat xatirələri olduğuna görə, sonadək qulaq asmağa səbrim çatmadı. Bir anlıq düşündüm ki, Leylinin dərdindən danışacaq nə məclisləri nə də qaldırdığı qədəhləri var. Heç onun uşağına nə vaxtsa sevdiyi adamın adını qoymaq kimi bir ixtiyarı da olmayıb. Qismət Rüstəmov demiş, indi o, sevmədiyi kişiyə arvaddır. Üç uşağı var, bəlkə də, xoşbəxt anadır, bilmirəm, onu yalan deyərəm. Məzun olduqdan sonra bir neçə dəfə görüşmək imkanımız olub. O görüşlərdən bilirəm dərdlərini.

Sevmədiyin adamın köynəyini ütüləmək, çay-çörəyini hazırlamaq, bir sözlə, sevmədiyin adamla bir evi bölüşmək işgəncə deyil də nədir? Sən də “sevirəm” dediyin qadının bu işgəncəni çəkdiyi zaman dilimində qızına adını qoymaqla özünü milli Məcnun elan edirsən. Necə də romantik.

Ümumiyyətlə, sevdiyinin adını övladına qoyan adamlar çatmır. Əgər həmin adam həyatda yoxdursa və sən adını yaşatmaq üçün bunu edirsənsə, başqa məsələ. Ancaq bunu sevginə sədaqət kimi bilirsənsə, qəribədir, vallah. Şəxsən mən, heç vaxt belə bir şey etmərəm. Edə bilmərəm. Hər dəfə övladımı səsləyəndə məğlubiyyətimi, uduzduğum xoşbəxtliyimi xatırlayaram. Niyə axı özümə belə bir işgəncə edim? Hələ ömür-gün yoldaşının buna münasibəti bir başqa mövzudur. Bəlkə də, kimsə bununla rahatlıqla razılaşar. Lakin mən inanmıram ki, kimsə övladının ərinin nə vaxtsa sevdiyi bir qadının adını daşımasından məmnun ola, bunu bütün qəlbi ilə istəyə.

Nə vaxtsa sevdiyi demişkən, insafən deyim ki, o vaxt onlar həqiqətən də bir-birini çox sevirdilər. Leyli-Məcnun bilirdik onları. Neçə il bir gəzib dolandılar, iş evliliyə çatanda Məcnunun anası razı olmadı, məsələ böyüdü. Leylinin də atası məlum söz-söhbətlərdən sonra acığa düşüb qızı qapını ilk döyən elçiyə verdi. Məcnun da üç-beş gün ah-zar elədikdən sonra anasının dediyi qızla evləndi.

Bir sözlə, bu məmləkətdə tez-tez eşitdiyimiz standart eşq hekayələrindən biri.

Məni qıcıqlandıran nə bu hekayənin sonudur, nə də kiminsə vəfasızlığı. Məni qıcıqlandıran bu əhvalatın təqdimatıdır.

Ananın seçdiyi qızla evlənib, ondan doğulan qızına bir vaxt sevdiyin qızın adını qoymaqla özünü Məcnun elan edə bilməzsən, cənab. Əgər hər ikiniz eyni dövrdə eyni səmanın altında dolaşıb, başqa adamlara yarsınızsa və sakitcə həyatınızı yaşamaqla məşğulsunuzsa, deməli, sizinki xoşlantıdır, sizinki gənclik həvəsidir, amma dəqiq eşq deyil.

Sabahattin Alinin də dediyi kimi,

“Benim beklediğim aşk başka; o bütün mantıkların dışında, tarifi imkansız ve mahiyeti bilinmeyen bir şey, sevmek ve hoşlanmak başka, istemek bütün ruhuyla, bütün vücuduyla, her şeyiyle istemek başka, aşk bence bu istemektir, mukavemet edilmez bir istemek…”

Eşqin yükünü daşıyan insan başını aşağı salıb sakitcə yaşaya bilməz. Rahatlıqla izn verməz ki, “sevirəm” dediyini ondan alsınlar. Əgər bu olubsa belə çalışar, çarpışar, qovuşar sevdiyinə. Yoxdurmu belələri? Əlbəttə, var. Elələri qədər olmasa da, belələri də var. Və əsl sevgi belələrininkidir.

Heç kim məcbur deyil, Məcnun olub çöllərə düşməyə. Ancaq kimsə Məcnunluğa iddia edirsə, bir zəhmət yolunu səhralardan salsın.

Share: