Seymur Baycan: “Həyatım başdan-ayağa səhvlərdən ibarətdir”

Seymur Baycan: “Həyatım başdan-ayağa səhvlərdən ibarətdir”

Kulis.az Seymur Baycanla “İlin hekayəsi” müsabiqəsi haqqında müsahibəni təqdim edir. Xatırladaq ki, Seymur Baycan müsabiqənin münsiflərindən biri idi.

– Müsabiqə bitəndən sonra münsiflərin adları açıqlandı. Çox adam sizin adınızı görüb narazılıq etdi. Dedilər Seymur Baycan münsif olmamalı idi, çünki o yazıçıdır. Öz şəxsi ambisiyaları var. Salman Rüşdini, Borxesi, Sartrı, Orxan Pamuku bəyənməyən adam həvəskar müəlliflərə nə qiymət verəcək? Bu iradlara münasibətiniz necədir?

– Lap bəri başdan qeyd edim ki, bu cürə müsabiqələrin keçirilməsini bir qələm adamı kimi ürəkdən alqışlayıram. Ümid edirəm, hekayə müsabiqəsi 2023-cü ildə də keçiriləcək. Müsabiqələr ədəbi mühitin canlanmasına istər-istəməz öz müsbət təsirini göstərir. Başqa saytlar da belə müsabiqələr keçirsə, ədəbi mühit xeyli canlanar. Müəlliflər həvəsə gələrlər. Problemlərimizi və nöqsanlarımızı yaxından görərik. Problemlərimizi və nöqsanlarımızı müzakirə etməyimiz bizə fayda verər. Müsabiqədə hətta bir müəllifin tanınması da böyük qənimətdir.

Sual isə bir az düzgün verilməyib. Mən, nəinki, Salman Rüştini, Borxesi, Sartrı, Orxan Pamuku bəyənmirəm, özümü sırf ədəbiyyat nöqteyi-nəzərdən onların topasından güclü yazıçı hesab edirəm. Orxan Pamuk kimdir? 18,6 sm-i, “Gecikmiş hekayələr”i, “Mənasız hekayələr”i qoyuram bir kənara, təkcə “Tikdirənlər və sökdürənlər” hekayəm Orxan Pamukun bütün yaradıcılığından ağırdır.

Qaldı həvəskar müəlliflər məsələsinə, Nərmin Kamal, Mübariz Örən, Sevinc Elsevər bəyəm həvəskar müəlliflərdir? Özünü təsdiqləmiş müəlliflərlə həvəskar müəlliflərin müsabiqədə bir yerdə iştirak etməsi mənim yox, təşkilatçıların problemidir.

Təşkilatçılar əvvəlcədən şərtlərdə qeyd etməliydilər ki, bu müsabiqədə ancaq həvəskar müəlliflər iştirak edə bilərlər. Yaxud da tərsinə bu müsabiqə məhz artıq özünü peşəkar hesab edən müəlliflər üçün keçirilir. Şəxsən mən, özünü təsdiq etmiş müəlliflərin müsabiqədə daha aktiv iştirak etməsini arzu edərdim. Ölməyib sağ qalsam 2023-cü ildə keçiriləcək müsabiqədə yazıçı kimi iştirak edəcəm.

Münsif olmağımla əlaqədar irad və narazılıqları yersiz hesab edirəm. Göydəki kişi şahiddir ki, bir münsif kimi öz işimi maksimum vicdanla, ədalətlə, məsuliyyətlə yerinə yetirmişəm. Azərbaycanda nəsri bilən üç adam varsa, şübhəsiz o üç adamdan biri Seymur Baycandır. Bunu inkar etmək günəşi inkar etmək kimi bir şeydir.

– Qalib olan hekayə də daxil bütün hekayələrə aşağı bal verirdiniz. Bəzən digər münsiflərlə aranızda kəskin fərq olurdu. Birinin 8-9 bal verdiyi hekayəyə siz 2-3 bal verirdiniz.

Ümumiyyətlə, hekayələri hansı kriteriyalarına görə qiymətləndirirdiniz və niyə əksər hallarda aşağı balla kifayətlənirdiz?

– Hekayələri diqqətlə oxumuşam. Ümumi mənzərə ilə yaxından tanış olmuşam. Müsabiqəyə göndərilən hekayələrin ən azı yarısı hekayə standartlarına qətiyyən cavab vermirdi. Onları ən yaxşı halda ovqat yazıları adlandırmaq olardı. Müsabiqədən əvvəl saytlarda oxuduğum, gördüyüm, yəni müəllifi bəlli olan hekayələrə də aşağı bal vermişəm. Baxmayaraq ki, həmin hekayələrin müəllifləri ilə çox gözəl münasibətlərimiz var. Həmçinin hansı hekayədə Akop Martayanın uydurduğu sözə rast gəlirdimsə, mövzusundan asılı olmayaraq tərəddüd etmədən həmin hekayəyə bir, iki bal verirdim.

– Dediniz ki, ümumi mənzərə ilə yaxından tanış olmusunuz. Necə idi ümumi mənzərə?

– Ümumi mənzərə “müsibəti-fəxrəddin” idi. Hekayələrdə real həyat, həqiqi hisslər görünmürdü. Azərbaycan dilinin koloritini, müəlliflərin azərbaycanlı olduğunu hiss etmirdim. Hekayələrin çoxunu sanki Akop Martayan türkcəsindən Azərbaycan dilinə uyğunlaşdırmışdılar. Özü də çox pis, miskin, biabırçı şəkildə. Cümləyə bax sən Allah:

“Əlvida, ey duyğusallığımın məni paramparça etməsinə imkan verməyən azğınlığım. Əlvida, ey bu fani, mənasız ötəriliyin özündən müştəbeh timsalı olan kədərli həyat”.

Allah xətrinə, bir adam başa salsın görək bu hansı dildir belə. Bəzi sözlər tanış gəlir, amma hansı dil olduğun tuta bilmirəm. Mən bu hekayəyə neçə bal verməli idim? Ümumiyyətlə, bu nə məsuliyyətsizlikdi? Bir işlə necə belə məsuliyyətsizcəsinə məşğul olmaq olar? Azərbaycan dilində “duyğusal” sözü yoxdur. Bunu bilməyən adam hekayə-zad yazıb havayı yerə vaxt itirməsin. Getsin qarpız, yemiş, kələm əksin. Qaz, ördək, keçi saxlasın. Hansısa bir sənəti öyrənib həm özünə, həm də ətraf mühitə bir fayda versin.

Başqa bir cümləyə baxaq:

“Qatar şoferi qatarı saxlaya bilmədiyi üçün məlumatı baş idarəyə ötürür gedir”.

– Müəlliflərin azərbaycanlı olduğunu hiss etmirdim deyəndə, konkret nəyi nəzərdə tutursunuz ?

– Yapon yazıçısının əsərini oxuyanda hiss etməlisən ki, bu əsəri yapon yazıb. Bu əsəri ancaq yapon yaza bilərdi. Yapon olmasın, olsun alman, ispan, polyak… Həmçinin azərbaycanlı yazıçının hekayəsini, romanını oxuyanda hiss etməlisən ki, bunu yazan adam azərbaycanlıdır. Nadir istisnaları çıxsaq gənc müəlliflərin hekayələrin, yazılarını oxuyanda dilin enerjisini, dilin koloritini, müəllifin azərbaycanlı olduğunu hiss etmək olmur.

– Bəs siz hansı hekayənin qalib olmasını istərdiz? Hansı hekayələri bəyəndiniz? Xahiş edirəm, mümkünsə, əgər bəyəndiyiniz hekayələr varsa, ad çəkin, gənc dostlarımız ruhlansın.

– Hansısa hekayənin qalib olması bir münsifdən asılı deyil. Digər münsiflərin də qiymətləri həlledici rol oynayır. Azdan-çoxdan tanınmış müəlliflərin hekayələrin kənara qoysaq, “Solğun pərdələr və parlaq qalstuklar”, “Analar və oğullar”, “Ananın gül balası”, “Bir saatdan da az”, “Xatirələr”, “Diş ağrısı”, “Dəli Sənəm”, “Yeni dünya düzəni”, “Çiçək”, “Bumeranq” hekayələri digər hekayələrdən nisbətən seçilirdi. “Bumeranq” hekayəsi çox sadəlövhcəsinə yazılmışdı, amma mən o hekayədə müəllifin potensialın gördüm. Xüsusən Azərbaycan ədəbiyyatın çoxlu oxusalar, dayanmadan zəhmət çəksələr, adların sadaladığım hekayələrin müəllifləri yaxşı nəsr nümunələri yarada bilərlər. Hər şey olmasa da, çox şey insanın özündən asılıdır.

– Ümumi mənzərədə dil problemindən başqa, daha hansı problemlər vardı?

– Bəyəm dil problemi azdı? Sənə dil problemi az göründüsə buyur daha bir nümunə göstərim:

“Payızın gəlişindən xəbər verən son yay günlərinin birində onun ürəyində qəribə sıxıntı yarandı. Çalışdı bir anlam yükləməsin, amma bacarmadı”.

Bu nə cümlədir belə? Bu cümlə hansı dildə yazılıb? Başqa münsiflərin adından danışa bilmərəm, buna ixtiyarım çatmır, mən bir münsif kimi Yaşar Bünyadın “Quşlar qayıtdısa” hekayəsinə məhz dilinə görə yaxşı bal verdim. Oxuyan kimi hiss etdim ki, bu hekayənin müəllifi yaşlı adamdı.

– Sizcə, əksər hekayələr nə üçün uğursuz alınmışdı?

– Əksər hekayələrdə ucuz, bədii həllini tapmayan sentimentallıq tüğyan edirdi. Bəzi hekayələrdə də intellektual pafos fəvvarə vururdu. Samovarla Tulaya getmək olmaz. Samovarla Tulaya gedən adam gülməli vəziyyətə düşəcək.

– Müəlliflərin toxunduqları mövzular sizi qane edirdimi?

– Nə qədər bayağı səslənsə də, həqiqətən, mövzunun böyüyü kiçiyi yoxdur. Mövzunu necə işləmək məsələsi əhəmiyyətlidir. Bu, təkcə ədəbiyyat aid deyil, bütün sənət sahələrinə aiddir. Henrix Bölldən bir dəfə soruşublar ki, siz niyə ancaq balaca adamlar haqqında yazırsınız. Henrik Böll deyib ki, balaca adamla böyük adamın arasındakı xətti kim müəyyən edə bilər. Söhbət təxminən yadımda belə qalıb.

Tolstoyun “İki qoca” hekayəsi var. Adından da göründüyü kimi hekayə iki qoca kişidən bəhs edir. Tolstoy “İki qoca” hekayəsində çox ağır mövzulara toxunub. İki qoca hekayəsini kitabça şəklində nəşr edib Məkkəyə, Məşhədə, Kərbəlaya ziyarətə gedənlərə vermək lazımdı. Qoy oxusunlar, nəticə çıxartsınlar.

Onu da qeyd edim ki, hekayələrdən birində öz təsvirlərimə rast gəldim. Həmin hekayəyə də aşağı qiymət verdim.

– Sizdən təsvirlər oğurladığına görə?

– Yox, oğurladığı təsvirdən yaxşı istifadə etmədiyinə görə. Etiraf edim ki, mən özüm də o təsvirləri başqa yazıçıdan oğurlamışdım.

– Sirr deyilsə, kimdən?

– Jozef Rotdan. Amma mən oğurladığım təsvirləri öz mətnimdə əritmişdim. Belə deyək, oğurluq təsvirləri öz mətnimdə əridərək əqli mülkiyyətimə çevirmişdim. Oğurluq edəndə iz qoymamalısan. Heç kim səni oğurluq üstündə tutmamalıdır. Oğurluq təsvirləri öz mətnində elə əritməlisən ki, hətta zərərçəkmiş müəllif belə öz təsvirlərini tanımamalıdır. Tanısa da, ondan oğurluq etdiyini heç kimə sübut edə bilməməlidir. Partlaya-partlaya qalmalıdır.

– Amma bayaq adını çəkdiyiniz “Tikdirənlər və sökdürənlər” hekayəsində sizin Salam Qədirzadənin “Kəndimizdə bir gözəl var” əsərindən oğurluq etdiyinizin üstü açılmışdı. Böyük qalmaqal yaranmışdı.

– Həmin hekayədə ideya başqa idi. Hekayənin özü oğurluğun üstünün açılmasını tələb edirdi. Müəllif özü də bunu istəyirdi.

– Keçən il də, bu il də müsabiqəmizin qalibi qadın yazıçılar oldu. Son dövrlər qadın yazıçıların əsərləri həm bizdə, həm də xaricdə aktuallıq qazanıb. Builki Nobel mükafatçısı da qadın idi. Bu halı necə qiymətləndirirsiniz və nəsrdə qadınlar hansı yerdə dayanırlar?

– Hər birini ayrı-ayrılıqda ürəkdən təbrik edirəm.

– Yaşlı və özünü təsdiq etmiş yazıçılar müsabiqələrdə adətən iştirak etmirlər. Həm bir az çəkinirlər, həm də özlərinə sığışdırmırlar. Sizcə, bu proses necə olmalıdır? Tutaq ki, bizim müsabiqəyə Saday Budaqlı, Ataqam, Anar, Elçin Hüseynbəyli, Elçin Əfəndiyev, Rasim Qaraca kimi imzalar hekayə göndərsəydilər, buna münasibətiniz necə olardı?

– Adlarını sadaladığınız şəxslərin ölkə daxilində keçirilən müsabiqələrdə iştirak etmələrinə ehtiyac yoxdur. Müsabiqələrdə gənc, orta yaşa mənsub yazıçılar daha aktiv iştirak etməlidirlər.

– Gələn hekayələrdə ilk növbədə ciddi korrektə səhvləri olurdu. Sözləri səhv yazır, abzaslara ayırmır, tire əvəzinə vergül qoyur, durğu işarələrini sözlərdən ayırırdılar. Sizcə, qrammatika yazıçı üçün nə qədər əhəmiyyətlidir? Qrammatikanı bilmədən hekayə, roman, esse yazmaq olarmı?

– Yazıçı qrammatikanı bilsə, əlbəttə, bu çox yaxşı olar. Bilmirsə, bunu faciəyə çevirmək lazım deyil. Mən də qrammatikanı heç bilmirəm. Bircə onu bilirəm ki, cümlə qurtaranda nöqtə qoymaq lazımdır. Lap əvvəllər, buna görə bəzən narahat olurdum. Amma sonralar bəzi məşhur yazıçıların əlyazmaların gördüm. Xeyli təskinlik tapdım. Mənim yazanda buraxdığım qrammatik səhvlər, onların səhvlərinin yanında toya-bayrama getməli idi.

– Ölkə xaricində keçirilən hansısa müsabiqədə iştirak etmisiniz? Əgər bu barədə təcrübəniz varsa, bizim müsabiqə ilə xarici müsabiqələrin fərqi nədə idi?

– Xaricdə keçirilən heç bir müsabiqədə iştirak etməmişəm. Bu barədə heç bir təcrübəm yoxdur. Ona görə də oralarda keçirilən müsabiqələrlə Azərbaycanda keçirilən müsabiqələr arasındakı fərqlər barəsində də ciddi heç nə danışa bilməyəcəm.

Müsabiqələrin, festivalların indiki zamanda yazıçı üçün nə qədər əhəmiyyətli olduğunu təəssüf ki, çox gec başa düşdüm. Bu mənada bizim nəsil bir az pis vaxta düşdü. Yol göstərən, nəyin pis, nəyin yaxşı olduğunu deyən adamlar olmadı. İçki məclislərində çox vaxt keçirdim. Bu gündən baxanda o qədər içməyim, hər şeyi öz adıyla çağırsaq orda-burda sülənməyim mənə dəlilik, axmaqlıq kimi görünür. Cek London demişkən, təfərrüatlara girib özümüzü alçaltmayaq, uzun sözün qısası, həyatım başdan-ayağa təəssüflərdən, səhvlərdən ibarətdir…

Bax az qala hər müsahibəmdə əlimə düşən fürsətdən istifadə edib gənclərə deyirəm ki, içkinin, siqaretin, yazıçı səfilliyinin romantikasına aldanmayın. Sağlamlığınızın qeydinə qalın. İdmanla məşğul olun. Mütləq xarici dillərdən birini yaxşı öyrənin. Vaxtınızın qədrini bilin. Avaralanmayın, pis vərdişlərdən uzaq durun. Mənə gəncliyimdə bu məsləhətləri verən adam, demək olar ki, yox idi.

Hələ nə yaxşı tale üzümə güldü. Çoxlu seminarlarda, konfranslarda, müxtəlif tədbirlərdə, proyektlərdə iştirak etdim. Gözüm xeyli açıldı. Əks halda bir çox hadisələrin, məsələlərin mahiyyətini başa düşə bilməyəcəkdim.

– Xaricdə keçirilən müsabiqələrdə iştirak etməyə indi sizə nə mane olur?

– Dediyim kimi müsabiqələrin nə qədər əhəmiyyətli olduğunu çox gec başa düşdüm. İndi isə mənim belə işlərlə məşğul olmağa bir qram da gücüm qalmayıb. İndi gücüm ancaq oxumağa, yazmağa, birtəhər aydan-aya keçməyə çatır.

– Azərbaycandakı gənc yazıçıların hekayələrini, romanlarını tərcümə elətdirib, xarici müsabiqələrə göndərmələri vacibdirmi? Yazıçı karyerasına bunlar necə təsir göstərir?

– Bəli, xarici dillərə tərcümə olunmaq, xaricə çıxmağa dayanmadan, yorulmadan, ruhdan düşmədən cəhdlər etmək, müsabiqələrdə, xüsusən, festivallarda iştirak etmək çox vacibdir. Hər bir sahədə olduğu kimi ədəbiyyatda da şəxsi münasibətlər, əyani tanışlıq müstəsna rol oynayır. Bu mənada ədəbiyyat festivalları şəxsi əlaqələr qurmaq üçün böyük imkanlar yaradır.

– İndi nə oxuyursunuz, nə yazırsınız?

– Aleksandr Dümanın “Qraf Monte-Kristo”, Con Steynbekin “Cənnətdən şərqə doğru”, Arçil Kikodzenin “Cənub fili”, Cavid Ramazanovun “Amanabənd” romanların oxudum.

İndi Ordubadinin “Döyüşən şəhər”, Yuri Oleşanın “Üç gonbul” əsərlərin oxuyuram. Sonra Çexovun “Üç bacı”, Andre Moruanın “İqlimlər” əsərlərin oxuyacam. Yazla, yayla müqayisədə qışda az oxuyuram. Yazda, yayda günün çox hissəsini parklarda, açıq havada oluram. Həm hava alıram, həm də mütaliə edirəm. Həm ziyarət olur, həm də ticarət. Qışda daha çox bədii, sənədli filmlərə baxmağa üstünlük verirəm.

Nə yazmağa gəldiksə isə… “Mənasız hekayələr” nəşr olunandan sonra beş hekayə yazmışam. Yazda növbəti kitabımı nəşr etmək istəyirəm.

– Sırf yaradıcılıq mətbəxin götürsək gənc yazıçılara hansı vacib məsləhəti vermək istərdiniz?

– Söhbət sırf yaradıcılıq mətbəxindən gedirsə, ən vacib məsləhətim budur ki, yazmazdan əvvəl, yəni yazıya hazırlıq dövründə, yazı prosesi zamanı, yazandan sonra mütləq və mütləq Azərbaycan dilində yazılmış əsərləri oxusunlar. Özü də nə gəldi.

Əsərin, müəllifin tanınmasına, tanınmamasına əhəmiyyət verməsinlər. Burda əsas məsələ daima yazdığın dilin içində olmaqdır. Bizə lazım olan bir söz heç gözləmədiyimiz bir əsərdə qarşımıza çıxa bilər.

Tutaq ki, bir hekayə yazmısan. Bu bir hekayəni yazandan sonra Azərbaycan dilində yazılmış iki kitab oxumalısan. Roman yazandan sonra Azərbaycan dilində yazılmış azı on kitab oxumalısan. Yüz faiz oxuduqlarının sənə faydası olacaq. Başqa əsərlərdəki dialoqlar, təsvirlər səni öz dialoqlarının, təsvirlərinin üzərində təzədən işləməyə sövq edəcək. Ağlına yeni-yeni ideyalar, fikirlər gələcək. Dilin cilalanacaq. Əsərdə kolorit artacaq. Dili, sözü hiss edəcəksən. Bəzən bir sözün, bir cümlənin yerində işlədilməsi obraz haqqında, hadisənin baş verdiyi məkan haqqında oxucuda dəqiq təsəvvür yarada bilər. Sözü, dili hiss etmək yazı adamı üçün çox böyük üstünlükdü. Bu vacib üstünlüyü əldə etməyin yeganə yolu yerli ədəbiyyatı dərindən bilməkdən keçir.

Share: