Kulis.az Amerika yazıçısı Mark Tvenin “Yerdən məktublar” adlı teoloji essesindən ikinci hissəni təqdim edir. Qeyd edək ki, Kamran Nəzirlinin tərcüməsində Azərbaycan dilinə ilk dəfə tərcümə olunan esse hər həftənin şənbə günü saytımızda hissə-hissə dərc olunacaq.
(əvvəli ötən sayımızda)
Bura çox qəribə yerdir, qeyri-adi və həddən artıq maraqlı məkandır. Bizdə belə şeylər olmur. Burda insanların hamısı dəlidir, elə heyvanlar da hamısı dəlidir. Yer kürəsi dəlidir, elə Təbiətin özü də dəlidir. İnsan çox nadir və hər şeyi bilməyə can atan əcaib məxluqdur. Ən yaxşı halda onun görünüşü üzünə lak sürtmüş ən aşağı kateqoriyalı mələyi xatırladır; ən pis halda isə onu təsəvvürə gətirmək belə mümkün deyil, dilə də gətirmək olmur; o hər yanda, hər zaman və hər şeydə sarkazmdır, parodiyadır. Bununla belə, insan bütün səmimiyyəti və təmkiniylə özünü “Allahın yaratdığı ən nəcib məxluq” adlandırır. Vicdanıma and olsun düz deyirəm! Və insanın başına girən bu ideya təzə söhbət deyil, bütün zamanlar və əsrlərdə o elə bu ideya ilə yaşayıb, ona inanıb. O öz düşündüyü ideyasına inanıb! Hələ indiyə kimi insan cəmiyyətində elə bir adam tapılmayıb ki, bu ideyaya gülünc bir şey kimi baxsın.
Bundan başqa, görün bu insan nə deyir: deyir “mən Allahın sevimli bəndəsiyəm!”. Öz dediyinə də inanır; inanır ki, Allah onu sevir, onunla qürur duyur; hətta buna da inanır ki, Yaradan ondan ötrü ölür, gecələri yatmır, bütün günü onunla məşğul olur, ona heyrandır, hə, hə, elə belə də hesab edir; hesab edir ki, Yaradan onun üstündə əsir, onu bəlalardan qoruyur. İnsan Ona dua edir, Ondan kömək diləyir, Ondan mərhəmət, bərəkət, xeyir diləyir və düşünür ki, O insanın dualarını eşidir. Qəribə məntiqdi, elə deyilmi? Hələ üstəlik öz dualarını riyakarcasına beyninə yeridir, elə güman edir ki, guya Yaradan məmnunluqla bundan feyziyab olur, mənasız mədhiyyələrə qulaq asmaqdan həzz alır. İnsan hər gün dua edir, ümid və inamla dua edir; halbuki onun bu vaxta kimi etdiyi bütün duaları cavabsız qalıb. Lakin gündəlik rüsvayçılığı, gündəlik uğursuzluğu insanı ruhdan salmır, əksinə, o yenə heç nə olmamış kimi dualar edir. Bax bu inadkarlıqda nəsə bir gözəllik var! Hələ bunlar nədir ki! Baxın görün insan daha nə düşünür? O düşünür ki, göylərə gedəcək!
Bunu insana təlqin edən, öyrədən məvacibli müəllimlər var. İnsana təlqin edirlər ki, cəhənnəm var, əgər “Ehkamlar”a riayət etməsə, cəhənnəm odunda yanacaq. Bəs bu “Ehkamlar” nədir belə? Çox maraqlı şeylərdi. Yeri gələndə mən onlardan sizə bir-bir danışacam.
İkinci məktub
“İnsan haqqında sizə dediklərimin hamısı həqiqətdir”. Əgər məktublarımda hardasa təkrara yol versəm, məni bağışlayın; istərdim ki, yazdıqlarıma ciddi baxasınız. Və hiss edirəm ki, mən sizin yerinizdə və siz də mənim yerimdə olsaydınız, belə təkrar xatrılatmaları vaxtaşırı etmək məcburiyyətində qalardıq, əks təqdirdə, mənim inamım ölə bilərdi. Çünki insanda hər şey qəribə görünür, hər şey; onun şeylərə münasibəti bizimkindən fərqlidir; onun hadisələrin qarşılıqlı əlaqəsi barədə təsəvvürləri bizimkindən tamamilə fərqlənir; anlayışı o qədər fərqlidir ki, bizim bütün intellektual gücümüzə baxmayaraq, hətta bizlərdən ən istedadlısı belə insanı başa düşməyə qadir ola bilməz.
Bir tipik misal çəkim sizə: insan özü üçün Cənnəti uydurub, ora özünə tanış olan bütün ali həzzləri buraxmır: insan tayfası ekstazı- cinsi əlaqəni (elə biz özümüz də!) hər şeydən üstün sayır, amma onu cənnətdən kənar bilir. Elə bil səhrada susuzluqdan az qala ölən yolçuya xilaskar təklif edir: ürəyi istədiyi yalnız bir şey seçib götürə bilər, yolçu da sudan imtina edir!
İnsanın düşündüyü Cənnət onun özü kimidi: qəribə, maraqlı, valehedici, gülünc. Düz sözümdü, cənnətdə insanın həqiqətən dəyər verdiyi şeylərə yer yoxdu. Cənnət bütövlükdə və tamamilə əyləncələrdən ibarətdir, bunları isə insan Yerdə xoşlamır; bununla belə, möhkəm inanır ki, o bütün bunları cənnətdə görəcək. Məgər bu qəribə deyil? Məgər bu sizə maraqlı gəlmir? Elə fikirləşməyin ki, mən şişirdirəm, yox, belə deyil. Mən indi sizə faktlar gətirəcəm.
İnsanların əksəriyyəti oxumağı xoşlamır, əksəriyyəti nəğmə oxumağı bacarmır. İnsanların əksəriyyəti başqa birisinin iki saatdan artıq oxumasına da dözmür. Bax, bunu yadınızda saxlayın.
Yalnız yüz nəfərdən ikisi hansısa musiqi alətində çala bilir, qalan doxsan səkkiz nəfərin içində də dörd nəfər adam tapa bilməzsən ki, musiqi alətində çalmağı öyrənmək istəsin. Bunu da yadda saxlayın.
Çox adam dua edir, lakin bununla sevə-sevə məşğul olan adam çox azdır. Yalnız tək-tük adamlar uzun müddət dua edir, qalanları çalışır ki, duaları qısa eləsin.
İnsanların hamısı kilsəyə getmir, gedənlərin əksəriyyəti də bunu ürəkdən eləmir. Şənbə Günü ayinlərinə riayət etmək əlli nəfərdən qırx doqquzuna kədərli və cansıxıcı vəzifə kimi görünür.
Bazar günü kilsədə oturanların üçdə ikisi ayinin elə ortalarında üzülür, yorulur, qalanı da səbirsizliklə mərasimin bitməsini gözləyir.
Kilsəyə gələnlər üçün ən sevincli an o vaxt baş verir ki, keşiş xeyir-dua vermək üçün əllərini göyə qaldırır. Kilsədə camaat arasında rahat olduqlarını ifadə edən tərpəniş xışıltısı yayılır, buna bir minnətdarlıq fəsahəti kimi baxmaq olar.
Heç bir millət heç bir milləti sevmir, hamı bir-birinə yuxarıdan aşağı baxır.
Bütün ağ dərili millətlər qara dərili millətlərə həqarətlə baxırlar, bacardıqca onları əzir, ya da istismar edirlər.
Ağlar qaralarla izdivaca girmir, ümumiyyətlə onlarla evlənmirlər.
Ağlar zənciləri öz məktəblərinə və kilsələrinə buraxmırlar.
Bütün dünya yəhudilərə nifrət edir, onları görməyə gözləri yoxdu, yalnız varlı yəhudini sevirlər.
Xahiş edirəm bu faktları da yadda saxlayın.
Dalına qulaq asın: bütün normal adamlar səs-küyü xoşlamır. Bütün normal və qeyri-normal adamlar həyatın rəngbərəng olmasını xoşlayırlar, yeknəsək həyat onları dərhal bezdirir.
Hər bir kəs intellektual qabiliyyətlərinə uyğun olaraq daim öz payına düşən ağlını artırır, inkişaf elətdirir; bu çalışmalar onun həyatının ən əsas, qiymətli və vacib hissəsini təşkil edir. Ən nadan və cahil insanın da, ən yüksək intellekt sahibinin də özünəməxsus qabiliyyətləri var; onları işə salanda bundan həzz alırlar, istedadlarını sübut etməyə və reallaşdırmağa çalışırlar. Küçə uşağı öz həmkarına üstün gələndə necə sevinirsə, heykəltəraş, rəssam, musiqiçi, riyaziyyatçı və digərləri də eyni situasiyada eyni hissləri yaşayır. Onlardan heç biri istedadlarının boğulduğunu, ya da qadağan olunduğunu görəndə özünü xoşbəxt hiss etməz.
İndi bütün faktlar qarşınızdadır; insanların nəyi xoşladığını, nəyi xoşlamadığını bilirsiniz. Beləliklə, bəşəriyyət kənar müdaxilə olmadan, öz anladığına görə Cənnəti icad edib. Bir anlıq təsəvvür etməyə çalışın: Cənnət nəyə bənzəyir? And içərəm ki, heç əlli milyon ilə də bunu tapa bilməzsiniz. Bunu heç bizim aramızdakı ən fərasətli ağıl sahibi belə tapa bilməz. İndi mən sizə hər şeyi deyəcəm.
– Əvvəla, sizin yadınıza lap başlanğıcda dediyim heyrətamiz faktı salmaq istəyirəm: məhz insan, əbədi olan varlıqlar kimi öz təbii həzzləri arasında ən ləzzətlisini, ən üstünü olan seksual əlaqəsini düşündüyü cənnətindən xaric edib! Ekstaz barədə düşünərkən belə o ehtiraslanır; cinsi əlaqəsini yerinə yetirmək fürsətini əldə edəndə haldan çıxır, hər şeyi unudur, hətta o, öz həyatını və nüfuzunu, öz sərsəm cənnətini belə təhlükəyə ata bilər, təki o gözəl ekstaz hissinin kulminasiya nöqtəsini yaşasın. Cavanlıqdan qocalığa qədər bütün kişi və qadınlar o yaşantı hissini bütün həzlərdən üstün tuturlar, lakin, dediyim kimi, o həzzə Cənnətdə yer yoxdur, onu dua və ibadət əvəz edir!
Bəli, onlar bunu yüksək qiymətləndirirlər; hər halda, digər bütün “həzlər” kimi, o da həddən artıq miskin bir həzdir. Hətta ən yaxşı halda bu cinsi akt insanlarda təsəvvürəgəlməz dərəcədə çox qısa sürür, əlbəttə, bunu əbədi olan məxluqların fikrincə demək istədim. Və onu təkrar etmək üçün insanın gücü elə məhduddur ki… yox, əbədi olan məxluqlar bunu anlaya bilməz. Biz, o həzzi yaşayanlar, fasiləsiz olaraq ali ekstazla yüz illər boyu dayanmadan yaşayırıq; buna görə də bu ali bəxşişə aid olan hissi insanların miskincəsinə anladığını heç vaxt lazımi səviyyədə başa düşə bilmərik. Ali ekstaz hissi bütün ləzzət və həzləri kölgədə qoyur, onları dəyərsiz edir.
– İnsanın yaratdığı Cənnətdə hamı oxuyur! Yer üzündə insan oxumurdu, amma orda oxuyur; Yer üzündə insan oxumağı bacarmırdı, amma orda bu istedada sahiblənir. Və bu aləmin nəğməsi daimidir, fasiləsizdir, bir an belə susmur. O bütün günü davam edir, hər gün on iki saat dalbadal səslənir. Və heç kim də çıxıb getmir, halbuki Yerdə belə bir situasiyada ikicə saatdan sonra hamı çoxdan dağılışardı. Onlar yalnız zəbur surəsini oxuyurlar. Bircə dənə surədi, vəssalam. Sözlər eynilə bir-birinin təkrarıdır, təxminən on söz olar. Zəburda ritm və ya poetiklik deyilən bir şey yoxdu, yoxdu: ”Hosannah, hosannah, hosannah, Lord God of Sabaoth, ‘rah! ‘rah! ‘rah! siss! – boom! … a-a-ah!”. Vəssalam!
– Eyni zamanda milyonlarla insan bir nəfər kimi Cənnətdə arfa çalır, halbuki Yerdə min nəfərdən heç on ikisi tapılmazdı ki, hər hansı musiqi alətində çala bilsin, ya da çalmağı öyrənmək istəsin. Bu səslərin qulaqbatırıcı uğultusunu təsəvvür edin, milyon-milyon səs birdən oxuyur, çığırır, milyon-milyon arfa onlara qıcırtıyla cavab verir! Mənə deyin görüm, məgər bu, dəhşət, yaramazlıq və mənfurluq deyilmi? Və nəzərə alın: bütün bunlar mədhiyyədən ötrü edilir, həzz almaqdan, tərif söyləməkdən, öz itaətkarlığını və heyranlığını ifadə etməkdən ötrü edilir! Bilmək istəyirsinizmi belə bir qəribə tərifnaməyə, sarsaq mədhiyyə cəfəngiyyatına kimdi könüllü olaraq dözən? Dözmək azdı, hələ görün kimdi bundan nəşələnib məst olan, bunu tələb və əmr edən? Mədhiyyənin məhz bu formada olmasını istəyən kimdi? Onda bir anlıq nəfəsinizi dərin!
Bu – Allahdır! İnsan tayfasının Allahı! Bunu demək istəyirəm! O öz taxt-tacında oturur, ətrafında iyirmi dörd ali əyan və digər saray əhli var, saysız-hesabsız azğın sitayişçilərinə baxır, gülür, zümzümə edir, məmnun-məmnun şimala, şərqə, qərbə, cənuba sarı başını tərpədir; sanki O bütün külli-aləmdə belə əcayib, belə sarsaq varlığa zamin durmağa hazırdır.
Baxın, Cənnəti icad edən onu özbaşına və müstəqil surətdə uydurmayıb, bunu anlamaq çətin deyil. O bu ideyanı sadəcə Şərqin künc-bucaqlarında məskunlaşan hansısa xırda bir monarxiyanın tamaşa-mərasimlərindən götürmüşdür.
Bütün normal ağ dərili insanlar səs-küy götürmür. Bununla belə, onlar düşünmədən, götür-qoy etmədən, məsələni dərindən öyrənmədən sakitcə belə bir səs-küylü cənnəti qəbul edirlər, hətta sidq-ürəkdən ora düşmək istəyirlər! Saç-saqqalı ağarmış qoca mömin adamlar vaxtlarının çox hissəsini o xəyallara həsr edirlər ki, ha vaxtsa xoşbəxt günlərin birində onlar Yer üzündəki qayğılarından qurtulacaq, Cənnətə düşüb onun ləzzətlərini dadacaqlar. Eyni zamanda asanlıqla görmək olar ki, bu cənnət-məkan onlar üçün necə də qeyri-real görünür, həqiqətən onlar düşündükləri cənnətə az inanırlar; axı onlar nahaq yerə böyük dəyişikliyə, yəni o biri dünyaya getməyə heç də hazırlaşmırlar, çünki onlardan heç biri arfa çalmağı öyrənmir, nə də onların heç vaxt nəğmə oxuduqlarını görmürsən.
Gördüyünüz kimi, qeyri-adi tamaşa mədhiyyə oxumaq üçün lazımdı, elə bir mədhiyyə ki, zəburun surəsindən gəlir; elə bir mədhiyyə ki, diz çöküb sitayiş etməyi ifadə edir. Bu “Kilsə”ni əvəz edir. Axı burda, Yer üzündə insanlar kilsə ibadətlərinin həddən artıq uzanmasına dözmürlər: uzaqbaşı bir saat on beş dəqiqə çəkir, vaxt həddi bu qədərdi, həm də həftədə bir dəfə olur. Daha doğrusu, Bazar günləri. Yəni yeddi gündən biri. Hətta bu şərtlərlə belə onlar ibadəti çox da həvəslə gözləmirlər. Beləliklə, bəs uydurduqları Cənnət onlara nə vəd verir? Əbədi kilsə ibadəti və sonu olmayan Şənbə Günü ayinləri! Hətta burda həftədə bir dəfə keçirilən qısa Şənbə Günü ayini onları dərhal təngə gətirir, lakin hər halda, onlar həvəslidirlər ki, mərasim əbədi davam eləsin; onun haqqında şirin xəyallara dalırlar, danışırlar, düşünürlər ki, o Cənnət onlara məmnunluq gətirəcək; çox həssas sadəlövhlüklə düşünürlər ki, belə bir cənnətdə onlar xoşbəxt ola biləcəklər.
Bütün bunlar onu göstərir ki, onlar ümumiyyətlə düşünə bilmirlər; onlar yalnız düşünürlər ki, guya düşünürlər. Əslində isə onların düşünmək qabiliyyətləri yoxdur; on min adamdan az qala iki nəfər tapa bilərsən ki, nə barədəsə düşünə bilsin. Onların təxəyyüllərinə gəlincə isə… siz onların düşündükləri Cənnətə baxın! Onlar Cənnəti qəbul edirlər, onlar Cənnəti təqdir edirlər, onlar Cənnətlə fəxr edirlər! Onların ağlı barədə təsəvvür əldə etmək üçün elə bu bəs edər!
– İnsanların Cənnətini icad edən ora Yer üzündə yaşayan bütün millətləri fərqinə varmadan doluşdurur. Özü də tamam bərabərlik əsasında, heç kimi alçaltmadan, yaxud yüksəltmədən: onlar “qardaş” olamlıdırlar, onlar həmişə bir yerdə olmalıdırlar, bir yerdə dua, ibadət etməlidirlər, bir yerdə arfa çalmalı, bir yerdə zəburun surəsini oxumalıdırlar; ağlar da, qaralar da, yəhudilər də, bütün başqa millətlər də hamısı bir yerdə olmalıdır; onlar arasında heç bir fərq, ayrı-seçkilik qoyulmur. Burda, Yer üzündə isə millətlər bir-birini sevmir, bir-birlərinə nifrət edirlər, bütün millətlər yəhudilərə həqarətlə baxırlar. Bununla belə, hər bir mömin adam Cənnət üçün ölür, gecə-gündüz dua edir ki, ora düşsün. Özü də tamam sidqi-ürəkdən dua edir. Və bu müqəddəs heyranlığıyla insan düşünür ki, guya düşünür, guya düşünür ki, Cənnətə düşsə, o, Yer üzündə yaşayan bütün tayfaları qucaqlayıb bağrına basacaq, durmadan onları sinəsinə sıxacaq!
İnsan əsl möcüzədir! Çox istərdim biləm: onu kim icad edib?