Belə çıxır ki, VII-VIII əsrlərdən bəri bizim bütün dədə-babalarımız avam, cahil olub, bu gün bir neçə özündənmüştəbeh “ziyalı” hamıdan ağıllı və imanlı çıxıb?..
“Şiələrin yas, əzadarlıq məkanlarının dağıdılması vacibdir. Çünki onlar sonradan meydana çıxmış bidətlərdir, Peyğəmbərin və xəlifələrin zamanında belə şeylər olmayıb. Həmin yerlərə yollanan zəvvarlara maneələr yaratmaq lazımdır. Oralardakı vaizlərin, dini təbliğatçıların sayını azaltmaq, onların və həmin məkanların nəzarətçilərinin boynuna yüksək vergilər qoydurmaq gərəkdir…”
Dəyərli oxucular, bu sətirlər hələ XVIII əsrin əvvəllərində Britaniya imperiyasının Müstəmləkələr Nazirliyinin İslam dünyasını, xüsusən nəhəng Osmanlı dövlətini 100 il ərzində parçalayıb çökürtmək üçün tərtib edərək canişin və xəfiyyələrinə payladığı proqramın olduğu 1000 səhifəlik kitabdan -“Müsəlmanların güclü tərəflərini zəiflətmək üçün” nəzərdə tutulan 16-cı maddədəndir. Oxuyan kimi dərhal vəhhabilərin əqidələri də yada düşür. Əzadarlıq məkanlarıyla yanaşı, “qəbirləri, hətta peyğəmbərlərin məzarlarını, dini abidələri dağıtmaq” da onların planlarına daxildir. Vəhhabiliyi kimlər qondarıb, bu gün onların arxasında kimlər dayanır? Əlbəttə ki, anqlosaks və sionistlər… Vəhhabilik də məhz XVIII əsrin əvvəllərində, məhz Britaniya krallığının birbaşa dəstəyi, sionist yəhudilərin maliyyəsi hesabına yaradılmışdır. İslam düşmənləri bir əsr ərzində müsəlman dünyasını tam şəkildə parçalaya bilməsələr də, təəssüf ki, son 30-40 ildə böyük nailiyyətlər əldə ediblər. Və onların İslamı məhv etmək proqramları bu gün də qüvvədə qalmaqda və maliyyələşdirdikləri xəfiyyə və xəyanətkarlar vasitəsi ilə həyata keçirilməkdədir…
Son iki onillikdə əhalisinin böyük əksəriyyətini şiələrin təşkil etdiyi Azərbaycanda da rəsmi və ya qeyri-rəsmi səviyyədə müxtəlif “din təəssübkeşləri”, “hamıdan ağıllı, savadlı, ziyalı ilahiyyatçılar” tərəfindən müsəlmanların birliyinə zərbə vura biləcək təxribatçı düşüncələr yayılmaqda, qaydalar tətbiq edilməkdədir. Gah Aşura mərasimlərinə qarşı hücumlar edilir, onlar bütövlükdə xurafat, cahillik kimi təqdim edilməyə çalışılır, yaxud guya yoxsullara dəstək, israfçılığın qarşısının alınmasının məqsədi ilə yas mərasimlərində “3” və “7”-nin, eləcə də xörək süfrələrinin yığışdırılması kimi məsələlər ortalığa atılır…
Əlbəttə, heç bir imanlı müsəlman İslamın ayrı-ayrı məzhəb, təriqət və cərəyanlara bölünməsini istəməz, hamının vahid bir qaydada ibadət etməsini istərdi. Ancaq istəsək də, istəməsək də, yüz illər boyu şiəlik və sünnilik əqidələri mövcud olub və İslam düşmənləri bu məzhəblərin nəinki aralarında, öz içlərində də təfriqə və silahlı qarşıdurmalar yaratmaq üçün onlarla yen-yeni “təriqət” və “cərəyan”lar icad etmişlər. Amma bütün xarici təsirlərə rəğmən Azərbaycanda bu iki məzhəb arasında heç vaxt ciddi bir qarşıdurma olmayıb. Eyni Allaha, eyni Peyğəmbərə(s) iman gətirsək də, ibadətlərimizin icrasında o qədər də qabarıq görünməyən fərqlər olub, amma hər kəs biri-birinə istehza etmədən öz ibadətini bildiyi kimi icra edib və daim birlik nümayiş etdirib. Bunu ona bənzətmək olar ki, eyni masa arxasında eyni xörəyi birimiz əllə, o birimiz çəngəl-bıçaqla yeməyi xoşlayırıq… İndi, əllə yeyənlər çəngəllə yeyənləri və yaxud əksinə, düşmən elan edib məclisdən qovmalıdır… Nə xoş ki, xalqımız belə məntiqsiz düşüncələrə qapılmayıb…
Onu da unutmaq olmaz ki, Britaniya imperiyasıyla yanaşı, Rusiya imperiyaları da bu coğrafiyada İslama qarşı müxtəlif yollarla mübarizə aparmışdır. Azərbaycan və digər müsəlman regionlarında bu, xüsusən Sovetlər dövründə özünü kəskin şəkildə göstərmişdir. 1920-1930-cu illərdə on minlərlər say-seçmə din xadimi repressiyalara məruz qalmış, minlərlər məscid anbar və tövləyə çevrilmiş, Quran və digər dini kitablar yandırılmışdır. Həmin dövrdə fəaliyyət göstərən “Allahsızlar İttifaqı” gənc nəslin əqidəsinə ciddi zərbələr vurmuş və xeyli insan Allahdan üz döndərmişdir. Bu, indiki orta və yaşlı nəsillərin timsalında özünü hələ də göstərməkdədir… Amma son nəticədə bütün bu basqı, təzyiq və repressiyalara rəğmən xalqımız İslam dinini yaşada bilmişdir. Və burada dədə-babalarımızın imanı, əzmkarlığı ilə yanaşı bir neçə amil də böyük rol oynamışdır. Bunlardan birincisi, məhz əzadarlıq məclisləri, o cümlədən Aşuradır- İmam Hüseyn əleyhissəlam başda olmaqla Kərbəla şəhidlərinin xatirələrdə yaşadılmasıdır. Məscidlərin qapandığı sovet dövründə nə qədər qadağalar qoyulsa da, bir sıra bölgələrimizdə Aşura ayinləri, Peyğəmbər(s), İmam Hüseyn(s), Həzrət Əli(s) sevgisi yaşadılmışdır…
İkincisi, ayrı-ayrı insanların müsəlman qaydasıyla dəfn və yas mərasimləridir. Bu gün də elə bölgələr var ki, orada hələ də namazqılan və oruc tutanların, məscidə gedənlərin sayı məhduddur. Sakinlərin çoxu yalnız yas mərasimlərində və Aşura günlərində Quran sədası eşidir, müxtəlif hədisləri dinləyirlər. İndi təsəvvür edin ki, tədricən yas məclislərində insanların toplanması aradan qaldırıldı, onda həmin imanı zəif insanlar Quran sədasını, Peyğəmbər(s) kəlamını harada dinləyəcək?..
Üçüncüsü, seyid ocaqlarıdır. Doğrudur, bunların arasında gerçək seyidlərin sayı az olsa da, adamlar var ki, namaz qılmır, oruc tutmur, əyyaşlıq edir, amma heç olmasa, bu ocaqlara gedəndə az da olsa, təmizlənir, xatırlayır ki, o müsəlmandır, Peyğəmbəri kimdir. Və bəzən də iman gətirib ibadətə başlayır…
Dördüncüsü, pirlərdir. Onlara ziyarətdə də kifayət qədər şirk, bütpərəstlik elementləri olsa da, kimlərsə qazanc məqsədi güdsə də, yenə də onların əksəriyyətinin İslam dini ilə bağlantısı var…
Bu deyilənlər yüz illərlə xalqımızın ayrı-ayrı təbəqə və fərdlərinin təfəkküründə özünə kök salmış adət və ayinlərdir. Və nə qədər mənfi cəhətləri olsa belə, biz birdən –birə bolşeviksayağı, vəhhabisayağı durub seyid ocaqlarını, pirləri ləğv edə bilmərik. Əksinə, bununla biz klassik şiəliyin yerinə ölkəyə radikal cərəyanların: vəhhabiliyin, “İŞİD”çiliyin və s. gətirilməsinə şərait yaradar və ölkədə düşmənlərimizin istədiyi xaosa nail olarıq…
Aşuraya gəldikdə, öncəki yazılarımızda dediyimiz kimi, əlbəttə, möminlərin kütləvi şəkildə zəncir vurub baş yarması, bədənlərinə ağır
xəsarətlər yetirməsi bəyənilən hal deyil. Bu mərasimlərin ayrı-ayrı peşəkar qrupların icra etdiyi şəbih mərasimləri şəklində olmalıdır. Ancaq bütövlükdə İmam Hüseynə(s) və yaxud Həzrət Əliyə(s) əzadarlıq məclislərini xurafat hesab etmək və onun iştirakçılarını təhqir etmək böyük yanlış və günahdır…
Belə çıxır ki, VII-VIII əsrlərdən bəri Azərbaycanın 90 faizinin bütün əcdadı, dədə-babaları, nənələri, onların arasından yetişmiş, nüfuzlu darülfun və mədrəsələri bitirmiş axundlar, ilahiyyatçılar hamısı avam, cahil olub, bu gün ortalığa atılmış bir neçə özündənmüştəbeh “savadlı, ziyalı” onların hamısından ağıllı çıxıb?.. Heç kəs unutmasın ki, əgər cəmiyyətdəki hər hansı bir mənfi cəhəti doğrudan da təftiş və islah etmək niyyəti güdürsə, bunu zorakılıq və həqarətlə yox, yalnız elm və helmlə etməlidir. Bu sarıdan Peyğəmbərimizdən(s) nümunə götürmək gərəkdir. Məhəmməd əleyhissəlam birbaşa hərbi savaşlar xaric, qalan hallarda, dinc şəraitdə ünsiyyətdə olduğu bütpərəst və müşriklərlə, yəhudi və xristianlarla, hətta ona zülm etmiş insanlarla belə, xoşluqla davranmış və məhz bu cür davranışın sayəsində İslam düşmənlərinin xeyli hissəsi Allaha və Peyğəmbərimizə(s) iman gətirərək müsəlman olmuşdur…
Əgər bu gün kimlərsə bütün deyilənlərə rəğmən özünü hamıdan ağıllı sanaraq, təkəbbürə qapılaraq ölkənin əksəriyyət müsəlman əhlini təhqir edir və illərlə ciddi-cəhdlə yalnız öz bildiyi əqidəni yeritməyə çalışırsa, həmin şəxslər birbaşa, yaxud dolayısıyla “şiələrin yas və əzadarlıq məkanlarının dağıdılması vacibdir” deyən İslam düşmənlərinə xidmət edirlər…