Sığırlı sakinləri bütün səslərini Rafael Hüseynova vəd etdilər

Sığırlı sakinləri bütün səslərini Rafael Hüseynova vəd etdilər

Milli Məclisə sentyabr ayının 1-də keçiriləcək növbədənkənar seçkilər ərəfəsində 63 saylı Hacıqabul-Kürdəmir seçki dairəsindən deputatlığa namizəd Rafael Hüseynov növbəti görüşünü Kürdəmir rayonunun ən böyük və qədim kəndlərindən olan Sığırlıda keçirdi.

Avqustun 17-də kənd camaatının ən müxtəlif təbəqələrini təmsil edən çoxsaylı gənclərin, ahılların, ağsaqqalların, ziyalıların toplandığı görüşdə hərarətlə qarşılanan Rafael Hüseynov əvvəlcə seçicilərlə Milli Məclisdə fəaliyyət göstərdiyi illər ərzində gördüyü işlər, Azərbaycanın yeni əsr içərisindəki böyük yüksəlişləri, ərazilərimizin düşmən tapdağından azad olunması və möhtəşəm zəfərimizlə yeni tariximizdə açılan büsbütün yeni səhifə haqqında düşüncələrini bölüşdü.
Həm Birinci Qarabağ müharibəsində, həm 2016-cı ilin aprel döyüşlərində, həm də 44 günlük savaşda bütövlükdə 8 şəhid vermis Sığırlının qələbəmizdəki əvəzsiz payından söz açan Rafael Hüseynov vaxtilə vida məarsimlərində iştirak etdiyi həmin qəhrəmanlarımızın xatirəsinin həmişə anılacağını, onların qovuşduğu torpağımızın müqəddəsliyinin daha da artdığını, azad, inkişaflı, rifah içindəki günlərimizin varlığı naminə həyatlarını qurban vermis igidlərimizin xatirəsinin həmişə ehtiram və məhəbbətlə anılacağını bildirdi.
Sığırlının həyatında son illərdə baş vermis müsbət dəyişikliklərdən yaxşı xəbərdar olduğunu söyləyən Rafael Hüseynov 10 il əvvəl inşa edilmiş və bütün müasir tələblərə cavab verən məktəb binasının, kəndin sürətli internətlə təmin olunmasının, enerji təminatı sahəsində ciddi irəliləyişlərə nail olunmasının və digər bu qəbil sevindirici irəliləyişlərin müqabilində hələ görülməli işlərin də az olmadığını söyləyərək bu istiqamətdə səlahiyyət və imkanları çərçivəsində həmişə səylər qoyacağını bildirdi.
Kənd ziyalıları və Sığırlı ağsaqqalları çıxış edərək uşaqlıq illərindən bu yerlərlə bağlı olan Rafael Hüseynovun ictimai-siyasi, elmi və ədəbi-mədəni fəaliyyətlərini diqqətlə izlədiklərini, uğurları ilə iftixar etdiklərini, onu özlərinin tək namizədi saydıqlarını bildirmişlər.
Kənd ictimaiyyətin nümayəndələri Sırılıdanın 7644 nəfər əhalisi, 5198 nəfər seçicisinin olduğunu qeyd edərək onların hamısının qarşıdakı seçkilərdə yekdilliklə Rafael Hüseynovu dəstəkləyəcəklərini vəd etmişlər.

Share: