Şimali Karolina Universitetinin azərbaycanlı dosenti
Alın yazısı mücərrəd anlayışdır. Mövcudluğuna inananlar da vardır, inanmayanlar da. Lakin bir həqiqət danılmazdır, heç kim öz aqibətini öncədən bilmir.
O, hərbiçi olmaq istəyirdi. Bu məqsədlə hərbi məktəbə üz tutmuşdu. Fəqət, sonda hər şey başqa cür oldu, necə deyərlər, cahanda bir general azalsa da, bir alim artdı…
Bəli, bu dəfəki söhbətimin qəhrəmanı C.Naxçıvanski adına Hərbi Liseyin məzunu Əli Əskərovdur. O, 1970-ci ildə Qərbi Azərbaycanın Amasiya rayonunda dünyaya gəlib. 1988-ci ildə orta təhsilini hərbi liseydə başa vurub, əsgəri xidmətə yollanıb. Ordudan tərxis olunduqdan iki il sonra isə Türkiyənin Orta Doğu Texniki Universitetinə qəbul olunub. Bes il oranın beynəlxalq münasibətlər bölümündə ali təhsil alıb. 1999-2001-ci illərdə Bakı Dövlət Universitetinin beynəlxalq münasibətlər fakultəsində magistr dərəcəsinə yiyələnib. 2001-ci ildə ABŞ-a gəlib. 2002-ci ilədək Corc Meyson Universitetində elmi tədqiqatla məşğul olub. 2003-2005-ci illərdə həmin universitetin sülh və münaqişə elmi institutunda magistraturada təhsilini davam etdirib. 2005-2007-ci illərdə Vaşinqtonda müxtəlif yerlərdə çalışıb. 2007-2011-ci illərdə Kanadanın Manitoba Universitetində sülh və münaqişələr mərkəzinin doktoranturasında təhsilini artıraraq konfliktologiya üzrə fəlsəfə doktoru alimlik dərəcəsinə yiyələnib. 2011-2013-cü illərdə Kanadanın Manitoba, Vinnipeq və Regina universitetlərində müəllim işləyib. 2013-cü ildən ABŞ-ın Şimali Karolina Universitetinin konfliktologiya departamentində tenure almış dosent vəzifəsində çalışır…
…Ömür-gün yoldaşı Şəlalə xanım ixtisasca həkimdir. 2015-2017-ci illərdə Şimali Karolina Universitetində terapevtik bərpa departamentində magistraturada təhsilini artırıb. Autizm cəmiyyətində işləyir. İki övladı vardır. Oğlu Təkin 15, qızı Fatima 11 yaşındadırlar. Yeri gəlmişkən, Fatima xanımın doqquz yaşı olanda ilk azərbaycanlı azyaşlı müəllif kimi “Aya və Maya” adlı hekayələr kitabı ABŞ-da işıq üzü görüb…
Deyir ki,- “Ən böyük arzum Qarabağın tezliklə geri alınmasıdır. İkinci arzum isə Azərbaycanın inkişaf etmiş ölkələr sırasında adının hallanmasıdır”…
Dörd kitab müəllifidir. Onlardan biri Almaniyada, üçü isə ABŞ-da işıq üzü görüb. Məqalələri Avropa və Amerika elmi jurnallarında dərc edilib. Virtual şahmat oynamağı xoşlayır. Təbiətlə ünsiyyətdən zövq alır. Bədii yaradıcılıqla da məşğul olur. İngilis dilində hekayələr, azərbaycan dilində isə şeirlər yazır. İndiyədək iki azərbaycanlı tələbəsi olub. Söylədiyinə görə, gənclərimiz çox bacarıqlıdırlar. Onları xaricdə yüksək təhsil almağa səsləyir. Maddi dəstək verə bilməsə də Şimali Karolina Universitetinə gələcək hər bir gəncə kömək etməyə hazır olduğunu dilə gətirir…
Bəli, uzaq Amerikada min bir əziyyətlə alim adına layiq görülən bu soydaşımız orduda xidmət etsəydi, bəlkə də artıq general idi. Amma bir həqiqət də var alimlər də elmin generallarıdır…
Elman Eldaroğlu,
ABŞ, Miçiqan