Rusiyanın RT kanalının, “Rossiya seqodnya” və “Sputnik” agentliklərinin rəhbəri, Kremlin xüsusilə xarici təbliğatından məsul erməni əsilli Marqarita Simonyan sosial şəbəkə istifadəçilərini Ermənistanın ünvanına qəzəbli paylaşımı ilə təəccübləndirib.
Müstəqil.Az xəbər verir ki, Simonyan ermənilərin ondan Azərbaycan və Ermənistan sərhədində baş verenlərlə bağlı mövqe ortaya qoymaq tələblərindən təngə gəldiyini açıqlayıb.
Məhz bu səbəbdən o, bu paylaşımı yazaraq, Ermənistana müraciət etmək qərarına gəlib.
Paylaşımın əsas məqamlarını təqdim edirik:
“Nə etdiyinizə baxın. Özünüzü necə aparırsınız…
Rusiyadan aldığınız çoxillik yaxşılıq və müdafiəyə nadanlıqla cavab verirsiniz.
Siz Rusiyanın dəyişməz müttəfiqi olan Robert Köçəryanı türməyə basdınız. Siz bununla da ”rus dostlar”ın üzünə tüpürdünüz.
Siz ölkədə antirusiya ab-havası yaratdınız, erməni gənclərə Rusiyada hakimiyyəti necə devirməyi öyrətdiniz. Siz Qafqazda antirusiya qüvvələrinin plasdarmına çevrilmisiniz.
Siz rusiyalı biznesmenləri Ermənistandan qovdunuz.
Sizin media və sosial şəbəkələriniz hər saat Rusiyanı, Putini dəstəkləyənlərin hamısına çirkab atırsınız.
İndi isə Ermənistan sərhədində müharibə sizi təşvişə, qorxuya saldı, rejiminizin mövcudluğu belə sual altına düşdü. Qarşınızda türk ordusunu görən kimi Rusiyadan kömək diləyirsiniz?
Elədikləriniz nə tez yaddan çıxdı?
Son illərdə Rusiyaya göstərdiyiniz bütün pislikdən və nifrətdən sonra sizin kömək gözləməyə haqqınız yoxdur!
Əslində, etdiyiniz bütün işlərdən sonra Rusiya sizə tüpürmək və sizi silmək üçün tam mənəvi haqqa malikdir.
Müharibə haqqında isə hər iki tərəfə yalnız bir söz deyəcəyəm: Dayanın! Müharibədən daha pis bir şey yoxdur”.
Paylaşımın şərhlərində ruslar Simonyanı dəstəkləyiblər, erməni istifadəçilər isə qəzəblərini bu cür bildiriblər:
“Bundan sonra da sussaydın, daha yaxşı olardı!”, “O, Ermənistanı öz vətəni kimi tanımır”, “Marqarita, yaxşısı, soyadınızı dəyişdirin” və s.
Qeyd edək ki, Simonyanın rəhbəri olduğu media qurumları ermənilərin müdafiəsi ilə seçilir.