Sinbir. Bulqar türk şəhərinin dəyişən taleyi: Ulyanovsk

 Sinbir. Bulqar türk şəhərinin dəyişən taleyi: Ulyanovsk

Volqa Bulqarıstanı (Bulqar xanlığı) Orta Volqaboyu və Kama çayı hövzəsində 10-13-cü əsrlərdə mövcud olmuş tarixi dövlətin adıdır. Orta Volqaboyu tarixində öz təşəkkülü nöqteyi-nəzərindən 8-ci əsrə kimi olan zaman kəsiyi bulqarlara qədəki dövr (Xəzər xaqanlığı tərkibində olan dövr) sayılır, erkən bulqar dövrü 8-13-cü əsrləri əhatə etməklə, bulqarların inkişaf və çiçəklənmə dövrü sayılır. 13-15-ci əsrlər isə Qızıl Orda dövrünü əhatə edir. Lakin bundan sonra da Bulqarıstan torpaqlarına soyğunçuluqla məşğul olan rus çapqınçı dəstələrinin hücumları ilə talanlar başlanılmışdır. 15-ci əsrdə, dəqiq desək,  1438-ci ildə Çingizilər sülaləsinin yüksəlişi ilə Volqa Bulqarıstanı ərazisində Kazan xanlığı yarandı.

Kazan xanlığına bağlı  olan,  haqqında söz açacağımız Sinbir qalası rusların bura gəlişinə qədər (1648) Sinbir (sonralar Simbir) adlanırdı. O, Volqanın sağ sahilindəki dağlar arasında tac kimi yüksələn və bu dağlardan öz ucalığı ilə seçilən Sinbir dağının zirvəsində salınmışdı. Sinbir dağı bir gözətçi-nəzarət məntəqəsi rolunu oynayırdı, belə ki, buradan on kilometrlərlə uzaqdakı ətrafı seyr etmək mümkündür. Odur ki, şəhər hələ çox-çox uzaqlardan öz göz oxşayan xariqə mənzərəsi ilə xoş təsir yaradır. 2 km aralıda isə Sviyaqa çayı axır. Beləliklə, həm şərqdən, həm də qərbdən Sinbir sularla əhatə olunmuşdu. Elə Sinbirin rus hərb qalasına çevrilməsi də onun çox əlverişli mövqedə salınması ilə bağlı idi.

Gəlin etiraf edək ki,  Orta Volqaboyunun Rusiyanın idarəsinə keçməsilə  bir çox tədqiqatçıların göstərdiyi kimi başlıca olaraq ölkənin iqtisadi  həyatında mühüm dəyişikliklər yarandı. Çünki bu vaxtadək tatar feodalları geniş və sulu çöllərdən yalnız öz ilxı və sürüləri üçün otlaq olaraq istifadə edirdilər. Ruslar gəldikdən sonra bu verimli torpaqlarda maldarlıqla yanaşı, əkinçilik, sənətkarlıq və ticarət işləri də inkişaf etməyə başladı. 17-ci əsrin sonlarından isə torpaqlardakı təbii sərvətlərinin  istifadəsinə başlanıldı.

Çarın əmrilə 1648-ci il  fevralın 10-da yağmaçı kazaklardan Boqdan Xitrovo və Qriqori Kunakov Sinbir tatar kəndində rus qalasının əsasını qoydular. Moskva dövlətinin müdafiə qüdrətini artırmaq üçün onlar rus döyüşçü bölükləri ilə Orta Volqaya daxil oldular. Həmin ildəcə şəhərdə dörd kilsə tikildi. Çar Aleksey Mixayloviç həmin ildə yerli xalqların həmlələrindən qorunmaq üçün Sinbir – Taqay – Karsun – Sur – Saran – İnsar – Tambov müdafiə xəttini qurmağı tapşırdı. Sinbir qalası öz dövrünün hərbi sənəti qaydalarına tam uyğun şəkildə tikilirdi. Şəhər XVIII əsrədək Sinbir adlanırdı. Sinbir bundan sonra bir rus şəhəri olarq sürətlə inkişaf edirdi. 1899-cu ildə Moskva- Sinbirsk dəmiryolu xətti çəkilmişdir.

Bəs Sinbir sözünün mənası nədir? Bəzi tədqiqatçılar sözün mənasını çuvaş dilində axtararaq bu dildə Sinbir lüğəvi vahidinin  “məntəqə, yaşayış məskəni”  mənası daşıdığını irəli sürmüşlər. Digər araşdırmaçılar Sinbir sözünü mordvaca “süyün” (sulu, yaşıl; gözəl);  “bir”- (dağlar) sözlərilə əlaqələndirmişlər. Bunlardan fərqli olaraq bir çox tədqiqatçılar isə bu adın qədim bulqar şəhəri adı olduğunu və öz adını Sinbir adlı bulqar xanının adından götürdüyünü söyləmişlər.(1, 4). Etimoloq Nikonovun fikri də bu baxımdan sonuncu izahata yaxındır. Sinbir dağında qala kimi salınan şəhərin adı Qızıl Orda tatar xanı və ya Kazan çarlığı ilə bağlıdır. (2, 436).Həm də yada salmaq lazımdır ki, bu qədim Bulqar torpağından Sin və Bir adlı iki ayrıca çay axır.

Sinbirsk niyə Ulyanovsk oldu? Sovet hökuməti qurucusu Lenin Sinbirskdə anadan olmuşdur. Onun  ruslaşmış tatar olan ulu babası (atasının atası ) N. V. Ulyanin tarixən erzyan, mordva və mokşa tatarlarının vətəni olan Serqacın 20 km. yaxınlığında kiçicik çuvaş kəndində (müasir Androsovo) doğulub boya-başa çatmışdı. XVIII əsrin sonlarında o buradan çıxıb Astarxan diyarında məskunlaşmışdı. (3,234). Təxminən yüz il sonra isə – 1869-cu ildə Ulyanovlar Astarxandan Sinbirə köçür. Burada ilk doğulan uşaq Vladimir Ulyanovun və bu ailənin şərəfinə 1924-cü ildən Leninin ölümü ilə Ulyanovsk adlandırıldı. Tarixi Sinbir torpağı Leninlə yanaşı türk əsilli ruslardan sayılan dekabristlərdən Başmakovun, İvaşovun, Turgenev qardaşlarının, tarixçi Karamzinin, maarifçi Kindyakovun vətənidir.

Ədəbiyyat

  1. Мindubayev J. B. Qоrоd nа Ventse, Sаrаtоv, 1990
  2. Nikonov V. А. Кrаtkiy tоpоnimiçeskiy slovar, Mısl nəşriyyatı, Moskva,1966
  3. Qоrоdа nаşеy оblаsti, Qоrkiy, 1974.

 

Şəhərin ümumi görünüşü

Ulyanovskda məscidlər

 

Prof. Minaxanım Nuriyeva Təkləli

Azərbaycan Dövlət Pedaqoşi Universiteti 

Share: