Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Cəlal Həsənov və tanışı Elvin Novruzov saxlanılıblar.
DİN-in mətbuat xidmətindən “Qafqazinfo”ya verilən xəbərə görə, həmin şəxslərin əlindəki bağlamaya baxış zamanı 10 kiloqrama yaxın marixuana və tiryək aşkar edilib. Onlar ifadələrində sosial şəbəkə vasitəsi ilə tanış olduqları xaricidə yaşayan narkotacirin şirnikləndirici vədləri müqabilində Bakıda narkokuryerlik təklifi ilə razılaşdıqlarını bildiriblər.
Nərimanov RPİ-nin həyata keçirdiyi digər əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Vəkilxan Səmədov və Pərviz Əsgərov da tutulublar. Bu şəxslərdən və idarə etdikləri avtomobillərdən 10 kq-an artıq heroin, 2 kq tiryək aşkar edilib. Adları qeyd edilən şəxslər barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, Nərimanov RPİ tərəfindən rayonda son dövrlər ərzində 36 kq, cümlədən 23 kq heroin və digər güclü təsiredici narkotik vasitə, 10 kq marixuana, həmçinin 3 kq metamfetamin qanunsuz dövriyyədən çıxarılıb. Bütün faktlarla əlaqədar cinayət işləri başlanılıb.