Mühazirələrimlə bağlı lirik-fəlsəfi bəzi haşiyələrimi, nəzəri ümumiləşdirmələrimi qırıq-qırıq, fraqment şəklində bloknotuma qeyd edirəm. “Ədəbiyyat qəzeti”nin keçən nömrələrində, “Açıq dərs” rubrikasında həmin fraqmentlərdən bir neçəsini esse kimi dəyərli oxucularımıza təqdim etmişik.
Pandemiya dövründə bloknot qeydlərimi bir də gözdən keçirdim və onların esse janrına yaraya biləcəyini düşündüm…
Müəllifdən
İnamıma görə, səyahət mövzusunda mətnlər təhkiyə parçalarından, fraqmentlərdən ibarət olmalıdır. Yunan ədəbiyyatında səyahət qırıq-qırıq, fasilələrlə verilir. Görünür, onlar üçün “dayanma” “hərəkət”dən daha maraqlı olub. Təsadüfi deyil ki, Platon dünyanı seyretmənin fraqmentallığından bəhs edirdi.
Ömrün fraqmentarlığını səyahət, səfər qədər heç nə mükəmməl ifadə etmir.
Ona görə də mifoloji düşüncədə yolçuluq, səyahət ömrün metaforası kimi çıxış edir.
Dünya ədəbiyyatında səyahətdən, xüsusən dəniz səyahətindən ən çox danışan yunanlardır. Yunanlar dənizlə səyahət edirdilər. Qədim yunan şairləri Apennindən Kiçik Asiyaya dənizlə keçirdilər. Onların əsərlərində gəmi və qayıq təsvirlərinin fəallığı da bu üzdəndir. Əslində elə də uzağa üzmürdülər. Odissey istisnadır. Uzaqlara səyahət onun axırına çıxdı.
Çin ədəbiyyatında personajın yolçuluğu fərqlidir. Orta əsrlər Çin romanında uzun səyahətdən evə qayıdan qəhrəman alnını qapının yuxarısına vurur. Axı, səyahət dövründə böyüyüb.
Türk epos qəhrəmanı da evə “rahat” qayıdır – evdə olmadığı dövrdə heç dəyişməyib (Bamsı Beyrəyin əsirlikdən Oğuza qayıdışını xatırlayın).
İmperator Neronun dövründə Petronius Arbitr adında bir Roma yazıçısı olub. Onun “Satirion” romanı haqqında ilk dəfə universitetdə antik ədəbiyyat üzrə müəllimimiz, professor Qarkavinin (təəssüf ki, adını unutmuşam) mühazirəsində eşitdim. Onun dediklərindən yadımda qalanı budur ki, kitabın yarıdan çoxu itib-batıb.
O zaman kitabı əldə edə bilmədim. 1924-cü ildən sonra, çox güman ki, naturalizm səhnələrinə görə Rusiyada çap olunmamışdı. “Ədəbiyyat müntəxəbatı”ndan kiçik bir hissə ilə kifayətlənməli oldum. Qorbaçov “yenidənqurması” dövründə romanın reprint nəşrini gördüm. Bəlkə böyük rejissor Federiko Fellinin “Satirikon” filmini çəkməyə ilhamlandıran da Petroni süjetinin qırıqlığı, “fasiləliyi”, yəni “montaj” təbiəti olub.
“Satirikon” kitabı (ona roman da deyirlər) parakəndə düzülmüş, qırıq-qırıq parçalardan, fraqmentlərdən ibarətdir. Deyilənlərə görə, XVII əsrdə Fransua Nadonun mətnləri – vahid xətli süjet ətrafında bir yerə yığmaq cəhdi uğursuzluqla nəticələnir. Hadisələr gah gəmidən ziyafətə keçir, gah da mehmanxanada cərəyan edir. Kölələrin, qulluqçuların, nüfuzlu şəxslərin, kəndlilərin və başqalarının sözü-söhbəti, danışığı bitib-qurtarmır.
Petroninin “Satirikon” kitabı yunan səyahətlərinə parodiya kimi yazılıb.
Roman elə yazılıb ki, sanki müəllif hər bir fraqmentdə “nəfəsini dərir”. Təhkiyə yarıda qırılır, müəllifin sözü sanki “ağzında qalır”. Bir fraqment o birisinin dalınca gəlsə də, hər birinin öz dili, üslubu var…
Elə burdaca bir haşiyə çıxım: varaqları qopmuş, səhifələri cırılmış, yaxud bir hissəsi itib batmış əsərlər məndə qarışıq hisslər oyadır. İnanmışam ki, əlyazmaların da alın yazısı olur. Tarixin yaddaşında elə də qalmalıdır: yarımçıq, qırıq-qırıq. Necə ki, Kolizeyi yenidən bərpa etməyə dəyməz.
Xudafərin körpüsü də elə! Axı, xalqın mifoloji yaddaşında hər bir körpü ilə paralel bir “sınıq körpü” arxatipi də yaşamalıdır.
Qoqolun “Ölü canlar”ın ikinci cildini yandırması artıq heç nəyi dəyişmir – I cildi bir bütövlük kimi oxunur.
E.T.A.Hofmanın məşhur nağılında əlyazmanı pişik cırandan sonra saray kapelmeysteri İohannes Kreyslerin yaşam macəraları bir az da dolaşıq düşür.
Rus fantastları A. və B.Struqatski qardaşlarının “Dünyanın sonuna milyard il qalmış” romanının fəsillərində söz yarıda kəsilir.
Aristotelin “Poetika”sında faciə ilə bağlı fikirləri dövrümüzə gəlib çatıb, amma “gülüş və komediya” hissəsi yoxdur. Görkəmli semiotik, yazıçı U.Eko “Qızılgülün adı” romanında məlum faktdan məharətlə istifadə edir: “Poetika”nın ikinci kitabı – gülüş, karnaval və komediya haqqında yeganə nüsxəsi bir monastırda saxlanılır. Vilhelm Baskervilli həmin müəmmalı ölümlərin izinə düşür və məlum olur ki, ölümlərin sirri də həmin nüsxədədir…
Əlyazma mətni orta əsrlərdə katibin (münşinin) xəstələnməsi, yaxud ölməsi üzündən yarımçıq qala bilərdi. Avropalı katiblərin “Mihi perqamena deest” (“Perqamentim çatmadı”) deyimi isə artıq bir aforizmə çevrilib.
Nədənsə içimdən bu cür əsərlərdən ibarət olan, varaqları qoparılmış, müəyyən bir hissəsi itib-batmış bədii mətnlərin taleyindən bəhs edən ədəbiyyat tarixi yazmaq istəyi keçib… Tamam fərqli xronoloji-mistik mənzərə alınardı…
General İsmayıl bəy Qutqaşınlının əsərlərinin tapılması, xüsusən “Rəşidbəy və Səadət xanım”ın böyük mətnşünas Salman Mümtazla başlanan axtarışlar ayrıca elmi-populyar macəra janrının mövzusudur. Onun şərti olaraq “Səfərnamə” adlanan yarımçıq əlyazmasının axtarışı barədə tanınmış tədqiqatçı Ədalət Tahirzadənin dəyərli araşdırması var.
“Səfərnamə”nin ilk variantı 20 yarpaqdan ibarət olub, üzərində də “Qutqaşınlı İsmayılbəyin öz əlyazması. Xatiratdan bir parça” qeydi var.
Uzun axtarışlardan sonra Şıx baba pirindən 37 yarpaqlıq bir əlyazma da tapıldı. Ə.Tahirzadə yazır ki, “Səfərnamə”nin əlyazması yenə də yarımçıqdır. Həcmi çox olmasa da, bəzi parçalar itib-batıb…
Bir də ki, “Səfərnamə” ayrı-ayrı yarpaqlarda, dəftərlərdə dağınıq şəkildə yazılıb. Pirdən götürdüyümüz əlyazmaların içərisində başqa əsərlərdən qopmuş çoxlu yarpaqlar, parçalar vardı”…
“Səfərnamə”də İsmayıl bəyin müşahidələri bir-birini əvəz edir, baxış yolboyu bir nöqtədən başqasına fokuslanır…
Zaman su kimi fasiləsiz axsa da, səfər fraqmentlərdən ibarətdir, fasilələrlə təşkil olunur və bu yarımçıqlıq, natamamlıq onun tale işarəsidir. Necə ki, İsmayıl bəy Qutqaşınlının “Səfərnamə” ömrünün metaforasına çevrilir…
***
Bir dəfə “Satirikon” sayağı, mən də rayondan Bakıya yolçuluğumu yazmaq istərdim. Bakı-Ağstafa qatarının pəncərəsindən gördüyüm səhnələri qələmə almağa çalışdım: kupe söhbətləri və çöldə sürətlə bir-birini əvəz edən mənzərələri fraqmentlər şəklində yazılırdı. Vahid süjet xətti qurmaq mümkünsüz idi. Müxtəlif səbəblərdən süjet tez-tez qırılırdı, “kadrlar” arasında əlaqə itirdi. Gənc bələdçi xanımın tez-tez içəri girməsi də yazının “fraqment effektliyini” bir az da artırdı.
Mənim “səfərnamə” cəhdim yarımçıq qaldı. Aradabir vaqonda yazdığım “kadrları”, fraqmentləri oxuyuram. Ömrümün bütöv hissəsi kimi…