“Yaxın vaxtlarda ailə qurmağım səbəbi ilə daimi yaşayış yerini dəyişib Bakıya köçəcəyəm. Təhsilimi davam etdirmək üçün yay transfer pəncərəsi zamanı Təhsil Nazirliyi tərəfindən tələbələr üçün yaradılmış köçürülmə imkanından istifadə etməyi planlaşdırmışdım. Transfer hüququndan istifadə haqqım icazə vərəqinin olmaması səbəbindən avtomatik olaraq məhdudlaşdı”.
Bu şikayətlə “Qafqazinfo”ya Şəki rayon sakini Teymurlu Aygün Qorxmaz qızı müraciət edib. Şəki Tibb Kollecinin “Tibb bacısının işi” fakültəsinin 2-ci kursunu başa vuran tələbənin sözlərinə görə, yaşayış yerininin dəyişməsi ilə əlaqədar kollecini də dəyişməyə çalışsa da, bir sıra problemlər yaranıb: “Yay transfer dönəminin başlanmasından bir müddət əvvəl Təhsil Nazirliyinin 146 zəng mərkəzi ilə əlaqə yaradıb transfer olunmaq üçün tələb olunan şərtlər və lazım olan sənədlərin siyahısını soruşdum. Mənə bildirildi ki, “transfer.edu.az” portalının sual-cavab bölməsindən ətraflı məlumat ala bilərəm. Tövsiyəyə uyğun olaraq həmin portalın sual-cavab bölməsində olan bütün sualları və cavabları oxudum. Ayın 25-i yay transfer dönəminin başlandığı gün portala daxil olub müvafiq qaydada qeydiyyatdan keçdikdən sonra sorğu yerləşdirmək üçün köçürülmək istədiyim 2 nömrəli Bakı Baza Tibb Kollecini seçdim. Daha sonra tələb olunan sənədlərin elektron qaydada xanalara yerləşdirilməsi səhifəsinə keçid oldu. Həmin səhifədə tələbənin köçürülmək istədiyi təhsil müəssisəsinin aid olduğu qurumdan razılıq məktubunun elektron forması da tələb olunurdu. Bu sənədin tələb olunma zərurəti haqqında həmin portalın sual-cavab bölməsində məlumat olmadığı üçün sənədi əldə etməmişdim”.
Vətəndaş bildirir ki, dərhal 2 nömrəli Bakı Baza Tibb Kollecinin aid olduğu Səhiyyə Nazirliyinin qaynar xətti ilə əlaqə yaradıb və köçürülmə məsələsi ilə bağlı tələb olunan sənədi necə, haradan əldə edə biləcəyimi soruşub: “Bildirildi ki, razılıq məktubunun alınması ilə bağlı müraciətlərin son tarixi 15.07.22 tarixdə (10 gün əvvəl) bitib. Təhsil Nazirliyindən uyğunsuzluğa aydınlıq gətirmələrini və bundan sonra nə etməli olduğumu soruşdum. Şikayətimi qeydə aldıqlarını, bununla bağlı 10-30 iş günü müddətində araşdırma aparıldıqdan sonra nəticəsi barədə məlumat veriləcəyi bildirildi. Transfer müraciətinin 25.07.2022 – 31.07.2022 aralığında aktiv olduğunu bildirib daha operativ həll olunmasını xahiş etdim”.
Aygün Teymurlu deyir ki, cavab onu qane etmədiyi üçün 26 iyul tarixində Bakı şəhərində yerləşən 7 saylı Asan Xidmət mərkəzinə gedib: “Təhsil Nazirliyinin təhsil məsələləri üzrə xidmət göstərən əməkdaşına məsələ ilə bağlı məlumat verdim. Xahiş etdim ki, iki dövlət qurumu bu anlaşmazlığı öz aralarında həll etmək üçün operativ səy göstərsinlər. Ən qısa zamanda geridönüş edilib nəticəsi barədə məlumat verilcəyini bildirsə də, iki gün müddətində geridönüş edilmədi. Artıq vaxt bitir. Məsələnin həllini tapmayacağı təqdirdə nə edəcəyimi bilmirəm”.
Məsələ ilə bağlı Səhiyyə Nazirliyinə sorğu ünvanladıq. Qurumdan “Qafqazinfo”ya belə cavab verildi: “Səhiyyə Nazirliyi tərəfindən tələbələrin bir təhsil müəssisəsindən digərinə köçürülməsi ilə bağlı elan Səhiyyə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Eyni zamanda, həmin xəbər nazirliyin rəsmi sosial media hesablarında da paylaşılıb. Tələb olunan sənədlərin siyahısı və köçürülmə qaydaları barədə məlumat elanda verilib. 15 iyul tarixində sənəd qəbulunun vaxtı bitmişdir və Səhiyyə Nazirliyinin müvafiq komissiyası tərəfindən bütün müraciətlərə baxılaraq, rəy verilmişdir. Bu müddətdə qeyd etdiyiniz vətəndaş Səhiyyə Nazirliyinə müraciət etməmişdir”.
Vətəndaşın şikayəti ilə bağlı Təhsil Nazirliyinə sorğu ünvanladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, məsələ ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi məşğul olur, həmin qurumla əlaqə saxlamaq isə mümkün olmadı.
Lamiyə Məmmədova