“Siyasətçi öz düşüncələrini, mülahizələrini dilə gətirə, ictimailəşdirə bilər”

“Siyasətçi öz düşüncələrini, mülahizələrini dilə gətirə, ictimailəşdirə bilər”

Sözün açığı, mən heç bir siyasətçinin, partiya sədrinin həbs edilməyini istəməzdim və buna müsbət yanaşmıram. Çünki mən özüm də siyasi fəaliyyətlə məşğulam, partiya sədriyəm. Ancaq biz partiya sədrləri də qanun qarşısında bütün vətəndaşlar kimi bərabərik.

Necə deyərlər, qanun qarşısında boynumuz qıldan incədir. Siyasətçi olmaq bizə başqalrı ilə müqayisədə qanun qarşısında heç bir üstünlük və toxunulmazlıq vermir. Partiya sədri olmaq bizim yol verdiyimiz səhvlərə, qanun pozuntularına görə bizi məsuliyyət daşımaqdan əsla sığortalamır. Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin həbsinə də hesab edirəm ki, ilk növbədə məhz bu rakursdan yanaşılmalıdır.

Belə ki, Əli Əliyev “Osmanqızı Tv”-yə verdiyi  müsahibəsində 30 noyabrda Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdə olan digər zabitlərin şəhid olaraq nəşinin tanınmaz hala düşdüyü halda, iki nəfərin yüngül sınıqlarla xilas olmasından şübhələndiyini bildirib və özünün bu şübhələrini mütləq həqiqət kimi KİV üzərindən cəmiyyət arasında geniş şəkildə yaymağa çalışıb. Ancaq o bu zaman həmin açıqlaması ilə iki hərbçimizə nə kimi psixoloji sarsıntılar yaşadacağı barədə, özünün bu iddialarının sonrakı psixoloji fəsadları barədə isə qətiyyən düşünməyib.

Əlbəttə, siyasətçi öz düşüncələrini, mülahizələrini dilə gətirə, ictimailəşdirə bilər. Bu, hər bir siyasətçinin haqqıdır, hüququdur. Ancaq qarşı tərəf də bu mülahizə və iddialarla, böhtanlarla razılaşmamaq və o iddiaların, böhtanların müəllifini məhkəməyə vermək, dava açmaq hüququna malikdir. Sözügedən iki hərbçi də məhz bu xətti seçib  və bu səbəblə partiya sədrini məhkəməyə verib. Buna görə onları kimsə qınaya bilməz. Ancaq çox təəssüf ki, qınayanlar tapılır.

Mən Əli Əliyevin həbsinə münasibət bildirən müxalif kəsimin nümayəndələrinin açıqlamalarını, arqumentlərini diqqətlə izlədim. Təəssüf ki, bir-iki müxalif partiya sədrini çıxmaq şərtilə, yerdə qalanlarının demək olar ki, hamısının açıqlamaları birtərəfli xarakter daşıyır. Onlar yalnız Əli Əliyevin tərəfini tutur, onun həbsini pisləyirlər. Ancaq Əli Əliyevin o hərbçilərə qarşı ədalətsiz mövqe sərgiləməsi isə əfsuslar olsun ki, bizim demokratlarımızı qətiyyən maraqlandırmır. Bu cür demokratlıq isə “ikili standart”lara söykənən demokratlıqdır, yarımçıq demokratlıqdır.

Bəzi opponentlərimiz bu həbsi “sözə görə adam tutmaq” kimi dəyərləndirib məsələni qəsdən bəsitləşdirməyə və həm də təhrif etməyə çalışırlar. Elələri də var ki, “Siyasi partiyalarla dialoq da belə getdi” deyib, bu yolla cəmiyyətdə ümidsizlik, pessimizm əhval-ruhiyyəsi yaratmağa səy göstərirlər. Bəs, görəsən, bu həbs hadisəsi həqiqətəndəmi söz azadlığının pozulmasıdırmı? Və yaxud, siyasi dialoqa son qoyulmasıdırmı?

Göründüyü kimi hər kəs bu məsələyə öz baxış bucağından, öz subyektiv vizyonundan yanaşır. Ona görə də Əli Əliyevin hüquqi məsuliyyət, cinayət məsuliyyəti yaradan əsassız iddiası, böhtanı qəsdən gözardı edilir, arxa plana keçirilir, eyni zamanda böhtana görə həbs edilməsi bu siyasətçinin söz azadlığına görə həbs edilməsi kimi təqdim edilir. Beləliklə də cəmiyyət çaşdırılır. Ancaq reallıq isə heç də bu cür deyil. Bu məsələyə “sözə görə adam tutmaq” pəncərəsindən boylananlar ya gerçək söz azadlığının mahiyyətini tam başa düşmür və onun sərhədlərini müəyyən edə bilmirlər, yadaki  bu həbsi söz azadlığının məhdudlaşdırılması kimi qələmə vermək sadəcə olaraq onların siyasi maraqlarına cavab verdiyinə görə onlar bu xətti daha çox qabardırlar.

Bəli, istənilən siyasətçinin əsas fəaliyyət predmetlərindən biri məhz danışmaq və bu yolla cəmiyyətə, elektorata öz fikir və təxminlərini, proqnozlarını çatdırmaqdır. Lakin siyasətçilər səsləndirdikləri  sözlərə görə, iirəli sürdükləri təxminlərə görə həm də məsuliyyət daşıyırlar. Düzdür, bəzi siyasətçi həmkarlarımız hesab edirlərki, guya burada hüquqi yox, yalnız mənəvi məsuliyyətdən söhbət gedə bilər. Xeyr, elə deyil. Onların bu yanaşması kökündən səhv yanaşmadır. Siyasətçinin səsləndirdiyi böhtan xarakterli fikir və iddialar hüquqi məsuliyyət də doğura bilər və hətta həbslə də nəticlənə bilər. Necə ki, nəticələndi də.

Əslində bu həbs gözlənilən idi. Baxın, Əli Əliyev indiyə qədər bu hakimiyyətə qarşı olduqca sərt ifadələr səsləndirib, tənqidlər ünvanlayıb. Lakin bu ifadələrə, bu tənqidlərə görə indiyə qədər heç kim onu məhkəməyə verməyib. Adam səsləndirdiyi siyasi fikirlərə görə heç vaxt məsuliyyətə cəlb olunmayıb, həbs edilməyib. Yəni ki, hakimiyyət onun tənqidlərinə həmişə dözüm və təmkinlə yanaşıb. Odur ki, Ə.Əliyevin hazırkı həbsini siysi sifariş adlandırmaq tamamilə absurd və ədalətsiz yanaşmadır.

VİP sədrinin həbsinin konkret motivi var. Adam sərhəd qoşunlarımızda xidmət aparan, məlum helikopter qəzasında ölümdən dönmüş zabitlərimizin ünvanına şər-böhtan söyləyib, heç bir əsası olmayan fikirlər bildirməklə helikopter qəzasını və iki hərbçinin sağ qalmağını şübhə altına alıb. Bu da birinci növbədə həm  şəhid olmuş hərbçilərimizin ruhuna hörmətsizlikdir, həm də fiziki xəsarət almış sözügedən iki hərbçiyə eyni zamanda psixoloji zərbə vurmaq, onlara əlavə sarsıntı yaşatmaq deməkdir. Baxın, partiya sədrinin bu hərəkəti birbaşa hüquqi məsuliyyət yaradan hərəkətdir. Mən bunu həm də hüquq təhsili olan bir şəxs kimi deyirəm. Odur ki, birilərinin bu həbsə siyasi don geyindirib, bunu söz azadlığının, fikir azadlığının təqib olunması, məhdudlaşdırılması kimi təqdim etməyə və ajiotaj yaratmağa çalışması hüquqa da hörmətsizlikdir.

Müxalifətçi olmaq normal bir seçimdir. Ancaq müxalifətçi olmaq heç kimə söz azadlığının mahiyyətini təhrif etməyə əsas və ixtiyar vermir. Söz azadlığı qətiyyən saga-sola məsuliyyətsizcəsinə söz səpələmək kimi başa düşülməməlidir. “Mən müxalifətçiyəm deyə, kimi gəldi qaralaya bilərəm” anlayışı ilə hərəkət etmək olmaz. Müxalif partiyanın sədri “Ağanəzərəm, belə gəzərəm” təfəkkürü ilə hərəkət etməməlidir. Müxalifət partiyasının sədrisənsə, o zaman biraz daha artıq məsuliyyətli olacaqsan. Hətta ikiqat artıq məsuliyyətli olacaqsan. İsbat edə bilməyəcəyin, dəlil-sübut göstərə bilməyəcəyin heç bir subyektiv iddianı təkzibolunmaz fakt kimi, həqiqət kimi cəmiyyətə təqdim etməyəcəksən, tutarlı dəlil-sübutu olmayan ehtimalları ictimailəşdirməyəcəksən. İctimailəşdirəcəyin hər bir məsələnin, ağzından çıxaracağın hər bir sözün arxasında sənin məsuliyyətin dayanmalıdır. Sözünə cavabdehlik daşımağı bacarmalısan. Populizm xatirinə həqiqətləri təhrif etməməli, dezinformasiya yaymamalı və yaxud faktları öz bildiyin kimi, sənə sərf edən formada interpretasiya edib cəmiyyətə sırımamalı, cəmiyyəti yanlış istiqamətə yönləndirməməlisən.

Müxalifətçilik özbaşınalıq, hədsizlik demək deyil ki. Müxalifətçiliyin də “qırmızı xətt”ləri olmalıdır. Heç də hər məsələni, hər hadisəni siyasi xal yığmaq, siyasi dividend qazanmaq, populyar olmaq xatirinə, dar firqə maraqlarından ötrü istifadə etmək olmaz. Şəhidlərin faciəsi üzərindən siyasi alverlə məşğul olmaq, reytinq yığmaq isə heç olmaz. Bunlar mənəvi cizgilərin tapdalanması, “qırmızı xətt”lərin keçilməsi deməkdir. Odur ki, “Əli Əliyevin xüsusi sifarişlə, böyük ehtimalla hərbi əmrlə qaldırılmış iddia əsasında həbs edilməsi”ni iddia edən, bu həbsə söz azadlığına qarşı amansız mübarizənin, tənqidə dözümsüzlüyün, qanuna və hüquqa hörmətsizliyin daha bir nümunəsi kimi yanaşan bəzi müxalif partiya sədrləri bir zəhmət çəkib məsələyə həm də bu yöndən – “qırmızı xətt”lər, mənəvi cizgilər nöqteyi-nəzərindən də yanaşsınlar.

Dövlət Sərhəd Xidmətinin Mi-17 tipli helikopterinin Xızı ərazisində qəzaya uğraması nəticəsində təsadüfən sağ qalmış, yüngül xəsarətlərlə faciədən qurtulmuş hərbçilərə böhtan atacaqsan və buna görə heç bir məsuliyyət daşımayacaqsan əminliyin nə dərəcədə düzgündür? “Siz niyə ölmədiniz?”, deyə iki zabitimizi ittiham etmək hansı mənəviyyata sığır? Bəs, ortada bu boyda böhtan faktı varkən, bu böhtanı ictimai rəyə ötürən partiya sədrinin böhtana görə həbs olunmasını sifarişli həbs kimi, qanuna hörmətsizlik kimi təqdim edənləri necə başa düşək? Bu nə zehniyyətdir? Məgər bu zehniyyətin, bu yanaşmanın özü də birbaşa hüquqa qarşı hörmətsizlik deyilmi? Sizcə, böhtan atan bir şəxs (fərqi yoxdur partiya sədridir, yoxsa adi vətəndaşdır) buna görə heç bir cinayət məsuliyyəti daşımamalıdırmı, cəzasızmı qalmalıdır?

Əlbəttə ki, böhtan atan cəzalandırılmalıdır. Çünki iki hərbçimizin ləyaqəti tapdalanıb, onlar psixoloji sarsıntıya məruz qalıblar. Məhkəmə də buna adekvat qərar verib. Ancaq siz isə müxalifət olaraq buna etiraz edirsiniz. Bəyəm qanun hamı üçün eyni deyil ki? Yoxsa, olmaya, siz bu cür qəliz məqamlarda “ikili standart”lara üstünlük verirsiniz, ona görə? Siz bununla hüquqi nihilizmə yol verdiyinizin fərqindəsinizmi? Nə etdiyinizi heç başa düşürsünüzmü? Əgər bu həbs sizin iddia etdiyiniz kimi həqiqətən də siyasi sifariş idisə, onda iqtidar nə üçün bu həbsin müddətini  misal üçün 5 il civarında təyin etmədi? Axı iqtidar həqiqətən də onun həbs edilməsində maraqlı idisə, sizin yanlış məntiqinizə görə Əli Əliyev 5 ay yox, daha uzun müddətə həbs edilməliydi. Məntiqinizlə reallıq arasındakı uyğunsuzluğu, rabitəsizliyi məgər görmürsünüzmü?

Zənnimcə, VİP sədrinin həbsi bizim hamımıza, bütün siyasətçilərə pis yöndən yox, yaxşı mənada profilaktik təsir göstərməli, el dilində desək, görk olmalıdır. O mənada görk olmalıdır ki, bundan sonra öz açıqlamalarımızda hüquqa zidd ifadələrə yol verməyək, hər hansı bir vətəndaşın (xüsusən də hərbçilərin) şərəf və ləyaqətini alçalda biləcək dəlilsiz-sübutsuz iddiaları reytinq xatirinə ictimailəşdirməyək. Bir sözlə,  hər birimiz səsləndirdiyimiz  müəyyən fikir və iddiaların hüquqi məsuliyyət yarada biləcəyini başa düşək.

Şübhəsiz ki, 14 zabitimizin həlak olduğu faciə üzərindən sağ qalmış iki zabitə qarşı efirdən emosional ifadələrlə böhtan atmaq cavabsız qala bilməzdi. Sözügedən iki zabitin bu böhtana görə VİP sədrini həbs etdirməyə tam da mənəvi haqqları çatırdı, onlar da bu haqqlarından istifadə etdilər və biz buna görə onları qınaya bilmərik. Əli Əliyevin müdafiəsinə qalxıb onun həbsi üzərindən özünə dividend qazanmaq istəyənlər heç olmasa, biraz da bu iki zabitimizin hissləri barədə düşünsələr, yaxşı olar. Bu qədər tərəfkeş və təəssübkeş olmayın, bəylər!

O ki qaldı Əli Əliyevin özünə,  Allah onun da qapısını açsın və gələcəkdə siyasi karyerası həbslərlə müşayiət olunmadan davam etsin. Hətta Qərbin ən inkişaf etmiş demokratik ölkələrində də tutduğu vəzifəsindən və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq istənilən şəxsi  təhqirə və böhtana görə məhkəməyə verirlər. Ölümün bir addımlıgına qədər gələn və zabit yoldaşlarını faciəli şəkildə itirən iki hərbçimizin özlərinin isə qəzadan həm fiziki, həm də psixoloji anlamda yaralı, zədəli vəziyyətdə sag çıxmalarına şübhə yaratmaq, bunu mübahisələndirmək həqiqətən də mənəvi və hüquqi məsuliyyət yaradan hərəkətdir. Bu, əlavə sübuta ehtiyacı olmayan aksiomadır. Ona görə də həbsi qınayanlar bu aksiomanı da nəzərə alsınlar, səbəbi də dilə gətirsinlər.

Əlisahib Hüseynov –

Milli Həmrəylik Partiyasının sədri, Qarabağ qazisi

Share: