Deməli ilk dəfə dərs dediyim vaxtlar idi.. İnstituta rəsm dərsindən tələbə hazırlaşdırırdım. Bir rusdilli qadın, yanında da 15-16 yaşlarında sarışın bir qız yaxınlaşdılar mənə.. Ana uşağın qolundan tutub dedi:
– Müəllimə, bu qızımın zövqlü bir insan olaraq formalaşmasını, nənəsi kimi istedadlı arxitektor olmasını istəyirəm.. Ona da dərs deyərsizmi? Dedim hə, nə olar ki, böyük məmnuniyyətlə.
Uşağı qeydə alıb, hansı ləvazimatların gərəkli olduğunu deyib yola saldım.
Ertəsi gün dərs başladı. Qız gecikmişdi, qapıda dayanıb içəri girmək üçün icazə istədi, başımla “keç” deyə işarə edib dərsə davam etdim.
Yan otaqda isə rəqs dərsi keçildiyindən ara-ara musiqi səsləri gəlirdi. Birdən həmin qız əlindəki qələmi yerə qoyub başladı oynamağa. Digər uşaqlar gülməyə başladı. Uşaqları sakitləşdirib qızdan sakitcə soruşdum:
– Rəqsi çoxmu sevirsən?
Dedi:
– Hə, çox… amma anam rəqsdən çıxardıb bura gətirdi.
Uşağın həvəsi tam ayrı sahəyə idi, musiqi və rəqs üçün doğulmuşdu sanki. Qulağında “nauşnik”, rəqs hərəkətləri edir, ucadan qışqıra-qışqıra oxuyur və dərsə mane olurdu. Uşaqların da gözü məndəydi ki, görəsən nə edəcəm, nə deyəcəm. Səbrlə dərsə davam etdim..bu minvalla bir neçə dərs keçdi.. sonra gördüm ki, qız ümumiyyətlə ev tapşırıqlarını etmir, dərsi dinləmir və digər uşaqların da diqqətini dərsdən yayındırır.. valideyni ilə danışıb dedim:
– Bu uşağın marağı rəqsədi, musiqiyədi, aparın o sahəyə qoyun, bura niyə gətirmisiz ki?
Dedi:
– Rəqsə də gedib, amma mən istəyirəm rəssam olsun..
Dedim:
– Axı siz onu zorla bu sahəyə yönəldə bilmərsiz həvəsi yoxdu dərsi dinləmir, verilən tapşırığı etmir. Ən əsası o özünü bu sahədə öz qabında, xoşbəxt hiss etmir.
Ana əsəbi-əsəbi üzümə baxdı və dedi:
– Sənə nə lazımdı, pulu mən vermirəm? Deyirəm öyrət, öyrət də..
Elə bu dəm müdür gəldi, soruşdu:
– Nə olub?
Durumu izah etdim, kənara çəkib dedi:
– Müəllimə, səs eləmə, bizə nə lazımdı pul gəlsin, tələbə gəlsin, nəyinə lazımdı həvəsi var, yoxdu özləri bilər, qarışma..
Nə isə, mübahisə etməyin mənasız olduğunu görüb, əlacsız qalıb dərsə davam etdim..
Uşaq növbəti dərsdə bilirsiz nə etdi? Qələmi gözümün qabağında sındıraraq üzümə tullayıb dərsdən qaçıb getdi. Bir daha da gəlmədi.
İndi sözü nəyə gətirirəm bilirsiz? Sapla samanı ayırmaq gərək, ərköyünlük ayrıdı, tərbiyəsizlik ayrı. O qız anasının basqılarına etiraz edə bilmədiyi üçün acığını məndən çıxmışdı. Bunu anlamaq, başa düşmək olar. Lakin Universitetdən qovulan tələbənin etdiyi tək bir müəllimə qarşı edilən hörmətsizlik deyildi. Düz 1918-dən üzü bu yana minlərlə şəhid qanına, şəhid ailəsinə, körpəsinə qarşı edilən tərbiyəsizlik idi və cəzasız qalmamalıydı..
Cəzanın ağır olduğunu düşünmürəm və bunu dramatikləşdirmək də lazım deyil…
“Ay arzuları yarım qaldı, gələcəyi puç oldu” nə bilim nə… Bəs o bayrağı canı, qanı bahasına işğal edilmiş torpaqlarımızda qaldıranların arzuları, gələcəyi yox idi? Hamısı da onun həmyaşıdları idi. Bu həyatda hər şeyin bir bədəli var.. Bayraq oyun-oyuncaq deyil and yerimizdi, şərəfimizdi bunu balaca baxça uşaqları da dərk edir…Dərk etməyənlər də cəzasını aldıqdan sonra dərk edər, təzədən hazırlaşıb qəbul olar. Heç nə olmaz, Universitetdən kənarlaşdırılıb, güllələnmə əmri verilməyib..
Ucunda ölüm yoxdu. amma o bayraq üçün şəhid olan canlarımız bir də geri qayıtmayacaq. O uzaqbaşı bir il itirir, Vətən uğrunda bayrağımıza sarılaraq şəhid olan canlarımız isə bir ömür…
Sizdən ricam o uşağı müdafiəyə qalxanda tabutunun üçrəngli bayrağa bürünməsini özünə şərəf bilən neçə-neçə 18 yaşlı şəhid-fidanlarımızı da düşünün… Çoxunun hələ heç torpağı soyumayıb. Heç kimin nə o şəhidlərə, nə də bayrağımıza qarşı hörmətsiz davranmağa haqqı yoxdur! Kim olursa olsun!.