Kulis.az Fərid Hüseynin şeirlərini təqdim edir.
Daş qazan
Yanmış kibrit çöplərinə baxıram:
başından kül olmağın kədəri bürüyür könlümü…
Həyat sonda ayaqlarımızın dibinə gömür işığımızı –
eynən kibrit çöpləri kimi…
Sevdiyim şeirləri qalın kitablara sürgün eləyiblər,
Bir də onları axtarıb tapmağa vaxt nə gəzir?
Oğlumun gözlərindən başqa
sürətim hər yerdə kiçilir.
Ölüm ayağındaymışam kimi
itirib bütün mənasını sirlərim.
Qəlbimin daşlığında boğuldu
tumar çəkməyə həsrət əllərim.
Könlümdə qiyama qalxıblar
dilimdəki qullar…
Sizə ölüm yoxdur, ey unutmadıqlarım…
Daş qazandır yaddaşım – gec qızar, gec soyuyar.
Tale yorğunu
Çoxumuz yorulduq taleyimizdən,
çünki gec gələn sevincə yer saxlamamışdı təəssüf.
Bir-birini yaxşı tanımaqdan xəstə düşmüş
insanlara necə kömək əli uzadasan?
Qaralmış üzlərə baxmaqdan
qançır olmuş bəbəklərin əllərindən
matəm yaylıqlarını hansı haqla alasan?
Axar sular surətlərimizi
korların qabağına tökdü,
heç kəs tanımadı bizi, dünya!
Özünü də itirdin, bizi də…
Gecəni gözləməkdən qaranlığa qarışdıq, dünya.
Qiyamət günə qurulmuş saatlar yatdı.
Cavabsız suallarda sözləri kim düzdü bir-birinin yanına?
Qəbirlərin arasındakı bir adamlıq cığırları kim saldı?
On bir iqlim qurşağından kim tor atdı nəfəsimizə?
Ananın qocalmasıyla barışmaq üçün
onu nənəmizə bənzətməyi kim öyrətdi bizə?
Yalana şeir donu biçənlərin parçasının pambığı
ölü dillərin kəfəni deyildimi?
Səni tanıyandan sonra,
kitabların üz qabağının hasarından
həqiqət çökəkliyinəyıxılmağa alışdıq.
Yarlı-yaralı su içdik, dünya! –
Özünü də öldürdün, bizi də!
“Vəfa” sözünü ilk dəfə eşidərkən…
Eşitdim qovulmusan yer üzündən,
amma çox qala bilməzsən getdiyin yerdə
qayıdacaqsan qəlbinin ardıyca.
Qayıt, yer tap özünə öz ömründə…
Dilindən “Allah” sözü düşməyən bir riyakarı
bir topa pulu sayarkən görmüşdüm.
Əllərinin sürəti ilə
gözlərinin ehtirasının toqquşduğu yerə baxmışdım.
Orda Allahdan əsər-əlamət yox idi.
Sən ki, “vəfa” sözünü eşidəndə
qulaqlarını tutub qaçan adamsan…
Yerini yaxşı bilirəm.
Pul sayanların əllərinin sürəti ilə
gözlərinin ehtirasının toqquşduğu yerdəsən.
Ən doğma günlərin dərdinə arxa çevirmisən,
yox olmusan,
gücünü arsızlıqdan alan zamana yoluxmusan…
Cəsarət gileyi
Bu dəfə bircə sən yox idin həmişəki görüşdə
və hər şeyin əvvəlki kimi olması
yaman üzdü məni,
sanki qorxaqcasına
səni unutmağımızı bayram edirdi işıqlar,
sənsə zülmətin zəncirləri arasından bizə baxırdın.
Kaş bu dəfə məclisdə nəsə çatışmayaydı,
kimsə gəlməyəydi,
birimizin halı pisləşəydi,
amma olmadı.
Dostlar şərab süzdü
və hər şeyin əvvəlki kimi olması
məni yaman üzdü.
Sənin baş qəhrəmanı olduğun
lətifəni danışdılar adını çəkmədən,
arsız gülüşlər arasında əridin ağız boşluğumuzda.
Badə səsləri əvvəlki ahəngiylə qarışdı bir-birinə
və mənim bağrımın başı göynədi
hər şey əvvəlkitək davam etdiyinə görə.
Sonra sənin yoxluğunla sağollaşmadı heç kəs –
dağılışdıq evə.
Mənsə üzümü qaranlığa tutub pıçıldadım:
xatirələrini halal elə.