Bayramdan sonra bir dostum mənə zəng eləyib dedi ki, depressiyadayam, istəyirəm bizə gələsən.
İki uşaq atası olan bu dostum illərdi işsizlikdən əziyyət çəkir. Hərdən qul bazarına çıxıb hər cür fəhləliyə gedir, qazandığı cüzi pul qurtaranda isə çox pis vəziyyətə düşür. Deyir, əvvəllər yaxşı idi, azdan-çoxdan iş olurdu, indi hərə bir briqada yaradıb, iş gördürən də yoxdu. Rus dili müəllimidi. Qızı universitetdə oxuyur, oğlu hələ orta məktəb şagirdidi, yoldaşı da işsizdi. Sosial yardım ala bilmir, deyiblər ki, ikiotaqlı daxman var, sənə düşmür.
Səhər saat 11 olardı, çatdım onlara. “Gəl, mətbəxdə oturaq”, deyib, mətbəxə tərəf getdi. Mən də onun arxasınca həmişə oturduğumuz mətbəxə gəldim. Çay süzdü. Dərin bir ah çəkərək yazıq-yazıq: “Qardaş, qızımın təhsilpulunu ödəməliyəm, beş yüz manat pul lazımdı, bilmirəm neynəyim?”- dedi. “Nə deyim, vallah, – dedim, – özün mənim vəziyyətimi bilirsən, qonorarla dolanan adamam.”
Dostum mülayim və inandırıcı səslə: “Səndən pul istəmirəm ki, ay qardaş! Dərdləşməyə adam yoxdu, ürəyim partlayır, dedim, bəlkə bir təskinlik verəsən”- söylədi.
Araya sükut çökdü, başımı aşağı salıb fikirə dalmışdım ki, birdən qapının zəngi çalındı. Dostum öz-özünə: “İşıqpulu-qazpulu!” – deyib, qapını açmağa getdi. Az keçməmiş yanında da iki nəfər mətbəxə qayıtdı. Gələnlərin birinin qoltuğunda papka vardı.
“Çay için!” – dostum onları stola dəvət elədi.
“Çay nədi? Nə qədər demək olar, sən hökmətə borclusan, pulumuzu ver, çıxıb gedək!”- dedilər.
Dostum qaşının birini aşağı, birini yuxarı eləyib: “Ağ pul, yoxsa qırmızı pul, hansından istəyirsiniz?” – soruşdu.
Papkalı tayı mənə tərəf əyilib: “Qardaş, bunu başa sal, verməsə, məcburuq bütün binanın qazını, işığını kəsək” – deyə zarıdı. Dostum: “Bu dəqiqə gedib sizin pulu yoldaşımdan alıb gətirirəm” – deyərək, şux hərəkətlə dabanüstə fırlanıb getdi. Baxdım ki, o, mətbəxdən çıxıb tualetə girdi. Biraz ləngiyəndən sonra sifonun şırıltısı eşidildi. Qayıdıb təzədən yanımıza gəldi. Səsinə inzibati ton qatıb şəhadət barmağını yuxarı qaldıraraq: “Yoldaşım nahar fasiləsinə çıxıb,” – dedi. Biz onun hərəkətlərindən heç nə başa düşmür, təəccüblə bir-birimizin üzünə baxırdıq. Nəhayət, papkasız tayı dilləndi: “A kişi, bizi dolamısan?”
Dostum birnəfəsə: “Sizi niyə dolayıram, allah eləməsin! Bilirsinizmi, Sakit və Atlantik Okeanda hər il onlarla qasırğa baş verir. Bütün qasırğaların statistik rəqəmlərini müəyyənləşdirmək üçün onlara müxtəlif insan asdları verilir. Bəs, bu qasırağalara adlar necə verilir?
Bilirik ki, belə təbiət hadisəsinə müəyyən bir ad verilməsi keçmişdən gələn ənənədir. İlk dəfə XIX əsrin sonlarında avstraliyalı metereoloq qasırğalara qadın adları verməyə başlayıb. Amerika Beynəlxalq Qasırğa Mərkəzi 1953-cü ildən etibarən bu fikri rəsmən tətbiq edib. Beləki, Viktoriya, Eleanora, Katrina adında qasırğalar var. Lakin, 1979-cu ildən etibarən bu təbii fəlakətlərə qadın adları ilə yanaşı kişi adlarını da qoymağa başladılar. Belə bir gündə adam dolamaq olar?” – söylədi. Papkalı kişi ayağa durub qəzəbli şəkildə: “Mən protokol yazıb verəcəm, qoy, daha sizinlə hüquq mühafizə orqanları məşğul olsun!” – dedi və oturan həmkarının qolundan tutub onu hirslə ayağa qaldırdı, yəni, dur gedək. Dostum onların qabağına keçdi: “Nə danışırsınız, sizi ac hara buraxıram? Gəlin, kafelləyək!” Sonra qəribə hərəkətlər eləyərək: “Mənölüm, oturun, indi pulunuzu gətirəcəm” – dedi. Onlar çarəsiz aşağı çökdülər. Dostum mətbəxdən çıxıb otaqların birinə girdi. Biraz keçmiş, başında qara kapron corab, əlində oyuncaq tapança içəri atılıb qışqırdı: “Əllər yuxarı! Demək, mənim evimə pul üçün girmisiniz?” Və qəfildən tətiyi çəkdi. Tapançanın lüləsindən su fışqırıb stolun üstündəki papkanı islatdı. Üst-başlarına su sıçrayan qonaqlar çaşqın vəziyyətdə cəld ayağa durdular.
Papkalı tayı: “A kişi, dəlimi olmusan? Bu nə hərəkətdi? Sənin verdiyin pul başına dəysin, hökmətin sənədini islatdın!”- deyə əlində oyuncaq tapança tutan ev yiyəsinin üstünə qışqırdı. Dostum: “Bağışlayın, bu dəqiqə papkanızı qurudacam!” – deyib, arxa otağa keçdi və əlində iri bir drel qarşımızda peyda oldu. Dreli toka taxıb vıyıltılı səsi altında qışqırdı: “Papkanı bəri ver, qurudum! Gördünüz? İşığımı kəssəydiniz, drelim işləməzdi!” Qonaqlar əməllicə çaşmışdı. Mən ağzımı açıb dostumun səhnəyə qoyduğu bu tamaşaya baxırdım. O, dreli söndürəndən sonra sirli bir fikir söyləyən adamlar kimi: “Arvad evdə yoxdu, ağlıma əla ideya gəlib! Gəlin, bir dənə qəşəng zamazka-gibs-şnur salatı düzəldim, bir banka kraska içək, hay, necədi?!” – dedi. Mən artıq onu başa düşürdüm. “Qardaş, siz özünüz bilərsiniz, mən asiton poxmeliyəm, mənə bir kusok aboy ver, üstünə də qalın kley çək!” – deyərək, ev sahibinin ritmini tutduğumu bildirdim. Dostum sevinib: “Baş üstə”- dedi. Sonra əlində tualet kağızı və qələm, restoran ofisantları kimi, sifariş yazmağa müntəzir poz alaraq qonaqlardan ciddi səslə soruşdu: “Bəlkə siz əlavə nəsə istəyirsiniz? 220 voltluq əla işıq-qaz basdırması var, laqonda qayğanağı hazırlaya bilərəm, yanında sement salatı, içməyə asiton da verə bilərəm, rastvoritel də. Fırça-oxra ləvəngisi var, təzədi. Siz fikirləşənə qədər gedim hamamda ocağı qalayım!”
Dostum vanna otağına girdi. Qonaqlar ayağa durub mənə yalvarışdılar: “ Qardaş, bu dəli qayıtmamış biz qaçaq”.
Dedim: “Dəli niyə olur? Ali təhsilli məllimdi, sadəcə, son vaxtlar kraska işləri ilə çox məşğuldu. Narahat olmayın, əlli-əlli asiton vuraq, sonra gedərsiniz.”
Onlar məni şübhəli nəzərlə süzərək yavaşca dalı-dalı çıxışa yaxınlaşıb tələsik ayaqqabılarını geydilər və qəfil qapını açaraq çölə qaçdılar.
Dostum vanna otağından çıxıb qışqırdı: “Evrika!” Onun hamamdan qəfil çıxmasına baxıb güləndən sonra soruşdum: “Noolub, indi nə tapdın?” Sevinə-sevinə: “Tapmışam sənöl! Uşağın təhsil haqqını da belə ödəyəcəm!”- deyib, qollarını qaldıraraq oynamağa başladı.
Murad Köhnəqala