Siz haqq şairi – Bilal Alarlısınız! – Sevil AZADQIZI yazdı

Siz haqq şairi – Bilal Alarlısınız! – Sevil AZADQIZI yazdı

Bilal ALARLI

 

QIRMIZILIQ

Mən qırmızı adamam,
qıpqırmızı adamam,
lap qırmızı adamam.
Sözü üzə deyirəm,
haqqı söyləyirəm.
Mən o qədər qızarmışam,
allanıb gəzirəm.
Haldan çıxarıblar,
hallanıb gəzirəm.
Ağ eləmirəm,
ağ ola bilmirəm üzə.
Yalandan ağlamıram,
yalandan gülmürəm üzə.
Çörəyimi kəsirlər,
çörəyim para olmur.
Qanım qaralır,
üzüm qara olmur.
Qapıdan qovurlar,
pəncərədən girirəm.
Məni yandırana
yanıq verirəm.
Üstümə çımxırana bozarıram.
Mənə sifət göstərənlərin
üzünə qızarıram.
Ruhum göylərdə uçur,
özüm yerlə sürünürəm.
Kənardan baxanda
belə görünürəm.
Amma mən özümü
başqalarından yaxşı tanıyıram.
Bilirəm nə üçün
döşümə döyürəm.
Çünki mən həmişə
həqiqəti deyirəm.

Şeirin təhlili

Doğrudur,  adamı qırmızı olmağa məcbur edən bir rəngdə olmayanlardır.
Rəngi, ruhu, məsləki, əqidəsi dürüst olmayanlardır!
Bilal müəllim bu bşeirində o qədər reallıqdan, insanların iç üzündən bəhs edir ki, oxucuya yalnız alqışlamaq qalır.
İlk üç misrada o təkrir və alliterasiya bir hökm şəklində etirazdır. Zəmanəyə, ya da insanlara olan etiraz. O insanlara ki, korlamaqdan korşalmadılar, yormaqdan yorulmadılar, bezdirməkdən bezmədilər…
Şairə xitab edirəm: Bilal müəllim, Sizin çörəyiniz alın tərinizdən qazanılmış halallıqdır, onu kimsə kəsə bilməz…
Üzağlığı sizin xarakterinizin rəngidir …
Özünüzü tanımaq isə ruhunuzla cisminizin uyarlığıdır, təsdiqidir…
Ruhum göylərdə uçur,
Özüm yerlə sürünürəm
Bu təzad da yerlə göy arasında qalan narahat Şairin sədasıdır, səsidir…
Həqiqəti bilənlərdir, həqiqəti görənlərdir, həqiqəti deyənlərdir döşünə döyənlər…
Şair, haqqın, həqiqətin carçısısınız, tərəfdarısınız…
Belə qırmızılıqdan dönmək özü günahdır…
Elə siz göründüyünüz kimisiniz, çünki olduğunuz kimisiniz…
Siz haqq şairi – Bilal Alarlısınız!

 Sevil Azadqızı

Share: