Fulyanı çox sevdim. İlk gördüyüm gündən. Mənimçün o, Qarabağ savaşının obrazlarından biridir – çox sevimli, bəyənilən, simpatik… Efirə hədsiz yaraşır. Tanrı heç nəyi əsirgəməyib. Gözəl qaməti, gözəl duruşu, gözəl üzü, gözəl gözləri…
Simasındakı təbiilik, doğmalıq, emosionallıq, yanğı və sevgi onu hamıdan fərqləndirir. Seçilir Fulya…
Fulya həm də ona görə seçilir ki, gənc xanımdır. Onu ön cəbhədə, odun, alovun içərisində təsəvvür etmək çətindir. Amma biz onu məhz müharibənin ən qaynar nöqtələrində haqq səsimizi dünyaya duydurmağa çalışırkən gördük. Həm heyrətləndik, həm də sevindik. Bir türk qızı belə olmalı – gözü qara-qorxu, yorğunluq nədir, bilməyən, Azərbaycanı da Türkiyə qədər sevən, Vətən bilən.
Belə qızı, belə türk qızını necə ekranlaşdırmayasan, necə çəkməyəsən, necə filmləşdirməyəsən?! İkinci biri varmı? Müharibənin bizə tanıtdığı Fulya kimi ikinci bir qadın jurnalistin adını çəkə bilərsinizmi?! Müqayisə edə biləcəyimiz daha bir isim varmı?!
Yoxdur. Ona görə yoxdur ki, Türkiyədə savaş müxbirliyinin dərsini, kursunu, elmini keçirlər, əlifbasını, düsturunu öyrədirlər. Tam yetişdirdikdən, nəzəriyyəsini öyrətdikdən sonra təcrübəsini də keçirlər. Və bu çox bahalı bir təhsildir, təcrübədir. Bizdən fərqli olaraq, Türkiyə şou-biznesdən başlayaraq sosial mövzulara qədər hər sahədə “özünü sınamış” “hərşeyşünaslar” göndərməz müharibənin od-alovunun içərisinə…
Yəni Fulya peşəkardır. Amma… O, 44 günlük müharibədə işini sadəcə, bir peşəkar və bir xəbərçi kimi görməkləmi kifayətlənirdi? Onun gözəl, qəlbləri riqqətə gətirən, inlədən səsindəki yanğını, fəryadı görürdünüzmü, hiss edə bilirdinizmi? Gəncə qətliamındakı səsi-ünü yadınızdadırmı? Bir avropalı, hansısa əcnəbi müxbir edə bilərdimi bunu? Göz yaşlarını xatırlayırsınızmı?
Gəncədəki xain erməni dəhşəti və vəhşəti onun baxışlarından və səsindən yayıldı dünyaya. Onun etdiyindən daha təsirlisini hansımız edə bildik, etdikmi?!
Sosial şəbəkələrdə oxuduqca, izlədikcə ürəyim sızlayır, parça-parça oluram: başımız savaşda əldə etdiyimiz uğurlara, bir-birinin ardınca gələn qələbə xəbərlərinə qarışanda Fulyaydı Gəncə, Bərdə, Tərtər, Goranboy faciələrini yayan, ardarda reportajlar yayımlayan, canlı yayımlara çıxan. Bəlkə də o vaxt bütövlükdə cəbhəyə gözümüzü dikdiyimizdən, Gəncəni, Bərdəni, Tərtəri yaxşı görə bilmirdik, ancaq o dəhşətləri gözləriylə görən, canı dişində, qəlbi ovcunda Fulya üçün onda da faciəydi, indi də… Raketlərin yerlə-yeksan etdiyi binaların xarabalığında tikə-parça olmuş insan qalıqlarını heç təsəvvürümüzə gətirmədik o vaxt. Amma xərəklərə meyit yox, insan tikələri toplanırmış. Bəzi uşaqların heç tikəsi də tapılmayıb. Bu acıları, bu fəlakəti gözləriylə görən, bu ağrılara qəlbi tab gətirən – mən yəqin ki, havalanardım o səhnələri görsəm, – peşəkar həmkarımıza ağız büzməyə kimin haqqı var?..
İzlədikcə, gördükcə utanıram, xəcalət çəkirəm. Fulya da görür, oxuyur, nələr hiss edir, heç düşünürsünüzmü? Bu qədər rəzil və ayıb müzakirələri kim başlatdı, davam etdirənlər kimlərdir? Jurnalistikamızın üz qaraları, dosta, qardaşa, qonağa bu münasibətsizliyi göstərməyi kimdən öyrəndiniz? Bu görgüsüzlüyü necə öyrəndiniz?..
Dünyanın hər yerində ən sadəsindən tutmuş, ən ünlüsünə qədər istənilən şəxs barədə film də çəkmək olar, roman da yazmaq olar. Önəmli olan o filmin kim haqqında çəkilməsi yox, dünyaya ünvanladığı mesajlardır. Mən əminəm ki, Fulya Öztürk haqqında film çəkmək ideyası da bu məqsədlədir. Biz Fulyanın gözəl simasıyla ağrılarımızı çatdıracağıq dünyaya. Onu ona görə qəhrəmanlaşdırırıq ki, ehtiyacımız var buna. Bəlkə bir soyuqqanlı avropalıya göstərə bilərik ağrının nə demək olduğunu. Savaş meydanından uzaqdakı evində, yuvasında, isti yatağında yuxuya getmiş insanların tikələrini toplamağın nə demək olduğunu bəlkə Fulyanın ağlar gözlərilə, hüznüylə, kədəriylə çatdırarıq qəlbsiz insanabənzərlərə. Bir erməniylə bir azərbaycanlının fərqi nədir, xarabazara çevrilmiş şəhərlərimizin, kəndlərimizin səssiz ağısıyla izah edə bilərik bəlkə dünyaya…
Nədir xoşunuza gəlməyən? Dünyaca məşhur Jan Klod Van Damm haqda film çəksək, xoşunuza gələrmi? Hazır, quda da olmuşuq. Fulya Öztürkü niyə layiq görə bilmirsiniz? Sizin ola bilmədiyiniz yerdə Fulyanın olmasımı sizi üzür?! Onun sevilməyini, seçilməyini, qəhrəmanlaşdırılmağınımı sinəyə çəkə bilmirsiniz?! Hələ də anlamırsınız ki, bu, xalqın seçimidir, xalqın sevgisidir, xalqın qiymətidir. Xalqın seçdiyini, sevdiyini, yüksəltdiyini heç kimsə yıxa, aşağılaya, kiçildə bilməz.
90-cı illərdən üzü bəri – Birinci Qarabağ müharibəsindən bu günə qədər minlərlə qəhrəman əsgər və zabitimiz şəhid olub. Elələri var ki, adları belə topluma bəlli deyil, naməlumdurlar, məzarları belə yoxdur. Elələri var, qolu yoxdur, qıçı yoxdur, gözü yoxdur, əlil arabasında yaşlayanlar var, təmənnasız, umacaqsız yaşayırlar yurdlarında. Savaşda çox böyük qəhrəmanlıqlar göstərmiş əsgərlərimiz, zabitlərimiz… əminliklə deyirəm ki, var. Çoxdurlar. Amma çoxunun şəhidliklərindən də, qaziliklərindən də, qəhrəmanlıqlarından da xəbərsizik. Taleləri belə gətiribmi, özlərimi həddən artıq təvazökardırlar, ya önə çıxmayıblar, ya çıxmaq istəməyiblər, ya da çıxaran olmayıb.
Amma kimlərsə də seçilib, sevilib, məsələn, şəhid generalımız Polad Həşimov kimi, şəhid əsgərimiz Mübariz İbrahimov kimi. Kim deyə bilər ki, Azərbaycan Ordusunda Polad Həşimovdan başqa fədakar zabitimiz olmayıb və ya yoxdur?! Kim iddia edə bilər ki, Mübariz kimi fədakar oğullarımız azdır? Sizi inandırıram ki, yüzlərlə belə zabitimiz, əsgərimiz olub və bu gün də var. Amma o qəhrəmanlar məhz Polad Həşimovun simasında ümumiləşdi, xalqın ürəyində özünə əbədi yer qazandı…
Fulya Öztürkü də belə bilək. Qardaş ölkənin – Türkiyənin media fədakarlığının siması kimi seçildi. Öztürk xaricə çıxan səsimiz, sözümüz, gözümüz kimi ümumiləşdi. Onun haqqında film çəkən rejissor da, ssenarist də, operator da, montajçı da, işıqçı da çox gözəl bir işlə məşğuldurlar: ləyaqətli bir türk qızına, Azərbaycanı çox sevən, insan acılarına, müharibə dəhşətlərinə laqeyd qala bilməyən, işinə qəlbinin odunu, ruhunun işığını, ürəyinin sevgisini də qatan bir həmkarımıza – cəsarətli savaş müxbirinə minnətdarlıq və şükranlıq duyğularımızı bir sənədli filmlə çatdırırlar. Çünki azərbaycanlı olmaq bu demək. Bizə tərəf bir addım gələnin qarşısına on addım gedərik, başımızın tacı edərik, qəlbimizdə ona taxt qurarıq…
Və nə qəribə ki, Fulya da azərbaycanlı kökənli. Babaları vaxtilə Güney Azərbaycandan Türkiyəyə – Adanaya köçüblər. Fulya Adanada doğulub. Reportyorluğu çox sevir. Suriyada, Afrikada, Myanmada – dünyanın ən qaynar, qanlı-qadalı nöqtələrində CNN Türk üçün reportajlar hazırlayıb…
Fulya belə Fulyadır. Jurnalistikanın “j”dən xəbəri olmayanlar necə anlasınlar ki, bunu. Sizi Biləcəridən o tərəfdə tanımırlar, Siz hardan biləsiniz ki, Fulya Öztürk olmaq nədir…
Aynur CAMALQIZI