Qan Turalı yazır…
Hər şey şüurda başlayır. Oradan dilə keçir, dildən əmələ… Buna görə də biliyiniz səhvdirsə, əməliniz də yanlış olacaqdır. Boşanma məsələsi də bu kontekstdə nəzərdən keçirilməlidir. İnsanlar ailənin nə olduğunu düzgün qavraya bilmirlərsə, hər bir fərd ailənin qurulmasında, inkişafında öz rolunu düzgün başa düşmürsə, əlbəttə ki, orada xoşbəxt bir ailədən söhbət gedə bilməz. Bizdə isə ailə haqqındakı təsəvvürlərdə o qədər yanlış məqamlar var ki…
Bu mühakiməni hansı biliklər əsasında yürüdürük? Ölkə başçısının fərmanı ilə təsis edilən Sosial Tədqiqatlar Mərkəzinin hazırladığı “Azərbaycanda mövcud ailə münasibətləri: sosial-psixoloji təhlil” ictimai rəy sorğusu və sosioloji tədqiqatın nəticələri əsasında.
Ailə dəyərlərinə nəyin zərbə vurması ilə bağlı sual ünvanlanan respondentlərin 64%-i sosial şəbəkələrin, 47,6%-i maddi vəziyyətin, 44,9%-i xarici serialların və kinoların zərərli olduğu bildirib. (Faizlərin cəminin 100-dən artıq olması sizi yanıltmasın, bütün suallar respondentlərə təqdim edilir, respondentlərin bir neçə cavab seçmək imkanı var)
Sosial şəbəkələrin mənfi təsirini inkar etmək mümkünsüzdür. Amma özü-özlüyündə sosial şəbəkələrin səbəb yox, nəticə olduğu çox aşkar deyilmi? Sosial media qadağan edilsə cənnət görmək istəyənlər Odlar Yurduna axışacaq? Xarici serialların ailə dağıtmağı haqqında deyilənlər isə lətifəyə daha çox bənzəyir.
Hər 7 şəxsdən biri (16,1 faiz) feministlərin ailə dəyərlərinə zərbə vurduğunu bildirir. Artıq şərhə gərək varmı?!
Maddi vəziyyətə gəldikdə isə, oraya qayıdacağıq…
Ancaq vəziyyətin tamamilə acınacaqlı olduğunu demək də olmaz. Belə ki, 77,8% respondent məcburi evlilikdənsə, heç evlənməməyin daha yaxşı olduğunu qeyd edir. Rəyi soruşulanların üçdəiki hissəsi qohum nikahlarına mənfi münasibət bəsləyir.
Ailədə xəyanət, aldatmaların qaçılmaz olduğu fikri ilə cəmi 18 faiz razılaşır. Respondentlərin 53 faizi isə bu suala mənfi cavab verir, yəni xəyanətin qaçılmaz olduğunu düşünmür. Xalq dilinə çevirsək, “Mənim xoruzum hara getsə də gəlib öz həyətimdə banlayacaq” atalar sözü ilə 53 faiz adam razılaşmır.
Ailə kimi sorğuda iştirak edənlərin daha çox hissəsi (42,5%) pandemiyadan əvvəl evdən kənarda (restorana, rayona, gəzintiyə getmək və s.) vaxt keçirmədiyini bildirir. Bu çox neqativ bir məqamdır.
Rəyi soruşulan ailələrin 40 faizi asudə vaxtlarını televizor izləməklə keçirtdiklərini bildirirlər ki, bu da televiziyaların zənn etdiyimizdən daha güclü təsir qüvvəsi olduğunu göstərir. 5,6 faiz isə bu suala “kitab oxumaq” cavabını verir. Bu qrupu bir qoruğa köçürb mühafizə etmək zəruridir.
Ailədə problem yaradan əsas amil kimi maddi vəziyyət önə çıxır: 41,9 faiz. Həyat yoldaşının laqeydliyi isə 2,6 faiz təşkil edir.
Boşanmaların əsas səbəbi kimi maddi vəziyyət göstərənlər 22,7 faiz, xəyanət kimi göstərənlər isə 22,1 faiz təşkil edir. Respondentlərin 73 faizi isə ailədə ciddi bir problem olacağı təqdirdə belə boşanmanı istisna edirlər.
Ancaq boşanmalarla bağlı paradoksal bir vəziyyət də meydana çıxır. Respondentlərin daha çox hissəsi xəyanət zəminindəki boşanmalarda boşanmaq təşəbbüsü göstərən tərəfə haqq qazandırdığını bildirib. Belə ki, ‘‘ər arvada xəyanət etdikdə’’ variantı 45,7%, ‘‘arvad ərinə xəyanət etdikdə’’ variantı isə 52,5% respondent tərəfindən seçilib. Ərin xəyanəti ilə arvadın xəyanəti arasındakı fərqin azlığı Azərbaycan cəmiyyətində modernləşmənin baş tutduğunu göstərir. Ancaq respondentlər boşanmaya haqq qazandıran səbəblər arasında maddi vəziyyəti qeyd etmirlər. Halbuki, boşanmaların əsas səbəbi kimi məhz maddi vəziyyət qeyd olunurdu. Ailə dəyərlərinə nəyin zərbə vurduğu barədə sual ünvanlananların 47,6%-i maddi vəziyyət variantını seçdiyini yuxarıda qeyd etmişdik.
Halbuki boşanmanın səbəbi kimi maddi vəziyyətin səbəb göstərilməsi absurddur və insanların bəsit təsəvvüründən irəli gəlir. Göründüyü kimi, heç kim maddi vəziyyətə görə boşanmanı da məqbul saymır. “Ailəyə daha çox gəlir gətirən kimdir?” sualına da 67 faiz “kişilər”, “13 faiz” isə qadınlar cavabını verir. Ümumilikdə isə qadınların 41,8 faizinin ailəyə gəlir gətirdiyi də bildirilir. Bu məqam maddi vəziyyət barədə deyilənlərin fiksiya olduğunu göstərir.
“Aşkı-memnu”nun, ya da Markla Çanın ailə dağıtdığını düşünənlər bir yana dursun, ancaq medianın bu rəy sorğusunu geniş təhlil etməsinin maraqlı nəticələr çıxaracağı şəksizdir.