Sökülür tavanı göy üzünün də, Bir gün Allah özü yerə enəcək..

Arif Pənahoğlu

YERƏ ENƏCƏK

Hər günün gündəmi, hər anın fikri,
hər gün dərdimizin şahı, Qarabağ…
Min dastan, min roman, milyon şeirlər-
vəsfini gözləyir hər qarışında…
Söylə, yazılırmı qurbanın olum ?!
Yazıçım seriala personaj gəzir.
Şairim fəlsəfə axtarışında…

Uzadıb əlini imdad istəyir,
Azad etməmişik dardan, çətindən.
Vallah başımızda gəzdirdiyimiz,
Papaqlar kül olub xəcalətindən…

 

Arif Pənahoğlu adlı şəxsin şəkli.

Mənim daş səbirli xalqım yuxuda,
Nə qədər analar, bacılar əsir.
Üstünə, başına, qar qalaqlanan,
Soyuq heykəl kimi eləcə susur…

Milli qeyrətimiz düşmən oxundan-
olubdu nə yaman vay, dəlik-dəlik…
Tək-tək yanıb-sönüb, külə dönürük-
Birləşə bilmirik bir yumruq kimi.
Bizi məhv elədi, pərakəndəlik…

Sən yazma, mən susum, o biri yatsın,
Varmayaq fərqinə olub keçənin…
Sonra abidələr ucaldıb bir-bir,
Önündə baş əyib təzim eləyək,
Başkəsən, “qəhrəman”- qanlar içənin.

Hələ məhəbbətdən, eşqdən yazmayaq,
İnciməz təbiət, dağ da, bulaq da…
Cəngilər yaradaq, marşlar yaradaq,
Ayıldaq yuxudan yatmış milləti,
Zindan döyəcləyək hər bir qulaqda.

Nə zaman, nə zaman, nə zaman axı,
zalım vərdişlərin suçun anlayıb –
günahın dərk edib qanacaqsız ?!
Bizi az yandırın, zülmün odunda,
Vallahi, bir gün də siz yanacaqsız…

Bezikib nə qədər nursuz simadan,
Yumub gözlərini günəş sönəcək.
Bu qədər ah-nalə, bu qədər günah,
Sökülür tavanı göy üzünün də,
Bir gün Allah özü yerə enəcək…

 

Share: