“Sol yanında yer tutan, Yersiz adamı dəyiş!…”- Şahnaz Şahin…

Hamı çıxıb getdi…

(Şahnaz ŞAHİN)

Hamı çıxıb getdi gəldiyi kimi,
Yenə bir sən qaldın,bir də uşaqlar.
Yenə məni elə təkliyim çəkir,
Səni haraylayır yenə,uzaqlar…

Havadan bir yağış qoxusu gəlir,
Bir niyyət saxlayır hərəni indi.
Min ildi aparıb bu dəli sular,
De harda axtaraq Saranı indi!?..

Şöhrət,şan gətirir varını vermək,
Yoxunu bölməkdi bəlkə cəsarət..!
Gəl otur,sehirli xalçanın üstə,
Qoy daha çəkməsin gecə xəcalət…

Daha heç nə qalmadı

Daha heç nə qalmadı,
İndi nədən danışaq..
Küsülü də deyilik,
Külək əsə,barışaq.

Yenə bir şey fikirləş,
Nəsə bir hoqqa çıxar.
Lap bir xəlvət şəkil çək,
Yanında da arzular..

Dilin topuq vurmasın,
Sakit ol,aram danış.
“Belə qalmaz bu dünya”
Sən də bir azca dəyiş…

Dəyiş oyun havanı,
Dilində tamı dəyiş..
İnanıb boy verdiyin.
O suyu,camı dəyiş…

Sil üstündən günahı,
O son gümanı dəyiş.
Sol yanında yer tutan,
Yersiz adamı dəyiş!…

Yerə endir günəşi,
Kürəyini oda ver.
Qorxma bütün ömrünü,
Bax bu uzaq,yada ver…

Tütünsüz çətin olar,
Götür bir siqaret çək…
Qoy son dəfə soruşum,
Bu dava çox çəkəcək?!…
..Daha heç nə qalmadı!…

 

Uşaq

Hələ bu dünya sənindi
Mışıl-mışıl yatan uşaq.
Nazını od qiymətinə
Gözün yumub satan uşaq.

Fırlayıb atdın oxunu
Aldın əlimdən yuxumu
Ağzında kədər salxımı
Nə yatmısan,oyan,uşaq..

Qəm yenə miyanə gəlir
Düşübdü ziyanə gəlir..
Hayandan hayanə gəlir
İçimizdə batan uşaq…

 

Arzularımı

Yazıb tulladım suya
Bütün arzularımı.
Bir az torpaq,bir az od
Tütün arzularımı..

Önündə diz çökərək,
Dalınca ah çəkərək,
Eylədim göyə dirək
Sütun,arzularımı..

Çəkdim onu ah kimi,
Son günah kimi yudum.
Sonra da sərib günə
Yarpaq-yarpaq qurutdum
Yetim arzularımı…

Müstəqil.Az

Share: