Gözümüzdən uzaq, könlümüzə yaxın Saxalardan qara bir xəbər gəldi. Saxa – Yakut ellərinin xalq yazıçısı Vasili Xarısxal bu dünyaya əlvida deyib.
Mən və əbədi qardaşım Əkbər Qoşalı Vasili Xarısxalı 2019-cu ilin iyun ayının əvvəlində Saxa-Yakutiyada tanımışdıq. Böyük türk yurdunda ictimai xadim, ədəbiyyatçı Platon Oyunskinin tərcümə etdiyim “Qırmızı Şaman” kitabının təqdimatı idi. Saxa türkləri bu kitabın türk dilində tərcüməsindən çox böyük şadyanalıq keçirirdilər. Kitabın təqdimatı ölkə səviyyəsində keçirildi.
Xarısxal bizə öz kitablarını verdi. Söz verdim ki, tərcümə edəcəm. Gözəl bir ədəbiyyatçı, mütəfəkkir, söz adamı ilə dostluğumuz başlamışdı. Mən bu gecə səhərə qədər Xarısxalı fikirləşmişdim. Nəzərimdə yeni “Qızıl alma” verilişim üçün ondan müsahibə götürəcəkdim. Özünə zəng edəcəkdim, qara xəbəri gəldi.
Azərbaycan öz torpaqlarını mənfur düşməndən azad edəndə Vasiliy Xarısxal bir an belə dayanmadı. Hər gün mənə məktublar yazıb, sevincini bölüşürdü.
Yazırdı ki:
Qara bağ – Xara bax. Əsil Türk sözü. Şuşa – Pənah abad! Mən hiss edirəm ki, Pənah xanın ruhu necə də şaddır! Doğma ayurdlara qayıtdığınızı Qədim türk cəngavərlərinin ruhu hiss edib. O ruhlar sizi təbrik edirlər. Xarısxal da o sevincə qoşulub!..
“Кара Бах – Хара Быа. Исконно түрк сирэ! Шуша – Панах Хабад. Чувствую как обрадовался святой Дух Хана Панах!
От все души, как предок и носитель духа древних түрк-баатыр поздравляю возвращением родной земли! Харысхал саха суруйааччыта.” 8 noyabr 2020.
“Biz Göy Börünün övladları olan qədim göy türklər sizin Böyük Qələbənizə görə ürəkdən şadıq. İlham Xan Heydər oğlu Əliyevə göstərdiyi iradə və əzmə, müdrikliyə və qüdrətinə görə qarşısında baş əyirik. Bütün türk xalqları və öz xalqım adından istəyirəm ki, Qoy Uca Tanrı ona və onun ailəsinə can saxlığı və uzun ömür bəxş etsin. Hamınızı Möhtəşəm Qələbə münasibəti ilə təbrik edirəm! Saxanın Xalq yazıçısı Vasiliy Xarısxal!” (13 noyabr 2020).
Şaman inancını könüllərində gəzdirən Saxalı dostlarımızla 44 günlük müharibə ərəfəsində hər gün danışırdıq. Onlar ən güclü şamanlara Azərbaycan üçün dualar etməyi tapşırmışdılar. Tanrı onların da dualarını eşitdi. Biz Zəfər çaldıq.
Saxa xalqı böyük bir yazıçısını itirdi. Xarısxal Türk ellərinin ədəbiyyatının birləşməsi üçün cəfalar çəkmişdi. O, həyatı yazırdı, o, türk xalqlarının qəhrəmanlarını öz əsərlərində yaşadırdı. O, Saxa xalqının ədəbi təcəssümü idi.
Tanrı dərgahına ucalan ruhun bu dünyadan şad getdi, əziz Vasiliy Xarısxal. Çünki sən son dəfə Azərbaycanın zəfərinə sevinmişdin!
Bütün türk dünyasının, Saxa-Yakutiya xalqının kədərinə şərik oluruq!