Humanitar yardım adı altında mülki təyyarələrlə Ermənistana silahlar daşınır. Hazırda “Atlantic Airways” şirkətinin Ermənistana uçuşlarının bərpa edilməsi, Ermənistandan Rusiyanın Mineralnye Vody şəhərinə reyslərin açılması silahların daşınması üçün imkanları daha da genişləndirib.
Bütün bunlar Ermənistan tərəfindən Beynəlxalq Mülki Aviasiya Təşkilatının tələblərinin, həmçinin Beynəlxalq Mülki Aviasiya Konvensiyasının (Çikaqo Konvensiyası) kobud şəkildə pozulması deməkdir.
Silahların daşınması prosesində əsas iştirakçılar Ermənistanın Müdafiə naziri David Tonoyan, beynəlxalq silah qaçaqmalçısı kimi tanınan David Qalustyan və iş adamı Samvel Karapetyandır.
Müstəqil.Az bildirir ki, məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev bildirib ki, bəzi ölklər Ermənistana mülkü yolla silah daşıyaraq, Beynəlxalq Mülki Aviasiya Konvensiyasının tələblərini pozurlar:
“Həmin konvensiyaya görə, mülkü təyarələrdə silah-sursatın döyüşən tərəflərə daşınması qadağandır. Çünki müharibə zamanında tərəflərdən birinə silah yardımı olunursa, bu, açıq şəkildə, beynəlxalq normalar çərçivəsində həyata keçirilməlidir ki, digər ölkə də buna hazırlıqlı olsun”.
Professor bildirib ki, Azərbaycan ermənilərə silah satan ölkələrin hava gəmilərini vura və ya müsadirə edə bilər:
“Əgər təsdiq olunarsa ki, Ermənistana, işğal altındakı ərazilərə gizli yollarla, mülkü təyyarələrlə silah daşınır, bu zaman Azərbaycan tərəfi silahların daşındığı nəqliyyat vasitəsini zərərsizləşdirə bilər. Çünki yuxarıda da qeyd etdiyim kimi, müharibə tərəflərindən birinə mülkü təyyarə və ya digər vasitə ilə gizli şəkildə silah göndərilməsi qadağandır”.
F.Mehdiyev Azərbaycanın ata biləcəyi addımlardan da danışıb:
“Birinci növbədə silahların hansı ölkədən Ermənistana göndərildiyi araşdırılmalıdır. Əgər araşdırma nəticəsində məlum olsa ki, X ölkədən Ermənistana mülkü yolla silah göndərilib, Azərbaycan tərəfindən həmin ölkəyə ciddi şəkildə nota göndərilməlidir. Daha sonra isə, siyasi yollarla həmin məsələ beynəlxalq səviyyədə işıqlandırılmalı, həmin ölkə ifşa olunmalıdır”, – deyə professor bildirib.