Mübariz Mənsimovun işi ilə bağlı bütün dəlillər…

“Palmali” şirkətinin mətbuat katibi Fidan Quliyeva Mübariz Mənsimovun işi ilə bağlı ən son məlumatı paylaşıb.

Publika.az xəbər verir ki, şirkət sözcüsü “Palmali” şirkətinin qurucusu Mübariz Mənsimovun işi ilə bağlı məhkəmə iclasının vaxtının müəyyənləşdiyini bildirib: “27-ci İstanbul Ağır Cəza məhkəməsinin hakimi ona təqdim edilən iddianaməni və dəlilləri qəbul etdi. Məhkəmənin vaxtı bu ilin sentyabr ayının 15-nə təyin edilib. Məhkəmənin ictimayət və mətbuat üçün açıq, yaxud qapalı olacağı barədə məhkəmə qərar verəcək.

Belə bir vəziyyətdə bizlər tərəfindən hər hansı yanlışlığa yol verməmək üçün Türk məhkəməsinin qanunları qarşısında boynumuz ipdən də incədir. Nəticədə son sözü Uca Türk Ədaləti deyəcək. “Palmali” olaraq uca Türk ədalətinə güvənir və inanırıq!”

Türkiyənin “Anadolu” agentliyi isə xəbər yayıb ki, tanınmış azərbaycanlı iş adamına qarşı FETÖ terror təşkilatına üzv olmaqla bağlı rəsmi ittiham irəli sürülüb.

İddiaya görə, İstanbul Baş Prokurorluğu Terrorizm və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən hazırlanan ittiham aktında müttəhim Mübariz Mənsimovun və onun əlaqədə olduğu şəxslərin fəaliyyətləri barədə araşdırma aparıldığı bildirilib.

İttihamda Mübariz Mənsimovun FETÖ/PDY silahlı terror təşkilatının Rusiyadakı məktəblərinə pul köçürdüyünə dair internet vasitəsilə araşdırma aparıldığı qeyd olunub.

Araşdırma nəticəsində “Atlantic İnternational School” adlı məktəbin idarə heyəti üzvlərinin adlarının və fotoşəkillərin olduğu veb-link görüntülərində M.Mənsimovla yanaşı, təşkilat üzvü və rəhbəri, axtarışda olan Akın İpek, Harun Tokak və İhsan Kalkavanın da yer aldığı iddia olunub. İttiham aktında Mənsimovun FETÖ/PDY lideri Fətullah Gülənin qardaşı oğlu Səlman Gülən ilə də əlaqələrinin olduğu ifadə edilib.

Təqsirləndirilən Mübariz Mənsimovun “silahlı terror təşkilatına üzv olmaq” səbəbilə 7 il 6 aydan 15 ilə qədər həbs cəzası istənilib. İddianamə İstanbul 27-ci Ağır Cəza Məhkəməsi tərəfindən qəbul edilib.

“Aktual“TV isə bu informasiyaların əksini iddia edib. İnternet kanalının məlumatına görə, martın 15-də həbs olunan klub sahibinin əleyhinə heç bir fakt tapılmayıb.

Qeyd edək ki, 15 martda hüquq-mühafizə orqanları M.Mənsimovun evində axtarış aparıb və o, həmin gün saxlanılıb. 17 martda isə M.Mənsimov barəsində istintaq müddətində həbs qərarı verilib. 17 iyunda istintaq işi məhkəməyə göndərilib.

M.Mənsimov özü FETÖ ilə əlaqələrini qəti şəkildə rədd edir və ittihamları qəbul etmir.

Müstəqil.Az

Share: