Azərbaycanda son günlər koronavirusa yoluxanların sayının artmasının bir neçə səbəbi ola bilər. Bunun başlıca səbəbi bütün dünya üzrə yoluxma hallarının yeni dalğasının Azərbaycana da təsirsiz ötüşməməsidir.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov Trend-ə bildirib ki, ölkəmizdə müşahidə olunan qeyri-sabit hava şəraiti də virusal xəstəliklərin yayılması üçün münbit şərait yaradır:
“Yoluxmaların artmasının ehtimal edilən üçüncü səbəbi isə getdikcə insanlarda arxayınlıq hissinin yaranması, ictimai yerlərdə və ünsiyyətlərdə qripal viruslara qarşı qabaqlayıcı tədbirlərin arxa plana atılmasıdır”.
Hazırki yoluxma sayının karantin rejiminin sərtləşməsinə zəmin yaratması məsələsinə toxunan R.Mahmudov bildirib k, istənilən ölkə birillik təcrübəni də nəzərə alaraq, eyni zamanda ölkədəki səhiyyə resurslarının vəziyyəti, xəstəxanalarda, reanimasiya yataqlarındakı, süni tənəffüs aparatlarındakı doluluq səviyyəsi nəzərə alınaraq tədbirlər planı hazırlayır:
“Dünyadakı birillik təcrübə onu göstərdi ki, sərt karantin rejimlərinin tətbiqindən daha çox, insanların şəxsi gigiyenik qaydalara riayət edərək qabaqlayıcı tədbirlər görməsi, eləcə də cəmiyyətin böyük bir hissəsinin virusa qarşı mübarizəyə məsuliyyətlə yanaşması müəyyən nəticə verə bilər.
Amma lokal olaraq, istər ictimai iaşə obyektləri olsun, istərsə məktəblərdəki vəziyyətə görə rəqəmlər günlük analiz edildikdən sonra bəlli bir zaman içərisində operativ qərərgahın bütün aidiyyəti qurumları və ekspertlər tərəfindən müzakirə olunduqdan sonra addımlar atılır. Arzu edək ki, bundan sonrakı günlərdə bu rəqəmlər artmadan, ölkə səhiyyəsinin qaldıra biləcəyi şəkildə mübarizəni davam etdirək və ən qısa müddət çərçivəsində xəstə sayının yenidən azalmasını müşahidə edək.
Amma biz hər birimiz belə bir vəziyyətdə sadəcə dövlət tərəfindən verilən qərarları və addımları gözləməməliyik. Vətəndaş məsuliyyətimizi dərk edərək bu virusa qarşı mübarizə aparmaqla həm dövlətimizə dəstək olarıq, həm də bu xəstəlikdən gələcəkdə əziyyət çəkib həyatı təhlükə yaşayacaq insanların sayının azalmasına kömək edə bilərik”.