Britaniyanın “Oxfam” xeyriyyə təşkilatının hazırladığı hesabata görə, dünya sakinlərinin yalnız 1%-i 2020-ci ildən bu yana bütün dünya əhalisi ilə müqayisədə təxminən iki dəfə çox sərvət toplayıblar.
İki il ərzində ən zənginlər 26 trilyon dollar qazandıqları halda, əhalinin qalan 99%-nin gəliri 16 trilyon dollar olub.
Beləliklə, pandemiyanın başlanmasından bəri dünya sərvətinin yarıdan çoxu (42 trilyon dolları) zənginlərin əlinə keçib.
Milyarderlərin sərvəti keçən il qida və enerji sənayesindən əldə edilən gəlirlərin sürətli artımı sayəsində kəskin çoxalıb. Hesabat göstərir ki, 95 qida və enerji korporasiyası mənfəətlərini ikiqat artırıb. Onlar 306 milyard dollar əlavə mənfəət əldə edib və səhmdarlara 257 milyard dollar ödəyiblər.
Oxfam-ın məlumatına görə, ən zəngin insanların ümumi sərvəti gündə 2,7 milyard dollar artır. Araşdırmanın müəllifləri qeyd edirlər ki, multimilyonerlərə və milyarderlərə 5%-ə qədər vergi tətbiqi bəşəriyyətə ildə 1,7 trilyon dollar qazandıra bilər ki, bu da 2 milyard insanı yoxsulluqdan çıxarmaq üçün kifayət edər.
Mənbə: rbc.ua