“Əsassız, saxta əlillik təyinatının aşkar edilərək ləğv olunması, əlillik təyinatlarının tam şəffaflaşdırılması sosial ədalətliliyin də vacib şərtidir və bu istiqamətdə işlər davam edəcək”.
“Report” xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Cavid Əbdul-Qədirov deyib.
Onun sözlərinə görə, ümumilikdə son illərdə 7 000-dən çox saxta əlillik təyinatı aşkarlanaraq ləğv edilib: “Nəticədə illik 30 milyon, aktuar hesablamalara əsasən uzunmüddətli dövr üzrə 735 milyon manatdan çox büdcə vəsaitinin qanunsuz xərclənməsinin qarşısı alınıb”.
Agentlik sədri bildirib ki, hazırda əlillik müddətləri bitən şəxslərin əlilliyinin yenidən qiymətləndirilməsi işləri aparılır: “Əlillik geridönməz hallarda (əzaların amputasiyası, sağalması mümkün olmayan ağır xəstəliklər və s) müddətsiz təyin edilir, bu şəxslərin əlilliyi ömürlük müəyyən olunur. Ona görə də belə şəxslərin əlilliklərinin təkrar müayinəsinə ehtiyac qalmır”.