Sonluğu olmayan rəqs

Arzu NEHRƏMLİ

(Hekayə)

Bacım məni rəqs müəlliməsinin yanına aparıb böyük xahiş-bilişlə az qala müəllimənin ayaqlarına qapanaraq yalvarmağa başladı:
– Müəllimə, nə olar, buna fərli bir rəqs öyrədin, yoxsa bütün toylarda sifariş verdirib “Hopstop”a oynayır, bizi biabır eləyir, daha nə edək, bu günahkar bəlanı Allah çıxarıb qarşımıza, bacarammırıq.
Mən isə başımı aşağı salıb məsum sifətində günahkar görkəm alaraq arada bir gözlərimi qaldırıb Rəna müəlliməyə baxırdım. Müəllimə artistlik etdiyimi və başdan ayağa fırıldaq olduğumu anlamışdı, həm də deyəsən, yaman xoşuna gəlmişdim. Gülümsəyərək qarşımda çöküb yanaqlarımı dartışdıran müəllimə:
– Ürəyimdən keçən rəqs üçün çox balacadır. Hələ vaxta var. Qoy, hələlik “Hopstop”u attanıb-düşsün şıltaq böcək.
Aradan illər keçmişdi, daha bacım mənə görə narahat deyildi, qucağına alıb ora-bura aparmırdı. Bir də ona deyən vardı ki, məni qucağına mindirib daşısın, həm özünə əziyyət versin, həm də mənə, vallah, yerdə gəzmək ondan rahat idi. Sadəcə bu bacımın vərdişi idi, gözünün qabağında olduğumdan böyüdüyümü hiss eləmirdi, boynuna alanda da ayaqlarım belinə çatırdı yazığın. Lap Nizaminin “Fitnə Öküz” məsəlindəki kimi. Ən əsası isə dözülməzliyimdən təngə gəlib hay-küy edəndə mamamın danlağından canı qurtarmışdı. Barmağının ucu toxunsaydı şüvən qopardıb aləmi bir-birinə qatardım, əlbəttə ki, arxamda dağ kimi dayanan mamama güvənərək. On-on beş il fasilədən sonra doğulduğumdan yəqin bir az da onun sonbeşiklik statusunu əlindən almışdım, o üzdən. Elə bilirdim bacımın məndən ilanın yarpızdan zəhləsi gedən kimi zəhləsi gedir. Əslində neynəsin axı? Zəhlətökəndən kimin zəhləsi getməz ki. Bacım bu şıltaqlıqlarımdan ailə qurmaqla qaçıb canını qurtarmışdı. Başı ailəsinə, uşaqlarına qarışdığından daha məni qucağına almaq da yadından çıxmışdı.
Azacıq boy verən boy-buxunumuz artıq uşaqlığımızda fikir söyləyib, qərar verməyimizə də şərait yaradırdı. Bir neçə rəfiqəmlə məsləhətləşib rəqs öyrənmək üçün kənddə Pionerlər evində rəqs dərnəyinə yazıldıq. Adlarımızı qeydə alan müəlliməni görən kimi tanıdım, amma o məni tanımadı. Növbə mənə çatanda istədim adımı şıltaq böcəyəm deyim, demədim. Müəllimənin o birisi uşaqlardan fərqli olaraq qanı mənə qaynadığını hiss etmişdim. Deyəsən, nəzərində tutduğu rəqsin qəhrəmanını tapmışdı. Əvvəl on beş – iyirmi qızla “Şur” rəqsinin məşqlərini etdik, “Yallı” öyrəndik, “Ağ çiçəyim” rəqsini öyrənə-öyrənə çiçək-çiçək açdıq, “Ləzginka”, “Ukrayna” rəqsinə qədər oynadıq. Bir gün Rəna müəllimə mənə yaxınlaşaraq sənə solo rəqs öyrədəcəyəm, “Yanıq Kərəmi”yə oynayacaqsan. Əvvəl qorxdum, rəqsin adı mənə çox ağır gəldi, boynumdan atıb qaçmaq istədim. İstədim deyəm: “Mən axı “Hopstop”a oynayan şıltaq böcəyəm, inanmırsan, get bacımdan soruş” – deyə bilmədim.
– Müəllimə, bacarmaram, qoy mən “Çiçək” rəqsini oynayım.
-Sən onu hamıdan yaxşı bacaracaqsan, görəcəyik.

Görüntünün olası içeriği: bir veya daha fazla kişi ve çocuk
Böyük qrupumuzla kənd-kənd, rayon-rayon, düşərgə-düşərgə gəzib dolaşır, şənliklər düzəldir, konsertlər verirdik. Çətinliklə də olsa yavaş-yavaş alışmışdım “Yanıq Kərəmi”yə. Fərqliliyimi hiss etdikcə uşaq çiyinlərimdə ağır yük, ürəyimdə köz-köz olurdu bu rəqs, hələ tüstüsünün təpəmdən çıxacağını anlamırdım. O qədər gözəl oynayırdım ki, sanki ətrafımdakılara: “Görürsüz, bu rəqsi məndən başqa heç kəs bacara bilməz” – deməyə çalışırdım. Rəqsin bir maraqlı yeri də orasındaydı ki, sonluğu yox idi, səhnədən oynaya-oynaya çıxmalı idim. Bunu etmək isə mənimçün çox çətin idi. Hər dəfəsində özümü itirər, hərdən ağlayardım da. Sonluğu olmayan rəqsin havasına ayaqlarım yerdən üzülər, ruhum caanımdan çıxardı, hələ özümə gəlməmiş yeni günlərin birində şənliklərdə görürdüm özümü. Çıxa bilmirdim ortadan, Rəna müəlliməni axtarırdım, Axtarırdım ki, mənə rəqsin sonluğunu öyrətsin. Alqışlar, təriflər, oxşamalar, əzizləmələr uçaq könlümü alır, “Yanıq Kərəmi”yə oynatdıqca oynadardı məni. Eşitdiyim təriflər həyəcanımı birə-beş artdırar, dördgöz olardım, yenə də Rəna müəlliməni axtarardım. Axtarardım ki, ya məni gəlib bu oyundan çıxartsın, ya da mənə bu rəqsin sonluğunu öyrətsin. Bir ömür bitirə bilməyəcəyim, havası başımdan getməyəcək, sonluğu olmayan rəqsin…
Hələ də Rəna müəliməni axtarıram…
Share: