Sonra, özümdən belə üzr istəməyə üzüm olmayıb… – Anar Adillə müsahibə

Sonra, özümdən belə üzr istəməyə üzüm olmayıb… – Anar Adillə müsahibə

Müstəqil.Az Qaynarinfo-a istinadən  şair-qiraətçi Anar Adillə müsahibəni təqdim edir.
 
– Anar, həm şeir yazırsan, həm də səsləndirirsən. Necə düşünürsən, sən yaxşı şairsən, yoxsa qiraətçi?
– Mən yaxşı şair və yaxşı qiraətçi olmağım haqqında bir söz deyə bilmərəm. İlin altı ayı şair, altı ayı qiraətçi oluram.
– Onda altı ay şair olanda şeirinin hara getməyini, altı ay qiraətçi olanda səsinin haradan gəlməyini istəyərdin?
– Nə uzaqda, nə yaxında, hamını görə biləcək bir yerdə. Mənim yanımda! Səsimin uzaqdan gəlməyini istəmərəm. Otursun özü üçün nəfəsimdə. Nəfəsimdə əssin.
– Nəfəs demişkən, Anar, indi şeir səsləndirən də çoxdur. Kəmiyyət artıqca keyfiyyət azalır, o cümlədən səslər də dəyişir. Qiraətçi var ki, səsini boğur. Ümumiyyətlə, səsini necə tənzimləyirsən? Sənin səsinin, nəfəsinin özəlliyi nədir?
– Çalışmışam ki, səsimin üstünə oturan şeiri, mətni səsləndirim. Səs boğula bilər, dəyişə bilər. Filmdə, dublyajda. Şeirdə, mətndə, poeziyada isə yox, məncə. Səsləndirənlər çoxdur. Səsləndirəcəyim mətn səsimə nə dar, nə də gen olmasın. Vaqif Bayatlı demişkən: “Mən səni, astaca, sakitcə sevmək istəyirəm”. Astaca, rahatca, şeirin bakirəliyini pozmadan səsləndirmək. Səsimin elə də özəlliyi yoxdur. Bəlkə də var, nə bilim… Suyu adam ciyəri yananda eşqlə, dayanmadan içib bir boylu-buxunlu ah çəkir. Həmçinin də dadlı şeirə, mətnə acıyanda səslənmə də əla alınır.
– Hansısa qiraətçiyə oxşamaq istəyin var? Dinləyəndə deyirsən ki, kaş, mən də belə səsləndirə biləydim?
– Bu suala uzun-uzadı düşünmədən konkret “yox” deyə bilərəm. Elə istəyim heç vaxt olmayıb.
– Heç klassiklərdən də? Bir nəfər də olsa kumirin yoxdurmu? Yoxsa elə deyirsən, varsa da, yoxsa da özüməm…
– Səsini sevdiyim, bəyəndiklərim var. Əlbəttə. Ancaq oxşamaq istəyim, ona bənzərlik istəyim yoxdur. Rasim Balayev, Şahmar Ələkbərov. Və sair. Varsa da, yoxsa da özüməm, kimi bir fikirim yoxdur. Ümumiyyətlə, şöhrət, tanınmaq kimi də istəyim yoxdur. Elə vacib mətnlər səsləndirmişəm ki, heç paylaşmamışam da.
– Məsələn, hansı mətn, nə kimi vacibliyi var?
– Dövlət İmtahan Mərkəzinin mətnlərin səsləndirirəm. Bundan da gözəl iş ola bilməz. Əlavə olaraq, bədii və publisistik mətnləri. Ölkə başçısı səviyyəsində mətndə var… Paylaşma da etməmişəm. (İndi hamı bildi.)
– Onda belə çıxır ki, sən bu işdən pul qazanırsan? Sadəcə, hobbi deyil yəni. Əksər qiraətçilər sadəcə məşğuliyyət üçün edir. Görünən odur ki, sözdə o qədər də pul yoxdu, bəs səsdə necə, varmı?
– Bu işdən pul qazanıram. Amma daimi qazanc yeri kimi məşğul olmuram… Yüzünə şükür, mininə bərəkət.
– Anar, klassik qiraətçilərdən bəyənmədiyin varmı? Konkret olaraq düşünürsən ki, əslində, səsi o qədər də yaxşı deyil, amma zəlzələdən ya vəlvələdən məşhurlaşıb, o dəyəri haqq eləmir?
– Vallah, elə ya zəlzələdən, ya vəlvələdən nə vaxtsa bəyənmədiyim adama “super” demişəm. Sonra, özümdən də üzr istəməyə üzüm olmayıb. Bir də, mən o qədər peşəkar da hiss eləmirəm özümü ki, konkret həmin adamın haqqının çatıb-çatmayacağı haqda ağız dolusu danışım.
– Bəs, gənclərdən varmı? Tanınmış, məşhur qiraətçilərdən? Ad çəkə bilərsən, yoxsa səs münaqişəsi olar deyə demək istəmirsən?
– Yox, ad çəkmək istəmirəm. Bəyəndiyim qiraətçiləri dinləyirəm sevə-sevə. Heç kimin səs sevgisinə təsir etmək, ya xal salmaq istəmirəm. Hər kəs öz sevdiyini sevsin qoy.
– Kamran Ağabalayev də məşhurdur gənclərdən, onu necə, bəyənirsənmi? Digər məşhur, amma bir qədər yaşlılardan Kamran Yunis də var. O necə? Bəyənirsənmi?
– Kamran Ağabalayev də, Kamran Yunis də peşəkar aktyorlardır.
– Anar, dünyaya səsinlə bir söz demək haqqın olsaydı, bu söz nə olardı?
– Cəsarətiniz və ədalətinizdən muğayət olun!
– Bəs, hansı qiraətini ən yaxşı hesab edirsən ki, bu müsahibəni oxuyub da səni tanımayanlar ona qulaq asaraq istedadına bələd olsunlar?
– Bayaq dediyim kimi, oxucunu, dinləyicini yönləndirmək istəməzdim. Kiminlə, harda, nə zaman görüşümüz, tanışlığımız qismətsə, onsuz da onun qarşısını almaq olmaz, o tanışlıq olacaq.
– Anar, müsahibə üçün təşəkkür edirik.
– Eşq olsun. Təşəkkürüstanalərim.
Orxan Saffari
Share: