Şorgöz kişi kimi zövq alıram… – Sevinc Elsevərin yeni şeirləri

Şorgöz kişi kimi zövq alıram… – Sevinc Elsevərin yeni şeirləri

Kulis.az Sevinc Elsevərin yeni şeirlərini təqdim edir.

Günəşli

payızdır halbuki

görünür, yaydan doymayıb

qısadonlu qızcığaz

Afroditanın çiyinlərindən seçilmir

çılpaq

qəşəng çiyinləri

kürəyindəki kəpənək tatusu

canlanıb uçacaq

əlini uzatsan

bu qız qızmar yaydan qalan canlı xatirədir

mənsə pencəkdə

əllərim də cibimdə

zilləmişəm gözlərimi xanıma

şorgöz kişi kimi

zövq alıram yayı getməyə qoymayan bu gözəllikdən

günəş də bu qıza görə əl çəkmir

şəhərimizdən…

Sülh günü

dünya sülh günündə

susmadı silahlar

adi günlərdəki kimi…

heç olmasa bir dəqiqəlik sükutla

yad etmədilər müharibələrdə ölənləri

silahların səssizliyində…

səfərbərlik elan elədi Putin

sentyabrın iyirmi biri

“sülh quşu” çağırılıb ələ salındı

sülhpərəstlər o gün də…

sülh arzulu körpələr

divar qəzeti düzəltdilər

xırda əlləriylə

asdılar sinif otaqlarından

heyf ki, o qəzetləri

o körpələrin ürəklərini

gözlərini

müharibə edənlər nə gördülər

nə oxudular

əbədi sülh olmayacaqsa yer üzündə

yer kürəsi dağılsa yaxşıdır…

Pərvanə

gecə işıqlar keçdi

əl havasına telefonumu tapıb

yandırdım fənərini

qoydum baş ucuma

çox çəkmədi

gəlib çıxdı evimdəki tək pərvanə

yalqız qoymadı məni

yuxuya gedincəyədək baxdım onun uçuşuna

məsumca aldanışına

odsuz-alovsuz da yanmağına

səhər oyandığımda harasa yoxa çıxmışdı

ancaq hələ də sevgiylə xatırlayırdım onu

bu şeirlə də xatırlayacam

unutmayacam heç zaman


Kinoşünasın şeiri

olmadı belə,

heç olmadı,

əziz rejissor!

sənin üzündən yaşlı anam ağladı

bibim də qoşuldu ona

qonşu qadınlar da

həyatlarında bir məna tapa bilməyən qadınların

iki ildən bəri izlədiyi serialın

qəhrəmanını öldürdünüz axırda

balasının doğuşunu gözləyən

boğaz filin səbri vardı o qadınlarda

xoşbəxt sonluğu gözlədilər

gözlədilər aylarca

ölü doğuldu fil balası

ana filin dərdi qədər böyük oldu kədərləri, yəni

dram göstərmək istəyirsiniz

sənət filmləri çəkin

ümidsiz ev qadınlarını

barı ekran qarşısında ağlatmayın bu qədər

onsuz da həyatlarında boldur kədər

taleləri ağlamalı

malı…

məli…

malı…

sizdə də bir ürək olmalı!


Ölməsəm qalsam…

ölməsəm qalsam

ərik ağacının yerini dəyişəcəm

ölməsəm qalsam

tut gətirib əkəcəm yanında

ölməsəm qalsam

yarımçıq tikilini tikəcəm

ölməsəm qalsam

qardaşın Rusiyadan qayıtsın

ona toy edəcəm.

ölməsəm qalsam

su çəkdirəcəm

ağaclar susuzluqdan quruyur

ölməsəm qalsam

nar dəysin

yığıb sizə də gətirəcəm

təqaüd yaşına çatsam

təqaüd alsam

ananı işləməyə qoymayacam

ölməsəm qalsam…


susqun baxıram mən

danışır dədəm

günü sabaha ümidi yoxdur

yalançı çıxmaq istəmir

arzularını dilə gətirəndə

cəmi altmış iki yaşında

ancaq doxsan iki yaşlı qoca kimi bəhs edir

keçmişdən

gələcəkdən

uzun, ağır, dəmir qatar kimi

ötüb keçib həyat üzərindən

yorğundur

xəstədir

bədgümandır yaman

yaşıdları kimi…

və ən pisi budur:

verməyə təsəllim yoxdur ona

heç mən də yalançı çıxmaq istəmirəm…

Share: