Soros pul qazanmağın çirkin üsullarının mahir bilicisidir?

Corc Soros dünyanın ən zəngin adamlarından biridir. Lakin başqa zəngin insanlardan onu fərqləndirən bir çox cəhətlər var.

Müstəqil.Az xəbər verir ki, bunu keçmiş maliyyə naziri, “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Birliyinin sədri Fikrət Yusifov bildirib.
Onun sözlərinə görə, bu adam pul qazanmağın ən çirkin üsullarından istifadə etməkdən heç vaxt çəkinmir:

“O, müxtəlif maliyyə fırıldaqlarını çox böyük məharətlə həyata keçirə bilir. Xərclədiyi milyardlarla vəsaitin isə xeyriyyəçiliklə heç bir əlaqəsi olmur.

Bu xərclər bir qayda olaraq ona yaxın və uzaq perspektivdə daha çox gəlir gətirmək üçün edilir. Corc Soros məmnuniyyətlə başqa ölkələrin daxili işlərinə müdaxilə edib, orada öz istəklərini reallaşdırmağa çalışır. O, narıncı inqilablar təşkil edib, onları maliyyələşdirməklə ilk baxışda inqilab edilən ölkədə demokratik dəyərlərin bərqərar olunması məqsədlərini reallaşdırır. Əslində isə onu heç bir demokratik dəyər maraqlandırmır. O, sadəcə bu yolla müxtəlif ölkələr üçün nəzərdə tutduğu proqramları reallaşdıraraq, böyük məbləğdə maliyyə resursları əldə edir”.

F.Yusifov bildirib ki, milyarderin marixuana istehsalına və narkotik maddələrin satışına yenilik gətirmək təşəbbüsləri də çox maraqlıdır:

“Corc Soros geni dəyişdirilmiş marixuana istehsalını və narkotiklərin satışını leqallaşdırmağı təklif edir ki, bu təkliflərin reallaşdırılması ona milyardlarla dollar əlavə qazanc gətirə bilər. İngilislər Corc Sorosu heç sevmirlər və ona nifrət edirlər desək, yanılmarıq. 1992-ci ilin 16 sentyabr – “qara çərşənbə günü” onların yadından heç vaxt çıxmayacaq.

Həmin gün Corc Sorosun Kvantum Fondu bir gündə bazara 5 milyard funt-sterlinq çıxararaq bunun müqabilində 15 milyard alman markası aldı. Bu maliyyə əməliyyatı funt-sterlinqin kəskin ucuzlaşmasına səbəb oldu. Əvəzində Corc Soros bu əməliyyatdan qısa vaxtda 1,5 milyard dollar qazanc əldə edə bildi”.

Keçmiş nazir qeyd edib ki, C.Sorosun sərgüzəştləri bunlarla bitmir:

“O, Macarıstan, İsrail, Avstriya, Ukrayna, Rusiya və bir çox digər ölkələrdə belə çirkin əməllərlə məşğuldur. Bu adam bəşəriyyəti zəhərləməkdən də çəkinmir. Geni dəyişdirilmiş məhsulların istehsalını stimullaşdırmaqla milyardlarla dollar əlavə qazanc əldə edə bilir. O, hətta bu gün vətəndaşı olduğu ABŞ-da da sabitliyin pozulması üçün əlindən gələni edir. 2014-cü ildə Missuri ştatının Ferqyuson şəhərciyində qara dərili bir gəncin polisin əmrinə tabe olmadıqdan sonra güllələnərək öldürülməsi ilə başlanan etiraz hərəkatı bütün Amerikanı bürüdü. Sonradan bu etiraz hərəkatının məhz Corc Sorosun rəhbərlik etdiyi təşkilatlar tərəfindən maliyyələşdirildiyi bəlli oldu. Belə çıxır ki, bu adam üçün müqəddəs heç nə yoxdur. Onu yalnız öz maraqları düşündürür. Elə bu səbəbdəndir ki, bu ilin əvvəlində 15 mindən çox ABŞ vətəndaşı Prezident Donald Trampın adına ünvanlanmış petisiyanı imzalayaraq, Corc Sorosu vətəndaşlıqdan məhrum etməklə onun ölkəyə girişinə qadağa qoyulmasını xahiş etmişdilər. Həmin müraciətdə Amerika vətəndaşları Corc Sorosu ABŞ-dakı etiraz aksiyalarında və qiyamlarda iştirak üçün adamları pulla ələ almaqda, ölkə iqtisadiyyatını qeyri-sabitliyə və müflis olmağa sürükləyən hərəkətlərə yol verməkdə günahlandıraraq prezidentdən onun həbsinə dair order imzalamağı xahiş etmişdilər. Corc Sorosun öz ölkəsində və dünyanın əksər ölkələrində sevilə bilməməsinin qısa səbəbləri bunlardan ibarətdir”.

Müstəqil.Az


Share: