Müstəqil.AZ Təvəkkül Goruslu Məmmədovun şeirlərini təqdim edir:
BAHAR
Ağ duvaqlı gəlin bahar,
Qədəm – qədəm naz gətirir.
Addım – addım gələn bahar,
Xonçasında yaz gətirir.
Çiçəkləri ipəklənir,
Ləçək – ləçək açır, yenə.
Bulaqları köpüklənir,
Dərələrə qaçır, yenə.
Qaranquşu səs – sədalı,
Gah görünür, gah da itir.
Qaratoyuq yaz ədalı,
Səhər tezdən oxur, ötür.
Xəfif- xəfif əsən külək,
Sığal çəkir budaqlara.
Ətir səpir ətək – ətək,
Yanaqlara, dodaqlara.
Sarımtıldı günəş hələ,
Ocağını körükləyir.
Çəkir sağa, çəkir sola,
Buludları hörükləyir.
Səmalarln köksün əzən,
Zirvələrin dumanı var.
Təbiətə verir düzən,
Bahar bilir, zamanı var.
GÜNƏŞLƏ TAPAR
Açdı, bulaqların gözünü dəldi,
Axdı sevinc yaşı yerin üzünə.
Qış getdi, bahar da beləcə gəldi ,
İsindi, torpaq da gəldi özünə.
Dərənin dumanı çəkilmir hələ,
Çöllərin üstünə çəkib yorğanın.
Sellənən dağ çayı çəkdikcə nalə,
Səs – küydən dartılıb qaşı yarğanın!
Buluda bələnib, görünmür günəş,
Torpağın köksünə saçın sərəmmir!
Hələ ki, gücsüzdü, dərəmmir günəş,
Saçına bənövşə, nərgiz hörəmmir!
Çəkib nəfəsini, yatıb marığa,
Külək də dumanı, çəni izləyir.
Yalın ayağıyla möhtac çarığa,
Tanrıdan taxacaq qanad gözləyir!
İlahi, göndər ki, gəlsin günəşi,
Xəfif nəfəsiylə gücsüzdü bahar.
Torpağın sinəsin yaxsın atəşi,
Təbiət xilasın günəşlə tapar!
HƏYAT
Birinin üzünə gülürsə həyat,
Düşünmə o adam sevinc gətirir.
Anla ki, şımarıq, gülüşü boyat,
Dalda da onlarca tale bitirir!
Birinin gözündə ölürsə həyat,
Düşünmə ətrafın qəmə götürür.
Dərdləri içində toplayıb , heyhat,
Yüzlərcə taledən yana ötürür!
Birinə baldırsa, birinə zəhər,
Düşünmə pislikdən zəhr içir adam.
Bal tutan gözündə olmasın gövhər,
Parlayıb, bərq vurub xam seçir adam!
Kasıbın, dərdlinin qəlbinə dəysən,
İradın qayıdar, bükər belini.
Hirs ilə könlünün budağın əysən,
Tanrının qılıncı kəsər əlini!
Özündə , sözündə axtar ki, nöqsan,
Duyanlar kənardan rişxənd etməsin.
Tanrının önündə insan ol insan,
Köçəndə əcr odu ruhun ütməsin!!!
SIĞARSAN
Ümidlə özünə yığışmasan da,
Xəyalla de, nəyi yığarsan, adam?
Özünə, dünyaya sığışmasan da,
Kəlməyə, bir sözə sığarsan, adam!
İnsana əbədi deyilsə həyat,
Tutduğun əməli xeyirlə boyat,
Addımın üsullu düşünüb də at,
Qoyduğun bir izə sığarsan, adam!
Yetişdir kamalın, qalma kalından,
Bəşər ziyan görər şər amalından,
Yığ ki, gözlərini dünya malından,
Arşınlıq bir bezə sığarsan, adam!
“MƏN”İM
Soruşmayın məndən məni,
Məndə deyil indi mənim!
Duya bilsə gendən məni,
Bəlkə onda dindi “mən”im!
Həzm edəmmir yalanları,
Unudammır olanları,
Məndən məni alanları,…
Daşa basın, cindi “mən”im!
İblis yadda, demişkən cin,
Tüğyqn edir küdurət, kin,
Xoruzu yox, toyuğu min,
Üfunətli hindi “mən”im!
Hara gedir getsin indi,
Talanıbdı çoxdan kəndi,
Lap intihar etsin indi,
Kimə lazım indi “mən”im!
Müstəqil.Az