Sosial şəbəkələr “çökdü” – “Facebook” açıqlama yaydı

“İnstagram”, “Facebook” və “WhatsApp” sosial platformalarında problem yaranıb.

Müstəqil.az xəbər verir ki, dünyanın bir çox bölgələrindəki sosial şəbəkə istifadəçiləri bununla bağlı çətinliklə üzləşiblər.

“Downdetector” saytına fikirlərini yazan milyonlarla istifadəçi əsasən foto, video və GİF formatlı faylların yüklənməməsi, saytlara giriş, şəbəkənin itməsi və s. şikayətlərini qeyd ediblər.

Saytdakı məlumatlara görə, problem Bakı vaxtı ilə saat 17:50-dən başlayıb və 5 saata yaxındır davam edir.

Texniki problemlər əsasən, Böyük Britaniya, Fransa, ABŞ, Rusiya, Almaniya və bir sıra digər ölkələrdə müşahidə olunub.

Eyni zamanda Azərbaycanlı istifadəçilər də yuxarıda göstərilən sosial şəbəkələrdə audio və video mesajlar ala bilmədiklərini bildiriblər.

Qeyd edək ki, “WhatsApp” istifadəçilərinin təxminən 91% -i serverə qoşulma, 6% -i saytla bağlı problemlər, 1% -i avtorizasiya haqqında şikayət edib.

“İnstagram” istifadəçilərinin 83%-i “download” problemlərindən şikayətlənirsə, girişlə bağlı 9%, veb saytına girişlə əlaqədar isə 7% əziyyət çəkib.

“Facebook” istifadəçilərinin də 82%-i veb saytına daxil olmaqda çətinlik çəkir, sosial şəbəkəyə çıxışda problem yaşayanlar isə 17%-dir.

Məsələ ilə bağlı “Facebook” rəsmi açıqlama yayıb. “Twitter” sosial şəbəkəsindən #facebookdown haştaqı ilə paylaşım edən şirkət rəhbərliyi məsələnin tezliklə həll olunacağını deyib: “Bəzi insanların foto, video və digər faylları yükləyərkən çətinliklə üzləşdiklərini bilirik. Bu cür halla qarşılaşdığınız üçün təəssüf hissi keçiririk. Ən qısa zamanda hər şeyi normal halına qaytarmaq üçün çalışırıq”.   /Oxu.Az/

Share: