Şou-biznesimizin Nura Suri modeli – Sərdar Amin yazır…

Şou-biznesimizin Nura Suri modeli – Sərdar Amin yazır…

Bizim tənqid məsələsində ilk problemimiz hər şeyi kökündən baltalamağımızdadır. Fundamental ənənəsi olmayan sahələrdə fərdləri, ideyaları mühitlə müqayisə edərək qiymətləndirməyimiz vacibdir. “Böyük Britaniyada belə edirlər”, “Almaniyada belədir”-lə başlayan müqayisələr Azərbaycan üçün effektsiz analogiyalardır. Biz müqayisəni ölkəmizin hüdudları çərçivəsindəki nəsnələr üzərində aparmaq zorundayıq, bir də bizimlə eyni taleni yaşayan, eyni inkişaf və nailiyyətlər dadmış ölkələri özümüzə bab tutub söz deyə bilərik.

Ona görə də biz müğənnilərimizdən Bob Dilan kimi Nobel almaq gözləmirik.Ancaq Azərbaycan himnini bilməyən, Şekspiri bəstəkar sayan, “arvadımın başını kəsərəm” deyən müğənnilərin yağ-bal içində dolanması, böyük uğurlar qazana bilməsi ağrıdıcı məqamdır. Çünki bu nəticə cəmiyyətin diaqnozunu bəlli edir.

Bu qaramatın içində qığılcım görəndə sevinirik; yeni fikirlərə açıq, normal cümlə qura bilən, vətəndaş kimi gərəkli olmağa çalışan, vicdanının közünü sönməyə qoymayan bir şou-biznes adamı tapanda sevinməyimizi yəqin ki, başa düşürsüz.

Nura Suri ilə yaxın tanışlığım yoxdur; bir-iki dəfə eyni efirdə olmuşuq, ola bilsin, tədbirlərdə görüşmüşük, bu qədər… Ancaq onun sosial şəbəkədən gündəlik özünüifadəsindən, efirdəki ictimai məsələlərə münasibətindən hiss olunur ki, içində işıq var. Və bu işığın əsas səbəbini “bədii ədəbiyyatı oxumaqla nə qazanıram?” sualını verənlərin gözünə salmaq istəyirəm.

Bütün cızığından çıxmayan, iflas olmayan məşhurlar kimi Nuranı da xilas edən ilk səbəb elə ədəbiyyatdır. Mütaliə bazasına çox bələd olmasam da, əminəm ki, müəyyən qədər oxumuş adamdır. Sırf bu səbəbdən də, kobud dildə desək, ağzının danışığını bilir.

İngilis futbol klubu “Mançester Yunayted”in bir muzeyi var, orada futbolçulara aid əşyalar, maraqlı eksponatlar yer alıb. Sərgilənən əşyalara baxanda biz orda bombardir olmuş bir futbolçunun 11-ci sinifdə oxuyarkən kimya üzrə Olimpiyada qalibi olduğunu təsdiq edən diplomu, başqa bir futbolçunun 4 cildlik “Hərb və sülh” romanı haqqında mətbuatda dərc edilmiş essesinin surətini görə bilərik. Demək, bu futbolçular başlarını təkcə topa “zollamaq” üçün istifadə etmir. Buna görə də məşhurluq əldə edən kimi bütün cəmiyyət, dünya üçün əhəmiyyətli şəxsiyyətə çevrilirlər.

Yuxarıda “Böyük Britaniya” müqayisəsinin düzgün olmadığını qeyd edib ardınca bu ölkədən sitat gətirməyim əbəs deyil, çünki biz bu gün Mahir Əmrəlidən “Hərb və sülh” haqqında peşəkar esse gözləmirik, sadəcə arzulayırıq ki, Mahir futbolçu olduğu üçün qəlyan çəkməsin, boş vaxtlarının hamısını “qız-gəlin”ə həsr etməsin, vaxtı olanda bir az ictimai proseslərə diqqət etsin. Heç olmasa, bu uzun ömrü ərzində “Səfillər”i bacarmasa da, “Siçanlar və adamlar”ı oxusun.

Bu tozanağın içində Nura Surini əlahiddə adam kimi təqdim etməyim təkcə mütaliəsi ilə bağlı deyil, mütaliəsi ilə nümunə olmağı bacarmasıdır. Nuranın bu çətin reallıqlar içində əndazələrə bələd olması çox şeydən xəbər verir.

Onun ictimai, sosial problemlərə münasibəti Azərbaycan şou-biznes adamı kimi yetərincə effektivdir. Düzdür, son vaxtlar etirazlarından bəlli olduğu kimi postlarını kontekstdən çıxarmağa çalışan cəbhələr də var, amma Nura Suri “millət necə tarac olur olsun, nə işim var?” deyənlərdən deyil. O, heç vaxt fərdi problemi üçün car çəkmir. Lazımı məqamlarda vətəndaş kimi yetərincə vicdanlı etirazlar edir.

Əslində, onun bu etirazları problemli qurumların özü üçün də yararlıdır. Bunu bütün yüksək instansiyalar da dəfələrlə təsdiqləyib. Vətəndaş gördüyü neqativlərə qarşı yerində, sosial şəbəkə, yaxud KİV vasitəsilə etiraz etməlidir.

Düzdür, bu gün Nuradan da artıq vətəndaş mövqeyi sərgiləyənlər var, hətta çoxdur. Lakin nəzərə alaq ki, etirazın effektiv olması üçün ictimai nüfuz, məşhurluq da önəmlidir.

Təəssüf ki, əksər azərbaycanlı məşhurlar onlara bu məşhurluğu qazandıran toplumun səsini öz tribunasından səsləndirmir, köstəbək kimi yuvasının qabağında hərlənib, geri qayıdır, soyuducusunun dolu olması ilə öyünür.

Məşhur aktyor Riçard Gir deyir: “Normal etiketlər o qədər matah olub ki, onlara əməl edənlərə təşəkkür etmək zorunda qalırıq.”

Bəli, şou-biznesdə o qədər anormallıq var ki, bu çarxın içində möhtəşəm nəsə görməyimiz hələ ki inandırıcı deyil, ona görə də normal birini görən kimi təşəkkür edirik.

Təşəkkür edirəm, Nura!

Share: